Rusiyanın ən varlı qadınları- “Forbes”in SİYAHISI

“Forbes” Rusiyanın ən varlı qadınlarının siyahısını açıqlayıb.

Azpost.info xəbər verir ki, siyahının lideri “Wildberries”in sahibi Tatyana Bakalçukdur. Onun sərvəti 7 milyard dollardır.

Bakalçuk ikinci dəfədir ki Rusiyanın ən varlı qadınları siyahısına başçılıq edir və onun reytinq lideri kimi mövqeyi sarsılmaz görünür.

İkinci yerdə “Fosaqro” gübrə şirkətinin sahiblərindən biri Tatyana Litvinenko qərarlaşıb. O, təşkilatın səhmlərinin 20 faizindən bir qədər çoxuna sahibdir. Litvinenkonun sərvəti 2,8 milyard dollar dəyərində qiymətləndirilir.

Qadın milyarderlərin reytinqində üçüncü yeri sərvəti 2,5 milyard dollar olan Varvara Skoç tutur. O, USM holdinq şirkətinin 30 faizlik payının sahibidir.

Ən zəngin ruslardan biri Aleksey Mordaşov “Nordgold” qızıl mədən şirkətinin nəzarət paketini övladlarının anası Marina Mordaşovaya verib. Nəticədə Mordaşova 1,85 milyard dollar sərvəti ilə siyahının dördüncüsü olub.

Beşinci yerdə 1,55 milyard dollar sərvətlə “Çerkizovo” qrupunun səhmlərinin 80 faizindən çoxuna nəzarət edən Lidiya Mixaylova qərarlaşıb.

İlk onluğa “Inteco Management” şirkətinin prezidenti Yelena Baturina (1,3 milyard dollar), “Novatek” şirkətinin yaradıcısının qızı Viktoriya Mixelson (1,2 milyard dollar), “Fosaqro” qrupunun qurucusunun həyat yoldaşı Yevgeniya Quryeva (875 milyon dollar), “Lukoil” neft şirkətinin sahiblərindən birinin qızı Yekaterina Fedun (800 milyon dollar) və iş adamı Vladimir Koqanın dul arvadı Lyudmila Koqan (725 milyon dollar) da daxil edilib.

Azpost.info

Əvvəlki məqalə

Son 1 həftədə ölkədə 111 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb

Sonrakı məqalə

İnformasiya təhlükəsizliyi risklərinin reyestri aparılacaq