Rusiya 50 ildən sonra Aya kosmik raket göndərdi –Buzlu yeri tapmaq mümkün olacaqmı?

Rusiya 50 ildən sonra Aya “Luna-25” planetlərarası avtomatik raketini buraxıb. Bu, 50 ildən sonra ölkə üçün Yerin peykinə ilk ekspedisiyadır. 

Azpost.info bildirir ki, raket Amur vilayətindəki Vostoçnı kosmodromundan buraxılıb. “Soyuz-2.1b” daşıyıcı aparatı “Luna-25” stansiyası ilə birlikdə Fregat blokunu suborbital trayektoriyaya çatdıracaq. Sonra Fregat təxminən 200 km hündürlüyə malik dairəvi orbitə çıxacaq və burada Yer ətrafında təxminən yarım dönmə edəcək. Bundan sonra stansiyanı Aya göndərəcək.

Raketin buraxıldığı andan Luna-25-in ayrılmasına qədər 1 saat 20 dəqiqə keçəcək.

Əgər hər şey plan üzrə getsə, beş gündən sonra stansiya 100 km hündürlükdə Ayın dairəvi yaxın qütb orbitinə daxil olacaq. Burada Cənub qütbünün yaxınlığında optimal eniş yerini seçmək üçün daha üç-yeddi gün sərf edəcək.
Daha sonra minimum 18 km yüksəklikdə elliptik eniş orbiti formalaşacaq. Daha sonra stansiya Ayın Cənub Qütbü bölgəsinə enəcək. Eniş avqustun 21-dən 24-nə kimi nəzərdə tutulub.

Aya endikdən sonra cihaz bir il peyklə işləyəcək.

Aya son missiya SSRİ zamanı baş tutub. Sovet avtomatik stansiyası “Luna-24”  1976-cı ildə buraxılıb. O, Yerə 170 q Ay torpağı çatdırıb. Onu öyrəndikdən sonra alimlər Ayın torpağında çəkiyə görə 0,1% konsentrasiyada su ola biləcəyi iddiasını irəli sürüblər.

Niyə Cənub Qütbü?
“Luna-25” Yer peykinin cənub qütbünə enəcək. Əsas ərazi Boquslavski kraterinin şimalında yerləşir. Daha iki ehtiyat yer var: birincisi Manzini kraterinin cənubunda, ikincisi Pentland-A kraterinin cənubundadır.

Son bir neçə ildir ki, kosmik dövlətlər Ayın qütb bölgəsinə ilk kimin eniş edəcəyi ilə bağlı bir-biri ilə rəqabət aparırlar. əvvəllər hamı yalnız yaxın ekvator zonasına enirdi, çünki bu,yanaşma trayektoriyasının şərtlərinə görə daha əlverişlidir. Cənub qütbünə ilk eniş aparatının statusu uğrunda “Luna-25” aparatı Hindistanın “Çandrayaan-3″ avtomatik planetlərarası stansiyası ilə rəqabət aparacaq. Hindistan artıq peyki kosmosa göndərib. Bu modulun Aya  enişi avqustun 23-24-nə planlaşdırılıb.

“Elm nöqteyi-nəzərindən ən mühüm vəzifə, sadə dillə desək, heç kimin enmədiyi yerdə oturmaqdır. İndi hər kəs qütb bölgələrini hədəfləyir, bu sahə elmi ictimaiyyətdə hər kəsi maraqlandırır. Luna-25 eniş zonasının torpağında buz  əlamətləri var. Bunu orbitdən alınan məlumatlardan görmək olar. Əvvəllər endiyimiz ekvatorial bölgələrdə bu yoxdur”-deyə Rusiya Elmlər Akademiyasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Nüvə Planetologiyası Departamentinin Neytron və Qamma Spektroskopiyası Laboratoriyasının rəhbəri Maksim Litvak bildirib.

Azpost.info

Əvvəlki məqalə

Altı ayda Bakı sakinləri mal və xidmətlərə 19 milyard manat xərcləyib

Sonrakı məqalə

Vərəmə qalib gəl! –