Sevastopolda naməlum şəxslər Rusiyanın Qara dəniz donanmasının 41-ci raket gəmiləri və katerləri briqadasının qərargah rəisinin avtomobilini partladıb, nəticədə o, ölüb.
Azpost.info bildirir ki, bu barədə “Mash” teleqram kanalı xəbər verir.
Nəşrin məlumatına görə, ölən kapitan 1-ci dərəcəli Valeri T-dir. Zabit təxminən 7 gün izlənilib. Əvvəllər avtomobilin altına sürücü tərəfində əldəqayırma partlayıcı quraşdırılıb. Hərbçi avtomobilini Taras Şevçenko küçəsi ilə idarə edərkən bomba uzaqdan işə salınıb.
Təcili yardım xidməti beş dəqiqə ərzində hadisə yerinə gəlib, lakin onu xilas edə bilməyiblər. Zabit aldığı xəsarətlərdən və çoxlu qan itkisindən dünyasını dəyişib. Partlayış zamanı onun hər iki ayağı qopub.
Şəhərin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvozjaev hərbçinin ölümünü təsdiqləyib.
“Partlayışın səbəblərini istintaq orqanları müəyyən etməlidir, lakin açıq-aydın təxribat ehtimalını istisna etmək olmaz”, – o, Telegram kanalında yazıb.
Açıq məlumatlara görə, Rusiya Qara Dəniz Donanmasının 41-ci raket gəmiləri və katerləri briqadasına 47 yaşlı 1-ci dərəcəli kapitan Valeri Trankovski başçılıq edirdi. O, 2022-ci ildə bu birləşmənin komandiri olub.