Rusiyalı aktrisa və teleaparıcı Anastasiya Zavorotnyuk vəfat edib.
53 yaşlı aktrisa bu gecə vəfat edib.
Aktrisanın ölümü ilə bağlı məlumatı TASS-a onun direktoru Stanislav Xristov təsdiqləyib.
O, uzun müddət idi beyin xərçəngindən əziyyət çəkirdi. Bir neçə dəfə əməliyyat olunmuşdu.
Son illərdə onun səhhəti ilə bağlı məlumatlar çox az idi.
2019-cu ilin avqustundan o, teatr tamaşalarında iştirakını dayandırıb. Eyni zamanda mediada aktrisanın xəstəliyi ilə bağlı ilk xəbərlər yayılıb. RİA Novosti-nin məlumatına görə, onun yaxınları sonradan təsdiqləyiblər ki, Zavorotnyuk beyin şişinin ən çox yayılmış və aqressiv forması olan qlioblastomadan müalicə alır.
Shot telegram kanalının məlumatına görə, 2023-cü ilin sonunda aktrisa bahalı müalicə kursu keçsə də, 2024-cü ilin may ayının ortalarında onun vəziyyəti kəskin şəkildə pisləşib.
Xatırladaq ki, Anastasiya Zavorotnyuk 2006-cı ildə Rusiyanın əməkdar artisti adını almışdı. O, “Mənim möhtəşəm dayəm” serialı (2004-2009) ilə populyarlıq qazanmışdı.