Rusiya Xəzər dənizində rəqabətliliyini artırmağı planlaşdırır

24 Aprel 2020 - 12:12

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Həştərxan limanında xüsusi iqtisadi zonanın yaradılmasını təklif edir.

APA-Economics” in məlumatına görə, bu barədə Rusiya mətbuatı Rusiya Federasiyası Hökumətinin müvafiq qətnamə layihəsinə istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən zonanı mövcud “Lotus” xüsusi iqtisadi zona ilə birləşdirərək Xəzər klasterinədək genişləndirmək təklif edilir. Qətnamə layihəsi klasteri Rusiya Xəzər dənizindəki limanlarının, İran, Hindistan, digər Asiya və Afrika ölkələrindən yüklərin cəlb edilməsi zamanı, Qazaxıstan, Azərbaycan və Türkmənistan limanlarına qarşı rəqabətliliyini artırılması məqsədi ilə İqtisadiyyat Nazirliyinin idarəetməsinə verilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Lotus” xüsusi iqtisadi zonası Həştərxan vilayətinin Nərimanov rayonunda min hektara yaxın ərazidə yerləşir. İndi bu zonada ümumi elan edilmiş sərmayəsi 29 milyard rubl olan İran, Azərbaycan, İtaliya şirkətləri daxil olmaqla 15 rezident var.