İyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn Ümumi yığıncağı keçirilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Ümumi yığıncağın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan və dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra akademik Ramiz Mehdiyev giriş nitqi ilə çıxış edərək, 2019-cu ildə elm sahəsində bir sıra uğurların əldə edildiyini və dövlət başçısının hər il olduğu kimi, bu il də Azərbaycan elminin inkişafına xüsusi diqqət yetirdiyini, elm sahəsinin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini bildirib. O, ölkə Prezidentinin fərman və sərəncamlarını, tapşırıqlarını rəhbər tutaraq, AMEA-nın uğurla fəaliyyət göstərdiyini bildirib.
Akademik Ramiz Mehdiyev hesabat ilində AMEA-nın ümumi yığıncağında Akademiyanın Rəyasət Heyətinin yeni tərkibinin təsdiq edildiyini, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın qəbul edildiyini, elmimizin yeni prioritet istiqamətlərinin müəyyənləşdirildiyini, Akademiya Nizamnaməsinə bir sıra mühüm əlavə və dəyişikliklər edildiyini diqqətə çatdırıb.
AMEA rəhbəri pandemiya və onun doğurduğu reallıqların bütün dünyada fundamental və tətbiqi elmi tədqiqatların inkişaf etdirilməsi zərurətini bir daha təsdiqlədiyini qeyd edərək, respublikada fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında bir sıra mühüm vəzifələrin dayandığını, rəhbərlik etdiyi qurumda pandemiya ilə mübarizə və postpandemiya dövründə qarşıda duran vəzifələrə dair artıq müvafiq təkliflərin hazırlandığını, konkret vəzifələrin müəyyənləşdirildiyini bildirib. Alim, ilk növbədə, biologiya və tibb elmlərinə diqqətin artırılmasını, xüsusilə də, molekulyar biotexnologiya, mikrobiologiya, immunologiya, virusologiya və infeksion xəstəliklər sahəsində tədqiqatların daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, eləcə də ictimai və humanitar elmlərin qarşısında mühüm vəzifələrin dayandığını, sosiologiya, iqtisadiyyat və digər elmi istiqamətlərin yeni səviyyədə inteqrasiyasına, multidissiplinar tədqiqatların genişləndirilməsinə ciddi ehtiyac olduğunu, ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadi sektorların şaxələndirilməsi, neft və qaz gəlirlərindən asılılığın azaldılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.
Sonra Akademiyanın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov məruzə edib. O, bildirib ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm sahəsi ilə bağlı 40-a yaxın fərman və sərəncam imzalayıb.
Əminağa Sadıqov qeyd edib ki, hesabat ilində AMEA-nın elmi bölmələrinə daxil olan elmi müəssisələrdə 147 problem çərçivəsində 542 mövzu üzrə 1618 elmi tədqiqat işi aparılıb, onlardan 34 iş tətbiq olunub. 159 qrant üzrə işlər davam etdirilib, 36 patent alınıb.
Alim əlavə edib ki, hesabat ilində AMEA-nın elmi müəssisələrində 139 mühüm elmi nəticə əldə olunub. Akademiyanın alimləri tərəfindən 518 kitab, 9431 məqalə və tezis, o cümlədən xaricdə 3107 məqalə və tezis çap etdirilib
Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin müvafiq əmri ilə AMEA-nın magistraturasına 22 ixtisas üzrə 120 nəfər qəbul edilib. 2018/2019-cu tədris ilində 12 ixtisas və 37 ixtisaslaşma üzrə 63 tələbə AMEA-nın magistraturasını bitirib.
Tədbirdə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev Akademiya üzvlərinin elektron poçt vasitəsilə təqdim etdikləri rəy, təklif və səslərini də nəzərə alaraq, qərar layihəsini səsə qoyub. Səsvermənin nəticələrinə əsasən, AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib.
İclasda digər bir sıra elmi-təşkilati məsələlərə də baxılıb. AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin yaradılması, AMEA-nın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.