Rövşən Əkbərovun törətdiyi qətlin təfərrüatları məlum oldu –CİNAYƏT İŞİNDƏ VƏZİFƏLİ ADAMLARIN DA ADI KEÇİR

20 il əvvəl Kiyevdə 29 yaşlı azərbaycanlı iş adamı Eıçin Əliyevi qətlə yetirməkdə ittiham olunan məşhur general, Milli Qəhrəman Rövşən Əkbərovun işi üzrə iyulun 30-da məhkəmə istintaqı başlayıb.
Gununsesi.info-nun xəbərinə ğörə, bu il martın 15-dən həbsdə olan generalın işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Həbib Həsənovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.
İttihamda yazılıb ki, 2001-ci ildə Müdafiə Nazirliyi Rövşən Əkbərovu Ukraynaya 95 günlük ezamiyyətə göndərib. Orada olduğu müddətdə – mayın 31-dən iyunun 1-nə keçən gecə saat 3 radələrində Kiyevdəki “Sikora” kafesində birlikdə söhbətləşdikləri vaxt Rövşən Əkbərovla Elçin Əliyev arasında mübahisə düşüb. Həmin vaxt Elçin Əliyevin yanında olan Məzahir Şıxəliyev də mübahisənin şahidi olub. Rövşən Əkbərov onların hər ikisinin ona qarşı hörmətsizlik etdiyini iddia edib. Səs-küy yarandığına görə kafedəkilər onları çölə çıxarıb. Mübahisə kafedən kənarda da davam edib. Qeyd olunur ki, general Məzahir Şıxəliyevi yumruqla vurub, ardınca maşından bıçaq götürüb, Elçin Əliyevi ürəyindən bıçaqlalayaraq, qətlə yetirib. Elçin Əliyev hadisə yerində dünyasını dəyişib. Məzahir Şıxəliyev də artıq vəfat edib. Rövşən Əkbərova qarşı 12.120 (qəsdən adam öldürmə, ölkə hüdudlarından kənarda törədildikdə) və 12.221 (xuliqanlıq, ölkə hüdudlarından kənarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Elçin Əliyevin atası Fəday Əliyev, Məzahir Şıxəliyevin isə qardaşı zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Fəday Əliyev məhkəmədə iştirak etsə də, Şıxəliyevin qardaşı prosesə qatılmayıb.
İttihama münasibət bildirən general özünü təqsirli bilməyib. Lakin o, ifadə verməkdən də imtina edib. Bildirib ki, zərərçəkmişlər və təqsirləndirilənlər dindiriləndən sonra ifadə verəcək: “İttihamın mahiyyəti mənə aydındır. Lakin bu ittihamın mənə aidiyyəti yoxdur. O hadisədən 20 il keçib. Bu 20 ildə çox araşdırma aparılıb, amma mənim bu işə aidiyyətim olmasını təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb. Çünki bu işi mən törətməmişəm. İttihamda mənim bu hadisəni törətməyim haqda yazılanlar sanki film ssenarisidir”.
Daha sonra zərərçəkmişin hüquqi varisi qismində Fəday Əliyev ifadə verib. O bildirib ki, oğlunun Rövşən Əkbərov tərəfindən qətlə yetirildiyini bir çox adamlardan eşidib: “İyunun 1-nə keçən gecə saat 5-də bizə xəbər verdilər. Kiyevə cənazəni gətirməyə özüm getmək istəyirdim. Amma dostları Səməd, Nazim İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri) dedi ki, özümüz gətirəcəyik. Səmədin qardaşı Mədət də Kiyevdə işləyirdi. Ondan soruşdum ki, kim öldürdü? O dedi ki, Rövşən öldürüb. Yası yola verən kimi Kiyevə getdim. Orada istintaqçı kimi 3 il araşdırma aparmışam, səfirliyin işçilərilə, kafedəkilərlə – 50-yə qədər adamla danışmışam. Hamı eyni sözü deyirdi ki, Rövşən öldürüb. Kişi olan kəs elədiyinin arxasından qaçmaz. Öldürübsə, desin ki, öldürmüşəm. Oğlumun günahı olsaydı, mən burada dayanmazdım, qanını halal eləyərdim. Dediklərimdə səhv olsa, məni güllələyin”.
