Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Bu gün dərs zamanı Puşkinskaya küçəsində yerləşən 88 saylı məktəbdə atışma başlayıb. Qara kostyumlu naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb”, – mətbuat yazır.
Ölənlər arasında təhsil müəssisəsinin 2 mühafizəçisi, 2 müəllim, o cümlədən yetkinlik yaşına çatmayan 5 uşaq da var.
Ölən və yaralananların dəqiq sayı barədə məlumat dəqiqləşdirilir. Atəş açan şəxs intihar edib.
“Mash” teleqram kanalı yazır ki, bəzi şagirdlər pəncərələrdən tullanmaqla xilas olublar, bəziləri müvafiq xəsarətlər alıblar.
Məktəbdə atışma faktı ilə bağlı Cinayət Məcəlləsinin 105-ci (iki və ya daha çox şəxsi, o cümlədən yetkinlik yaşına çatmayanı və ya başqa bir şəxsi, köməksiz vəziyyətdə olan təqsirkar şəxs üçün bilərəkdən öldürmə, ümumi təhlükəli şəkildə törətmə), 222-ci (qanunsuz olaraq odlu silahın, onların əsas hissələrinin və döyüş sursatlarının əldə edilməsi, verilməsi, saxlanması, daşınması, ötürülməsi və ya aparılması) maddələri üzrə cinayət işi başladılıb.
İş araşdırılmaq üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib.
Hadisə ilə bağlı Udmurtiyada matəm elan edilib. Regionun rəhbəri Aleksandr Breçalov bildirib ki, matəm sentyabrın 29-dək davam edəcək.
Atışma nəticəsində həlak olanların yaxınları üçün “Qaynar xətt” açılıb. Udmurtiyanın paytaxtında bir sıra təhsil müəssisələri bağlanıb. Bir sıra məktəblər isə valideynlərdən övladlarını həmişəkindən tez götürmələrini xahiş edirlər.
Azpost.info



