“Qorxulu Tehran” və qalib Azərbaycan!

İranın Azərbaycanla münasibətlərinin hərbə-zorba dilinə keçməsi bu dövlətin son 30 ildə ziq-zaqlı siyasətinin daha bir nümunəsidir.

Ötən illərdə İranın isterik davranışları müxtəlif hadisələrə nəzərən özünü büruzə verib. Xəzərin statusundan tutmuş Bakı-Təl-Əviv münasibətlərinə qədər böyük bir vizionu əhatə edən bu isterika Vətən Müharibəsindən sonra özünün çox kəskin və anlaşılmaz məcrasına çıxıb.

Arazboyu ordu düzülüşü hoqqası, Azərbaycanın İsraildə səfirlik açmasına uğursuz reaksiya cəhdinin hədəfləri nədir?

Hədəf Azərbaycanın geostrateji siyasətdə qazandığı uğurlar və əldə etdiyi müttəfiqlərinin parlaq tablosudur.

Tehran başa düşür ki, Qafqaz artıq Rusiya çarları, sovet kommunist rəhbərləri ilə asanlıqa bölüşdürdüyü məkan deyil. Dünyanın yeni geopolitik savaşının mühüm keçidi olan Asiyaya logisitka meydanıdır.

Tehran strateqləri müharibənin “bu dağlara” belə tezliklə çatacağını guman etmirdilər.

Amma sən saydığını say, gör fələk nə sayır.

İran indi sərxoşlar kimi özünü ora-bura çırpır, “günəş altında yer” tələb edir, mifik qırmızı xətlərdən dəm vurur.

1992-ci ildə Şuşaya təminat  verə bilməyən, 1993-cü ildə Azərbaycan torpaqlarının işğalına ABŞ-la eyni mövqeyi sərgiləyən, Moskvanın regiondakı ağalığını öz xeyiri kimi bilən Tehran indi öz ərazi bütövlüyünü qanı bahasına bərpa etmiş Azərbaycandan nə istəyir?

Bakı ötən 25 ildə regionda balanslı siyasəti qonşularla etimada əsaslanan paradiqma üzərində qurub. Bunun üçün hətta bəzən özünün bəzi maraqlarından da keçməli olub.

Tehran bəyəm başa düşmür ki, Xəzərə cüzi bir hissədə çıxışı olan İran məhz Azərbaycanın razılığı ilə bu dəryada pay sahibi edilib?

İran bilmir ki, Bakı Xəzəri üçüncü ölkələrin hərbi və digər fəaliyyəti üçün bağlı elan etməklə ağalar üçün bir centlemen addımı atıb?

İran anlamır ki, Azərbaycan öz ölkəsində İrana qarşı heç vaxt hər hansı bir ölkənin fəaliyyətinə imkan verməyib?

Hələ İranın Azərbaycanla iqtisadi, enerji və logistik əməkdaşlıq layihələrini demirik.

Tehranın Avropaya çıxacaq yolu Bakı deyilmi?

Bölgəni Azərbaycan olmadan “pay-püş” etmək siyasəti sadəcə ürək bulandırır.

44 günlük müharibədən sonra regionun yeni siyasi xəritəsini yazmış Azərbaycan Asiyanı Avropaya aparan yolun sahibinə çevrilib. “Zəngəzur dəhlizi” Bakı üçün beynəlxalq yük daşımalara nəzarətlə yanaşı regionda prosesləri idarə edəcək bir rıçağa çevrilir.

Yəni, İran müxtəlif ölkələrin Fars körfəzinə, oradan da Avropaya daşınan mallarını “Zəngəzur dəhlizi” ilə Ermənistana, oradan da Rusiyaya, Türkiyəyə və Qara dənizə -Avropaya çıxarmalıdır.

Bu yol indiyə qədərki beynəlxalq logistika şərtlərin baxımıdan dəfələrə qısadır.

İran bu malları Azərbaycanın nəzarətində olan, yön verdiyi, siyasi qərar verməyə ixtiyarı olan dəhlizdən keçirəcəksə deməli Bakı ilə dil tapmalıdır.

Azərbaycan prezidentinin qəti mövqeyi Tehranı narahat edir. İran “Avropaya qapı”nın Bakıdan açılmasını istəmir.

Hələ qarşıda Əfqanıstan məsələsi durur. Türkmən qazının Əfqanıstan üzərindən Çinə və Asiyaya aparacaq nəqliyyat yolu planı hazırlanır. Bu yol türkmən qazını Cənub Qaz Dəhlizi ilə Azərbaycandan Avropaya çıxarmağı da özündə ehtiva edir. Bu, İranı yenə oyundan kənar vəziyyətə salmaq təhlükəsi yaradır. Çünki İran türkmən qazı üçün tranzit məkanı olaraq özünün olmasını israr edir.

Bakı bu baxımdan “İran masası”nda platsdarm olmamaq üçün çox ciddi səy göstərir. Tehran isə ciddi və kobud səhvlərə yol verir. “Gərginliyi yaradıb onu idarə etmək” taktikasına söykənməklə İran əslində özünü daha da təcrid edir və Azərbaycanı ona olan münasibəti müəyyən edəcək siyasətə yenidən baxmağa vadar edir.

Bakı biabırçı terror hadisəsindən sonra İranda səfirliyinin fəaliyyətini dayandırmaqla Tehran üçün şok effekti yaratdı. İran siyasi dairələri üçün bu demarş “soyuq duş” oldu. Ənənəvi şərq hiyləgərliyinə söykənən siyasət Bakının praqmatik prinsiplərinə söykənən siyasəti qarşısında çətin vəziyyətə düşüb. Bu günə qədər hadisənin günahkarları tapılmır…Əvəzində Azərbaycanın müttəfiqləri ilə isti əlaqələrinə əsəbi reaksiya, İran dövlət KİV-lərində təhqirlər, əcaib, başı-ayağı bilinməyən “nota” hoqqası…

İran Azərbaycana bu formada təhdid nümayişi ilə guya Rusiyaya, İsrailə, Qərbə özünün prinsipallığını nümayiş etdirməyə çalışır. Amma Cənubi Qafqazda logistika uğrunda geostrateji savaş indi Azərbaycanla dost olmaqdan keçir.

Hamı bunu anlayır.

Tehran isə geopolitik qorxularının qurbanına çevrilib.

X.SƏFƏROĞLU

Azpost.info

 

 

Əvvəlki məqalə

Ağstafada 19 il əvvəl qadını öldürüb basdıran şəxs tutuldu –

Sonrakı məqalə

Blinken Lavrovla Qerşkoviçlə bağlı danışıq aparıb