Reklama ehtiyac duymayan xəbər saytları –İnternet medianın yeni biznes modeli nə vəd edir?

Xaqani SƏFƏROĞLU

Azpost.info internet qəzetinin Baş redaktoru

“Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri

İnternet media bu gün sərhədlərini genişləndirdikcə onun idarəçilik modelləri də dəyişir. Onlayn resursun idarə olunması üçün vacib olan vəsait əldə etmək və pul qazanmaq cəhdləri ənənəvi metodları bir tərəfə ataraq yeni innovativ yanaşmanı ortaya qoyur. 

Bu baxımdan dünyada internet KİV-lərin maddi bazasının yaradılması üçün yeni formalar uğurla sınaqdan çıxarılır. Azərbaycanda sayt rəhbərlərinin bu  təcrübələrlə tanışlığı onlara gələcəkdə onlayn KİV-də reklam “əsiri” olmadan pul qazanmaq imkanı verə bilər. Bu metod isə saytların böyük diqqət yetirdiyi nəhəng istifadəçi ordusudur.

Qeyd edək ki, hazırda saytlar üçün prioritet olan reklam və baxış sayları onlayn KİV-in mövcudluğunu şərtləndirən amildir. Sayt rəhbərləri onlayn medianın “dəhşətli sirlərindən biri” olan səhifələrə baxış və unikal istifadəçilərin sayını uğur kimi qiymətləndirir. Bu göstəricilər onlyan resursun oxucu sayını və nufuzunun göstəricisi sayılır.

Lakin bu istifadəçilərin daim sizin saytı ziyarət edəcəklərinə əmin olmaq olarmı? Qeyd edək ki, qərb təcrübəsində artıq “loyal istifadəçi” adlanan anlayış öz yerini tutmaq üzrədir. Bəs bu ad nəyi ehtiva edir?

Araşdırmalar göstərir ki, istifadəçilərin böyük əksəriyyəti sayta təsadüfən daxil olur və orada bir neçə saniyə dayanırlar. Əgər hətta onlar saytda bundan artıq vaxt  ərzində “otururlarsa” belə əksəriyyəti sayta ayda bir-iki dəfə girir. Odur ki, belə insanları saytın brendində maraqlı olan loyal istifadəçi hesab etmək olmaz.

Loyal istifadəçini şərtləndirən başqa amildir: Bunlar sayta tez-tez daxil olan, orada dayanan adamlardır. Bu istifadəçilər materialları oxuyur və kontentə və saytın təqdim etdiyi digər məhsullara görə pul ödəməyə hazırdırlar. Ancaq ciddi xəbər və informasiya saytları üçün bu istifadəçilər daha maraqlı və əhəmiyyətlidirlər. Belə istifadəçilər özlərini oxuduqları brendin bir hissəsi hesab edir.

Məsələn, “Nyu York Tayms” qəzetinin innovasiya və strategiya üzrə redaktoru Kinsi Uilson internet jurnalisitka ilə bağlı beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, qəzetin onlayn versiyası gəlirin 90 faizini 10 faiz istifadəçidən götürür.  Bu çox mühüm statistikadır. Nəzərə alaq ki, “Nyu York Tayms”ın onlyan versiyasını oxuyan bir milyondan çox abunəçisi var. Ötən il isə bu rəqəm 20 faiz də artıb.

Peşəkar jurnalistika, araşdırma jurnalisitikası ilə məşğul olan naşirlər gəlirlərinin əhəmiyyətli hissəsini istifadəçilərlə etibarlı münasibətlərdən alırlar. Məsələn, ABŞ-ın “Texas Tribun” və “MinnPost” nəşrləri reklam verənlərə və sponsorlara səhifə baxışını göstərən məlumatları vermirlər. Bu redaksiyalar saytın loyal istifadəçiləri ilə birlikdə birgə cəmiyyətə çevrilirlər. Redaksiya onlyan resursa maliyyə xərcləyən öz oxucularını  abunəçi deyi “eyni icmanın üzvləri”, “tərəfdaş” adlandırır və onlara xüsusi güzəştlər verirlər.

Ekspertlərin fikrincə, belə yanaşma ilə araşdırma jurnalisitkası da müəyyən sayda loyal istifadəçilərə söykənərək əhəmiyyətli gəlir əldə edə bilər.

