“Rusiyanı kənarlaşdırsaq tandem dağılacaq” –

“Niyə "qızıl yumurtalayan” toyuğu kəsməliyik?" (TOFİQ ZÜLFÜQAROV)
04 Yanvar 2021 - 15:22

“Ordumuzun qəhrəmanlığı ilə bərabər Türkiyə-Rusiya tandemi, qələbəmizi təmin edən əsas xarici siyasi amil oldu. Əgər bu cütlükdən Rusiyanı kənarlaşdırsaq, o zaman tandem dağılacaq və yeni geosiyasi konfiqurasiyanın yaranmasına səbəb olacaq”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Onun sözlərinə görə, tandem dağılması Rusiyanın Ermənistanı özünün “forpostu” hesab etdiyi modelin bərpası ilə nəticələnə də bilər: “Bizə bu lazımdır? Yoxsa biz praqmatik olmalı və bu tandem çərçivəsində maraqlarımızın təmin olunmasını tələb etməliyik? Hesab edirəm ki, biz bu geosiyasi imkanlar çərçivəsində suverenliyimizin bərpası və yerdə qalan 2% məcburi köçürülmüş insanların öz evlərinə qayıtması uğrunda mübarizəni davam etdirməliyik”.

T.Zülfüqarovun sözlərinə görə,  Azərbaycan uzun illərdən sonra geosiyai konfiqurasiyanı dəyişdirib: “Azərbaycan təcavüzkarı qovmağa, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa etməyə, hətta ermənilərin 1993-cü ildən qeyri-qanuni istifadə etdikləri əraziləri qaytarmağa imkan verməyən bölgədəki geosiyasi konfiqurasiyanı dəyişdirməklə, demək olar ki, qeyri-mümkün olan bir işi reallaşdırdı. Belə olan halda, nəyə görə biz “qızıl yumurtalayan” toyuğu öz əlimizlə kəsməliyik? Nəzərə alaq ki, Türkiyə də bu strategiyaya riayət edir”.