QMİ Həcc ziyarətini necə təşkil edir?

Azərbaycanda zəvvarların Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanına səfəri başlanıb.

Artıq ilk qrup yola düşüb.  Sonuncu zəvvar qrupu iyunun 22-də yola düşəcək. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Qeyd edək ki, Həcc ziyarəti ilə bağlı sənəd qəbulu martın 17-dən başlayıb. Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur.

Müsəlman xalqların həyatında böyük əhəmiyyət daşıyan Həcc ziyarəti hər il böyük bir coşqu ilə başlanır. Minlərlə azərbaycanlı müsəlman müqəddəs Kəbəni ziyarət edərək hacı titulunu alır.

SSRİ-nin süqutundan sonra ölkəmizdə azad şəkildə Həcc ziyarətinə getmək imkanı yarandı.

Buna qədər Sovet İttifaqında Həcc ziyarətini tam məhdudlaşdırmışdı. Araşdırmalara görə, sovetləşmənin ilk illərində, 1925-1928-ci illərdə Azərbaycandan ildə təxminən 500-600 dindar vətəndaş Məkkə, Kərbəla və Məşhəd şəhərlərindəki müqəddəs yerləri ziyarət etməyə gedərdi. 1930-cu illərin ortalarında isə Azərbaycandan bu yerlərə gedən zəvvarların sayı azalaraq cəmisi 10-15 nəfər təşkil edib.

Bütövlükdə Həcc ziyarəti SSRİ müsəlmanları üçün demək olar ki, əlçatmaz idi. 60 milyonluq müsəlman əhalisinə malik olan SSRİ ildə cəmi 25 nəfəri həcc ziyarətinə icazə verirdi.

Məsələn, 1957-ci ildə Sov.İKP Mərkəzi Komitəsi yanında xaricə səfərlər üzrə Komissiyasının Məkkə ziyarətinə getmək üçün icazə verdiyi 20 nəfərdən yalnız 1 nəfəri Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin namizədi idi.

1960-70-ci illərdə sovet Azərbyacanından Həcc ziyarətinə kimlərin getməsi barədə məlumatlar demək olar ki, yoxdur.

1970-ci illərin sonlarında Həcc ziyarətinə icazə verilmiş zəvvarların tərkibi ciddi şəkildə seçilirdi. Çox vaxt onların əksəriyyətini dini idarələrin əməkdaşları təşkil edirdi.

Azərbaycanda müsəlmanlar üçün  yeni imkanlar SSRİ-də başlanmış yenidənqurma dövründə yaranır.  1990-cı ildə SSRİ ilə Səudiyyə Ərəbistanı arasında 50 il əvvəl pozulmuş diplomatik münasibətlər bərpa olunur. Səudiyyənin xarici işlər naziri, şahzadə Səud Feysəl SSRİ-yə rəsmi səfərə gəlir. Həmin səfər zamanı 1991-ci ilin iyulunda  SSRİ-dən 1000 və daha çox zəvvarın Həcc ziyarətinə buraxmaq barədə rəsmi razılıq əldə olunur.

Bu razılaşmadan bir il əvvəl isə, 21 iyun 1990-cı ildə artıq Şeyxülislam Allahükür Paşazadənin rəhbərliyi ilə  bir qrup zəvvar Məkkəyə getmişdi. İlk dəfə olaraq SSRİ höküməti ilə razılaşdırmadan, Azərbaycan özü zəvvarları Həccə göndərmişdi. Böyük marağa səbəb olan bu ziyarət o dövrün xarici KİV-lərində ciddi təhlil edilmişdi. Həmin səfərdə Şeyx Allahşükür Paşazadəyə isə yalnız yüksək nufuz sahiblərinə və islam liderilərinə göstərilən xüsusi ehtiram nümayiş etdirilir: Şeyx Məkkədə Kəbə evinin içinə daxil olur.

Həmin ildən başlayaraq Azərbaycan mütəmadi şəkildə müqəddəs ziyarətə zəvvar göndərməyə başlayır.

Şeyxin nufuzu sonralar da müqəddəs həcc ziyarətinin təşkil olunmasında mühüm rol oynayıb. Belə ki, 1992-ci ildə Səudiyyə Ərəbistanının keçmiş SSRİ respublikalarındakı 100-lərlə müsəlmanın Məkkəyə  ziyarəti üçün sponsorluq etdiyi ölkələrin siyahısında Azərbaycan da var idi.

