“Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnunuq” –

Kremlin Ərdoğan və Putinin danışığı barədə açıqlaması
18 Fevral 2021 - 18:15

Kreml Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş telefon danışığına dair məlumat yayıb.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarından irəli gələn razılaşmaların həyata keçirilməsini və regionun sosial-iqtisadi inkişafı naminə birgə səylərin koordinasiyasını müzakirə ediblər.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnunluq ifadə olunub.

Bundan başqa, Rusiya və Türkiyə liderləri koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər, iki ölkə arasında energetika sahəsində birgə böyük layihələrə toxunublar.