Rusiyada yeni xarici avtomobillərin ehtiyatları başa çatıb.
Azpost.info xəbər verir ki, “Volkswagen”, “Kia”, “Skoda”, “Citroen”, “Renault” və “Hyundai” şirkətlərinin rəsmi nümayəndəliklərinin saytlarında orta qiymət seqmentində cəmi 313 avtomobilin olduğu bildirilir.
Bütün Rusiyaya 127 “Skoda Rapid”, 93 “Volkswagen Polo”, 48 “Citroen C4” və 45 “Kia Rio” qalıb. Eyni zamanda, “Renault Logan”, Opel Astra və Vectra, eləcə də Hyundai I və II kimi modellər artıq mövcud deyil. “Hyundai”nin rəsmi saytında avtomobil seçmək istəyəndə “bütün avtomobillər satılıb” yazısı görünür.
Rusiya Avtomobil Dilerləri Assosiasiyasından bildiriblər ki, əslində, avtosalonlarda daha az yeni xarici avtomobil var: “Əgər real ehtiyatlardan danışsaq, o zaman hesab minlərlə, yüzlərlə yox, onlarladır. Bəzi markalar, məsələn, “Renault” tamamilə bitib. Saytlarda ehtiyatda olan avtomobillərlə yanaşı, hələ də ölkəyə gətirilməli olan sifarişli avtomobillər də göstərilib”.
Orta qiymət kateqoriyalı xarici avtomobillərin çatışmazlığı nəticəsində onların dəyəri 1,5-2 dəfə artıb. Bütün yeni xarici avtomobillərin qiyməti 1 milyon rubldan çoxdur. Məsələn, bazarda Fresh Auto Kia Rio əsas konfiqurasiyada 1,5 milyon rubla satılır. Baxmayaraq ki, Ukraynada müharibədən əvvəl 910 min rubla başa gəlirdi.
Avtomobil sənayesi üzrə məsləhətçilər deyirlər ki, rusların yerli və Çin avtomobilləri arasında seçim etmək imkanı var: “Əslində indi bazarda yalnız AvtoVAZ modelləri mövcuddur. Həmçinin, bu yaxınlarda Çin Kaiyi E5 sedanlarının satışına başlanılıb. Onun istehsalına ötən ilin sonunda Kalininqrad vilayətində Avtotor zavodunda başlanılıb”.
İran və Hindistan istehsalçıları da Rusiya bazarına daxil olmağı planlaşdırırdılar. Lakin onların perspektivləri qeyri-müəyyən görünür.
Azpost.info