Statistik məlumatlara görə, 1990-cı ildə Həcc ziyarətinə getmiş sovet dindarlarının ümumi sayı 1500 nəfərdən bir qədər artıq olub. Bu ildə Azərbaycandan olan zəvvarların sayı 151 nəfər olub.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır. Hər il 2 min nəfər civarında insan müqəddəs ziyarətə getmək üçün sənədlərini təqdim edir. Bu prosesi tənzimləmək üçün QMİ ciddi plan əsasında hərəkət edir.

İlk növbədə Həcc mərazimi bitəndən bir iki ay sonra Səudiyyə növbəti il üçün ziyarətçi kvotasını tələb edir. QMİ bu kvotanı təqdim edərkən gələn il üçün zəruri olacaq bir sıra xərclərin smetasını da hazırlayır. Bura Səudiyyə Krallığında otel nömrlərinin bron edilməsi, təyyarə reysləri ilə bağlı razılıq əldə olunması və bilet haqqının müəyyən edilməsi daxildir.

Həcc ziyarətinin başlanması ərəfəsində səfər proqramının hazırlanması üzərində iş başlanır. Bir sıra məqamlarda əvvəlcədən nəğd ödəniş tələb olunur. Məsələn, zəvvarlar üçün oteldə nömrə bron edilməsi, AZAL-ın təyyarələrinin bilet xərcləri və.s bir sıra vacib işlər həll olunur.

Yeri gəlmişən, Həcc ziyarətinin xərclərinin baha olması barədə səslənən bir sıra rəylərdə  bu məqamlar nəzərə alınmır. Məsələn, zəvvarlar ziyarətə AZAL-ın təyyarələri ilə aparılır. Ölkədə təyyarə biletlərinin qiymətlərindən hamının xəbəri var. Zəvvarlar da bu qiymətlərdən xəbərdar olurlar. Bu baxımdan heç bir dövlət təminatı olmayan QMİ-nin bu xərclərin bir qisminin əvvəlcədən ödənişini təmin etməli olur.

Həcc ziyarəti təyyarə ilə “o baş- bu baş” reysi demək deyil. Zəvvarlar 20 gün Səudiyyə Ərəbistanında qalırlar. Bu zaman zəvvarların təhlükəsizliyi, sağlamlığı və yerləşdirilməsi, hərəkəti təşkil olunmalıdır. QMİ zəvvarlarla birgə həkim qrupunu da Krallığa göndərir. Bundan başqa ziyarət zamanı dünyasını dəyişənlər olur. Məsələn, 2012-ci ildə 3 azərbaycanlı zəvvar Məkkədə vəfat etdi. Qanuna görə, onları Azərbaycana gətirmək olmaz. Vəfat edənlər Ərəbistanda basdırılır. Onların vəfatının sənədləşdirilməsi isə ciddi prosedur qaydaları və uzun vaxt tələb edir.

Odur ki, QMİ Həcc ziyarətinə gedənləri əvvəlcədən məlumatlandırır, hərəkət planını Bakıda bir neçə dəfə zəvvarların iştirakı ilə müzakirə edir. Bundan sonra zəvvar qruplarının yola salınması başlanır.

QMİ tərəfindən aparılan bu proses həm dövlətin təhlükəsizliyi, vətəndaşların rahat aparılmasını təmin edir.

Müsəlmanlar Həcc ziyarətində ən gözəl dualarını edir, öz ölkələrinin rifahı, təhlükəsizliyi üçün Allaha üz tuturlar. Azərbaycan zəvvarları dövlətin güclü olması, azad olunmuş Qarabağ və şanlı ordumuz üçün dua edəcək, qurban kəsəcəklər. Ən uca məqamda ölkəmizin firavanlığı və xoşbəxt, dinc həyatı üçün səslənən bu dualar və diləklər inşallah qəbul olunacaq.

Aydın ABBASOV

 

Əvvəlki məqalə

İranda həbs olunan Fərid Səfərli danışdı –

Sonrakı məqalə

Xızıda sel səbəbindən 24 nəfər köməksiz vəziyyətdə qalıb –