“Milyarderlərin çoxu müharibənin əleyhinədir, amma danışmağa qorxurlar”- Rusiyalı biznesmen

“Maqnit” şəbəkəsinin təsisçisi Sergey Qalitski və “Evroxim”in qurucusu Andrey Melniçenko da daxil olmaqla bir çox rusiyalı milyarder Ukraynadakı müharibənin əleyhinədir, lakin açıq şəkildə danışmaqdan çəkinirlər”.

Azpost.info xəbər verir ki, bunu rusiyalı biznesmen, “Tinkoff” bankının keçmiş sahibi Oleq Tinkov deyib.

“Bir çoxlarının mənim yolumdan gedəcəyinə əmin idim. Çünki şəxsi söhbətlərdə Melniçenko, Qalitski, Abramoviçin tərəfdaşları – hamısı eyni şeyi deyir. Amma ictimaiyyət qarşısında mən tək danışdım və hamısı qorxdu”, – Tinkov bildirib.

İş adamı bir neçə dəfə onun mövqeyini açıq şəkildə dəstəkləməyə hazırlaşan, lakin cəsarət etməyən Qalitski ilə söhbətlərindən də danışıb: “Qalitski mənə bir neçə dəfə zəng etdi ki, sabah danışacağam, o biri gün danışacam, indi deyəcəyəm… Və sonda mən tək qaldım. Peşman deyiləm, sadəcə onlara yazığım gəlir. Onların hamısı qorxaqdır. Əlbəttə ki, hamısı Putinə nifrət edir və hamısı müharibənin əleyhinədirlər. Ancaq qorxurlar”.

“Forbes”in siyahısında 3,2 milyard dollar sərvəti ilə rusiyalı milyarderlər siyahısında 37-ci yerdə qərarlaşan Qalitski təsis etdiyi “Maqnit”dəki səhmlərinin 29 faizini 2,45 milyard dollara “VTB Bank”a satıb və 2018-ci ildə şirkətdəki bütün postlarını tərk edib. Daha sonra bu payı Rusiya xarici işlər naziri Sergey Lavrovun kürəkəni Aleksandr Vinokurova məxsus olduğu bildirilən “Marathon Group” şirkəti alıb.

Ukraynada müharibə başlayandan sonra “Marathon Group” Aİ-nin sanksiyalarına məruz qalıb. Qalitski sanksiyalardan yayınıb və “Maqnit”in 3 faizinin sahibi olaraq qalıb. Müharibə başlayandan bəri onun sərvəti 300 milyon dollar azalıb.

Şəxsi söhbətlərində Vladimir Putinin siyasəti və Ukraynadakı müharibəni 1,7 milyard dollar sərvəti olan milyarder Fərhad Əhmədov da tənqid edib. 2023-cü ilin martında Əhmədovla musiqi prodüseri İosif Priqojin arasında söhbətin yazısı internetdə yayılıb. Həmin səsyazısında Əhmədov Putini sərt tənqid edərək Rusiya hakimiyyətinin onların və uşaqlarının gələcəyi ilə oynadığını bildirib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Direktorların işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi keçiriləcək