Hadisənin başvermə səbəblərinə gəlincə, zərərçəkmiş bu haqda da danışıb. O, Kiyevdə eşitdiklərinə əsaslanaraq deyib ki, həmin gecə saat 12 radələrində Azərbaycanın Ukraynadakı səfirliyində kabab bişirib yeyiblər, gecə saat 3 radələrində çıxıb gediblər. Elçin Əliyev isə Məzahir Şıxəliyevlə birlikdə yaxınlıqdakı kafeyə gedib: “Elçin səfirliyin yaxınlığında yaşayırdı, Məzahirlə səfirlikdən çıxandan sonra kafeyə pivə içməyə gediblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçin Rövşəni öz oturduqları stola çağırıb. Söhbət əsnasında samovar qaynatmaq məsələsinə görə mübahisə düşüb. Səs-küyə görə kafedəkilər onları çıxarıb. Çöldə Rövşən maşından bıçaq götürüb vurub”. Fəday Əliyev onu da əlavə edib ki, oğlunun ölümünə görə hadisədən sonra Qüdrət Əhmədov adlı şəxs həbs olunub. O, təxminən bir ay həbsdə saxlandıqdan sonra azad edilib. Prokurorluq daha sonra onun barəsindəki cinayət işinə xitam verib. “Qüdrət mənə dedi ki, Rövşən bu işi üstünə götürmək üçün ona 40 min dollar və Bakıdan 3 otaqlı mənzil təklif edib. O isə razılaşmayıb”, – deyə Fəday Əliyev bildirib.
Məhkəmə prosesi avqustun 25-də davam edəcək.
Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub ki, bu cinayət işinin materiallarında bir sıra vəzifəli şəxslərin də adı keçir. Onlar da ötən 20 il ərzində bir neçə dəfə istintaqda dindirilib. Həmin məmurların arasında Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev də var. O dövrdə Azərbaycanın Ukraynada səfiri vəzifəsində çalışan Nazim İbrahimovun Kiyevdə bizneslə məşğul olan Elçin Əliyevlə də, Rövşən Əkbərovla da münasibətləri olub. Orucəli Hacıyev isə həmin vaxt bizneslə məşğul idi. Əldə etdiyimiz məlumata görə, Nazim İbrahimov da, Orucəli Hacıyev də Rövşən Əkbərovun əleyhinə ifadə verərək, Elçin Əliyevi generalın öldürdüyünü deyiblər. Həm nazir müavini, həm də sabiq komitə sədri 2000-ci illərin əvvəlində bir neçə dəfə bu qətl hadisəsilə əlaqədar bir neçə dəfə dindiriliblər. Lakin həmin vaxt verdikləri şahid ifadələrində isə Rövşən Əkbərovun adını çəkməyiblər, Elçin Əliyevin kim tərəfindən öldürüldüyünü bilmədiklərini deyiblər. Nazir müavini bu dəfə dindirilərkən ondan hadisəni Rövşən Əkbərovun törətməsini bildiyi halda, niyə 20 il əvvəlki ifadələrində fərqli danışdığı soruşulub. O isə belə cavab verib: “Mən bütün ifadələrimdə bildiklərimin hamısını demişəm. Amma oxumadan imzaladığıma görə bilmirəm ki, ifadəni yazanlar dediklərimin hamısını qeyd ediblər, yoxsa yox”. 1965-ci il təvəllüdlü Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib. 2020-ci ildə isə ehtiyata buraxılıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirliklərin, digər dövlət qurumlarının nümayəndələri Hadrutda iclas keçirib

Sonrakı məqalə

Türkiyədə meşə yanğınlarında xəsarət alan 352 nəfər evə buraxılıb