“Qonşu ölkənin səfiri Vəfa Quluzadədən Heydər Əliyevə şikayət etmişdi, betər cavabını aldı” –

Eldar Namazov dostundan yazdı
22 Dekabr 2020 - 11:46
Prezident Heydər Əliyevin sabiq köməkçisi, Prezident Katibliyinin rəhbəri olmuş Eldar Namazov xarici məsələlər üzrə dövlət müşaviri olmuş mərhum Vəfa Quluzadə ilə bağlı  xatirəsini paylaşıb.
Azpost.info yazını oxucularına təqdim edir:
Vəfa Quluzadə haqqında bu esseni yazmağa başlamaq mənim üçün çətin idi, özüm də başa düşmədim ki, niyə. Günlər keçirdi, dostlar tələsdirirdilər, ancaq özümü kökləyib işə başlamaq mümkün olmurdu. Nəhayət başa düşdm ki, məni içəridən dayandıran nədir: Vəfa Quluzadə nadir olan bütöv bir insan idi – yüksək peşəkar, təcrübəli diplomat, öz xalqının və ölkəsinin vətənpərvəri, eyni zamanda çox ziyalı, alicənab, xoşməramlı bir insan idi. Səni narahat edən məsələləri – dünya geosiyasətindən tutmuş hansısa şəxsi xarakterli məsələlərə qədər hər problemi saatlarla onunla müzakirə etmək mümkün idi. Ona görə də əvvəldən başa düşə bilmirdim ki, Vəfa haqqında məhz nələri demək istəyirəm.
O, necə təcrübəli diplomat idi? Bunu hamı bilir. Hansı öncəgörən fikirlər söyləyirdi? Türkiyə-Azərbaycan hərbi ittifaqının vacibliyi barədə, məsələn? Bu barədə də hamı oxuyub, bilir.
Və anladım ki, ən yaxşısı hamının bilmədiyi şeylər haqda yazmaqdır. Daha doğrusu – Dost haqda danışmaq. Çünki belə bir hissi yaşamaq, bu gözəl insanla dostluq etmək hər kəsə nəsib olmayıb.
Biz Heydər Əliyev komandasında çalışarkən Vəfa Quluzadə ilə sıx ünsiyyətə başlamışdıq. O, prezidentin xarici siyasət üzrə müşaviri idi, köməkçi kimi mənə isə prezident xarici siyasət məsələlərini də kurasiya etməyi tapşırmışdı. Ona görə də özünəməxsus prezidentin yanında “işgüzar birlik” formalaşmışdı – biz praktiki olaraq gündəlik rejimdə xarici siyasət məsələlərini müzakirə edirdik, vacib qərarların qəbulu tələb olunduqda isə bu müşavirəyə xarici işlər naziri də qoşulurdu.
Mən hətta bunun necə baş verdiyini xatırlaya bilmirəm, amma qısa bir müddətdən sonra məndə elə bir hiss yaranmışdı ki, sanki Vəfa ilə illərdir tanışıq, uzun illərdir dostluq edirik. Bu, insani münasibətlər baxımından təəccüblü idi – nə o, nə də mən öz qəlbini və hisslərini kənar adama asanlıqla açan insanların sırasına daxil deyildik. Amma Vəfa ilə başqa idi. Hətta prezidentin heç bir tapşırığı, ümumi iş olmasa belə, qəflətən qapı xəbərdarlıqsız açılırdı və kandardan səs gəlirdi: “Elik, salam. Gəldim çay içməyə”. Dərhal otaq yeni xoş ovqata bürünürdü. Bilmirəm, bəlkə də bu, sadə xalq deyimi var “taylı tayın tapdı”, həmin o anlar idi.