Məsələn, 2013-cü ildə işə başlayan Hollandiyanın  jurnalist platforması olan müstəqli analitik sayt –“De Correspondent” ilk gündən oxucularına vəd verdi ki, onun saytında reklam olmayacaq. Ciddi jurnalist təhqiqatları təklif edən sayt illik abunə ilə maliyyələşir. Sayta illik abunə 66 dollardır. Saytın başlanğıc kraudfandinq kampaniyasına ( ideyanın cəlbediciliyinə maraqlı olan insanlardan toplanan ianə) 20 min insan qoşuldu və nəticədə 1,7 milyon dollar yığıldı. Bu pul sayta 24 əməkdaşı işə götürməyə imkan verdi. Hazırda saytın abunəçilərinin sayı 40 minə çatıb. Onların hər biri 66 dollar ödəyir. Bu ildə 2,6 milyon dollar deməkdir. Saytın əsasını qoyan Ernest Yan Pfausın sözlərinə görə, jurnalisitikada reklama söykənmədən pul qazanmaq və  insanların etimadını əldə etmək mümkündür.

İspaniyanın Eldiario.es müstəqil xəbər saytının təcrübəsi də bu baxımdan maraqlıdır. Saytın baş direktoru İqnasio Eskolar bu saytı 2012-ci ildə yaradıb. Maraqlıdır ki, burda çalışan jurnalistələr saytın sahibi sayılır. Saytın 2015-ci il üçün gəliri 2,6 milyon dollar olub. Bu isə 2014-cü ildəkindən 33 faiz çoxdur. Vergiləri ödədikdən sonra saytın xalis gəliri 235 min dollar olub. Bu pulsuz onlayn resurs 14 min 500 abunəçi hesabına fəaliyyət göstərir. Bu istifadəçilər illik 66 dollar abunə pulu ödəyirlər.

Belə ödəmə onlara digər istifadəçilərdən bir neçə saat əvvəl xəbərlərlə tanış olmaq, reklamdan qaçmaq, endirimlər və tədbirlərə dəvət almaq imkanı yaradır. Mühüm olan odur ki, saytın aylıq 6 milyon oxucuları arasında abunəçilər cəmi 1 faizi təşkil edir.

Onlayn mediada sahibkarlıq uğuru qazanmış digər bir nümunə Malayziyanın “Malaysiakini” saytıdır. 1999-cu ildə yaradılmış bu sayt bir neçə dəfə maliyyə uğurları və uğursuzuqları ilə üzləşib. Sayt hökumətin senzura tətbiq etmək cəhdi ilə mübarizə aparıb. 2014-cü ildə bu onlayın KİV-in oxucuları ayda 9 milyon olub. Sayt illik 40 dollar ödəyən 16 min abunəçi hesabına fəlaiyyət göstərir.

Bu isə onu göstərir ki, o qədər də böyük olmayan, loyal internet auditoriyasından yaxşı gəlir əldə etmək mümkündür. Qalan digər gəlirlər isə reklamdan əldə oluna bilər. Bundan başqa saytlar ayrı-ayrı məqalələrə görə ödənişə, dövlət subsidiyalarına, müxtəif fondların köməyi ilə də gəlir əldə edirlər.

Cəmiyyət, naşirlər, fondlar və hökumət belə jurnalistikanın qiyməti ilə bağlı razılaşmağa vadar olur. Çünki reklamdan istifadə etməklə maliyyələşmə artıq keçmişdə qalır və effektini itirir. Amma hamıya aydındır ki, kimsə ödəməlidir. Odur ki, sayt sahibləri rəhbrərlik etdiyi media resursunun inkişafı üçün məhs bu loyal istifadəçiləri tapmaq və saytın “icmasına” daxil etmək üçün səy göstərirlər. Belə bir təcrübə Azərbaycanın internet KİV- i üçün cazibədar ola bilər. Bizdə də getdikcə onlayn media menecerliyinin yaxşı bazası formalaşmaq üzrədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dağlıq Qarabağın statusu gələcəyin işidir…” –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 236 nəfər COVID-19-dan sağalıb –