Rövşən Əkbərova ittiham aktı elan olunub –General özünü təqsirli bilmədi

Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.

Prokuror ittiham aktını elan edib. İttihama görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib. Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən “Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Bu zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdikləri, onu saymadıqları ilə bağlı etirazını bildirib. Rövşən Əkbərov E. Əliyev və M. Şıxalıyevlə mübahisə edib. Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxaliyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Həmin bıçaqla Elçin Əliyevə xəsarət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib.

İttihama münasibət bildirən Rövşən Əkbərov özünü təqsirli bilmədiyini deyib.

Daha sonra məhkəmədə Rövşən Əkbərova ifadə vermək təklif olunsa da, təqsirləndirilən şəxs hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib. Qeyd edib ki, iş üzrə olan şahidlər ifadə verəndən sonra ifadə verəcək.

Prosesdə zərərçəkən Elçin Əliyevin hüquqi varisi, atası Fədai Əliyev ifadə verib. Hüquqi varis qeyd edib ki, Elçinin ölüm xəbərini hadisə günü, səhər saat 5-də alıb: “Həmin gündən bəri hər günümüzü o gün kimi keçiririk. Həmin gün evimizə yüzlərlə adam gəldi. Cənazənin dalınca özümdə gedəcəyimi bildirdim. Nazim İbrahimov və Səməd adlı dostları dedi ki, özümüz gətirəcəyik. Mən Səmədin Kiyevdəki qardaşı Mədətə zəng elədim. Soruşdum ki, oğlumu kim öldürüb. Səmədin qardaşı mənə dedi ki, Elçini general Rövşən Əkbərov öldürüb. Yasda iştirak edən hamı da bundan xəbərdar oldu. Mən yası yola verən kimi Kiyevə gedib, 3 il bu məsələni araşdırmışam. Səfirliyin işçiləri, kafenin işçiləri hamısı mənə dedi ki, Elçini Rövşən Əkbərov öldürüb”.

Prokurorun suallarını cavablandıran hüquqi varis deyib ki, hadisə ilə bağlı ilkin olaraq Qüdrət Əhmədov saxlanılıb: “Qüdrəti hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. O da oğlumun dostu olub. Qüdrət çölə çıxandan sonra mənə dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və Bakıdan 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd eləyib”.

Proses avqustun 25-də davam etdiriləcək.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Samuxda çoban ferma müdirini öldürüb

Sonrakı məqalə

Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb –