Ukraynada müharibə başlandıqdan sonra Türkiyəyə köçmüş ruslar yaşamaq icazəsi almaqda problemlər və maddi sıxıntı səbəbindən Türkiyəni tərk etməyə başlayıblar.
Azpost.info bildirir ki, bu barədə Reuters xəbər verir.
Rusiya vətəndaşları kütləvi şəkildə başqa ölkələrə köçürlər.
Rəsmi statistika göstərir ki, Türkiyədə yaşamaq icazəsi olan rusların sayı 2022-ci ilin sonundakı 154 mindən bu ay 96 minə düşüb. Rusiya kapitallı şirkətlərin sayı da 2022-ci ildəki 140-dan ötən il 68-ə enib.
Reuters agentliyinin ölkəni tərk edən və ya gedənləri tanıyan 9 rusiyalı ilə müsahibələri göstərib ki, gedənlər üçün Serbiya və Monteneqro əsas istiqamətlərdir.
Rusiyalılar Türkiyədə sanksiyalar, aprel ayında 70%-ə çatan yüksək inflyasiya, yaşayış icazələrinin uzadılması, bank xidmətləri ilə bağlı problemlərlə üzləşiblər.
46 yaşlı İT mütəxəssisi Dmitri Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Sankt-Peterburqdan ayrıldığını və ailəsi ilə birlikdə İstanbula köçdüyünü bildirib. Onun yaşayış icazəsi üçün müraciəti rədd edilib, onlar Monteneqroya getməyə məcbur oldular.
Başqa bir rusiyalı, müxalifətlə əlaqələri olan 35 yaşlı Kirill Alekseev cinayət işinə görə Rusiyanı tərk edib. O hesab edir ki, Türkiyədə qalmaq çox bahalaşıb.
Bir çoxları Türkiyədəki bürokratik problemlər və gələcəkləri ilə bağlı qeyri-müəyyənlik səbəbindən ölkəni tərk edir.