Tədricən məlum olurdu ki, biz bir çox məsələlərə eyni cür baxırıq – nəinki xarici siyasət məsələlərində, həm də bizi əhatə edən cəmiyyətdə, insani münasibətlərdə. Bizdən birimizə dəstək lazım olanda bu barədə xahiş və ya işarə etmək gərəkmirdi, hər şey öz-özlüyündən gəlirdi. Yadımdadır, Vəfa Quluzadəyə qonşu ölkələrdən birindən təzyiqlər vardı, bu ölkənin səfiri hətta prezident Heydər Əliyevə Vəfadan şikayət etmişdi. Elə həmin gün mən KİV-ə müsahibə verdim və dostumun mövqeyini dəstəklədiyimi bildirdim. Səfirin kefi çox pozuldu –prezidentə müşavirdən şikayətə getmişdi, köməkçidən daha betərin aldı. Radiostansiyaların birində birbaşa efirdə opponentimlə sərt polemika zamanı gözlənilmədən Vəfa verilişinə telefon edərək opponentimin “dərsini verdi”, onun nə qədər haqlı olmadığını izah etdi.
Əlbəttə, hər bir insan özünə görə unikaldır, əvəzsizdir. Bizim də zövqlər və maraqlarla bağlı bəzi “fikir ayrılıqlarımız” vardı. Məsələn, mən danışırdım ki, bizim gənc şahmatçı nə gözəl oynadı, qazandı və biz Avropa çempionu olduq, o da məni diqqətlə dinləyirdi və cavab verirdi: səhərə qədər yatmadım, ABŞ-dan birbaşa efir gözləyirdim, orada boks üzrə turnirin finalı vardı və məsələni bilən kimi izah edirdi ki, onun sevimlisi son raundda rəqibini nokaut edə bilib. Peşəkar boksun böyük həvəskarı (Vəfa gəncliyində boksla məşğul olub) kimi o, hansısa xarici siyasət məsələləri ilə bağlı mənə tez-tez deyirdi: “Elik, vurmaq lazımdır, rəqib açıldı!». “Yaxşı, ağsaqqal vuracağıq”, mən gülürdüm və bununla bağlı informasiya cavabı hazırlayırdım.
Hətta bizim son görüşümüz də sanki bu dostluğun rekviyemi idi. Müsahibə üçün Turan agentliyinə dəvət olunmuşdum. Gələndə jurnalistlər dedilər ki, sizi burada dostunuz gözləyir. Sən demə, elə həmin gün Vəfa Quluzadə də Turan-a gəlib (o, tez-tez oraya gedirdi, bu agentlikdə onun çoxlu dostu vardı). Biləndə ki, mən müsahibəyə gələcəm, məni gözləmək, söhbət etmək istəyib. Bir az söhbət etdik, onun sözlərində, ya əhval-ruhiyyəsində nəsə məni narahat elədi. Səhhətini soruşdum. Dedi, narahat olma, yüngülvari əhvalsızlıqdır. Təklif elədim ki, onu harasa şəhərdən kənara aparım, daha çox oturaq, eynimiz açılsın. “Həftəsonu, Elik. Bu gün evə gedim dincəlim” dedi. Həftəsonu telefon etdim. Dedi, deyəsən, yağış yağacaq, bir-iki gün gözləyək, hava açılsın. Bir neçə gündən sonra isə qəfil acı xəbər gəldi – Vəfa artıq yoxdur…
Əgər o, böyük diplomat, ölkəmizin dövlət xadimi olmasaydı belə, onun ölümü mənim üçün çox böyük itki olardı. Dost itkisi. Ancaq onun gedişi daha çox ağrıdırdı, çünki biz hamımız – həm ölkə, həm dövlət, həm də onu yaxından tanıyanlar böyük və doğma insanı itirdik.
Dekabrın 10-da Qələbə Paradına baxarkən də bu barədə düşünürdüm… bütün hallarda bu, çox ədalətsizdir, Qarabağda qələbə üçün özünü fəda edən insanlar bu parlaq Qələbə gününü görmədilər.
Allah rəhmət eləsin! Mənə görə Vəfa Quluzadə həmin panteonda, Vətənimizin müdafiəsi uğrunda öz həyatını qurban vermiş şəhidlərimizin yanındadır…
Eldar Namazov
Azərbaycan Prezidentinin katibliyinin sabiq rəhbəri