Rusiyada istənilən səviyyədə keçirilən seçki gələcəkdə problemli olacaq.
Bunu Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində politoloq Yekaterina Şulman deyib. O hesab edir ki, hökumət aparatı etirazlara güc vasitəsilə cavab versə də, onun vahid cəbhəsi parçalanıb.
“İctimai ab-havaya, prezidentə və iqtidar partiyalarına inamsızlığa gəldikdə, yeddi il əvvəl başladığımız yerdəyik. Onda sistem həbslər və təzyiqlərə yönəlmiş yeni qanunlar ilə cavab verirdi. Krım və şərqi Ukraynada baş verənlər də, nəticə etibarilə, həmin etirazlara reaksiya idi. İnsanların narazılığı həddindən artıq çox olanda avtokratlar təbliğat və zorakılığa əl atır”, – nəşrin həmsöhbəti bildirib.
Politoloqun sözlərinə görə, bu gün “repressiv aparat daha güclü, daha böyük, daha zəngin və daha effektiv olub”: “İctimai narazılıq iqtisadi durğunluq və çarəsizliklə bəslənir. Eyni zamanda hökumətin təzyiqinə baxmayaraq, vətəndaş cəmiyyəti daha güclü olub. İnsanlar birləşməyin, informasiya və resurs mübadiləsinin, həmçinin bir-birlərini başa düşməyin yollarını tapıblar”.
“Moskvanın siyasi rəhbərliyinin inanılmaz axmaqlığı ucbatından paytaxtda və bütün ölkədə belə bir qarışıqlıq yaranıb. İndi istənilən səviyyədə keçirilən istənilən seçki problemli olacaq, – deyə Şulman qeyd edir. – Və problem Kremlin divarlarına kimi çatır. Kreml isə bunu etiraf etmək istəmir. Şəhər administrasiyasının müvəffəqiyyətsizliyindən sonra Moskvada hakimiyyəti güc strukturları ələ keçirib”.
“İndi güc strutkruları etirazlarla, onlarla birgə seçkilərlə məşğuldur. Yerdə qalan bütün qurumlar, seçki komissiyaları, meriya, məhkəmələr sadəcə əmr alır. Siyasi sistem silahlı blokun xeyrinə tarazlığı əldən verib. Ancaq onlar da vahid qrup şəklində çıxış etmir, bir-birləri ilə mübarizə aparırlar. Güc strukturları fəalları, jurnalistləri, öz fikrini söyləyən hər kəsi susdurur. Lakin onlar bir-birləri ilə daha sərt hərəkət edirlər. Xüsusi xidmət orqanının daxili işlər nazirliyi ilə bir-birinə nifrət etməsi, FTX-nin bir hissəsinin digər hissəsini aradan qaldırmağa çalışması vətəndaş fəallarının həyatını yüngülləşdirmir. Digər tərəfdən, bu cür daxili münaqişələr sayəsində saxta ittihamlardan sonra tez bir zamanda azad edilən jurnalist İvan Qolunovun nümunəsinə oxşar hadisələr baş verir”, – deyə politoloq vurğulayır.
“Biz terrorun gücünü lazımınca qiymətləndirməliyik. Onu deyə bilərəm ki, bu cür terror tədbirləri prezident və siyasi sinfə sevgini geri qaytarmayacaq. Onlar etimadı bərpa etməyəcək, loyallıq yaratmayacaqlar. Amma onlar yeni passivliyə səbəb ola bilərlər”, – deyə Şulman bildirib. (Xpressa)