“Qonşuluqda necə birgə yaşayacağımız haqqında düşünməliyik” –

İlham Əliyev Moskva görüşünün əsas məqamlarını açıqladı
11 Yanvar 2021 - 20:39

“Atəşin dayandırılmasından iki ay keçib. Noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin Moskvada toplanması onu göstərir ki, biz nəticəyə köklənmişik. Bu gün imzalanan bəyanat da bizim niyyətlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair Bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyasının açılmasını nəzərdə tutur”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, Rusiya,Ermənistan liderlərinin Moskva görüşünün nəticələri ilə bağlı mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu elə sahədir ki, regionun inkişafına böyük dinamizm verə bilər və təhlükəsizliyi möhkəmləndirər: “Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşuların maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasına və regionda nəqliyyat arteriyası şəbəkələrinin qurulmasına aktiv qoşulacaqlar”.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, regionun bundan sonrakı dayanıqlı, təhlükəsiz inkişafının təmin olunması üçün bugünkü görüş çox vacib idi: “Biz bundan sonra da tez effekt verə biləcək və nəticələrə hədəflənmiş fəaliyyət sahələrini müəyyənləşdirməyə cəhd etməliyik”.

Prezident vurğulayıb ki, ümumilikdə 9-10 noyabr tarixli Bəyanat uğurla icra olunur: “Bəyanatın bəndlərinin böyük hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı qüvvələri öz işini effektiv yerinə yetirir. İki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmayıb. Bu, əminlik yaradır ki, Vladimir Vladimiroviç Putinin də bir dəfə də dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi arxada qalıb və biz gələcək, qonşuluqda necə birgə yaşayacağımız, nəqliyyat arteriyalarının necə açılması və regional stabilliyin və təhlükəsizliyin möhkəmləndirilməsi haqqında düşünməliyik. Hesab edirəm ki, görüş çox faydalı və məhsuldar oldu”.