Qubada karantin qaydalarını pozaraq yeyib-içmək məclisi təşkil edən gənclər saxlanılıb

20 Aprel 2020 - 16:18

Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 5 gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən xəbərə görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələdə rast gəlinməkdədir.

Belə ki, Quba rayonu 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər. Elan edilmiş xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər və burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.