“Rusiyanın Ukraynada daha bir il müharibə aparacaq qədər pulu var”- ABŞ kəşfiyyatı

“Rusiya sərt beynəlxalq sanksiyalara baxmayaraq, ən azı bir il Ukraynada hərbi əməliyyatları maliyyələşdirə biləcək”.

Azpost.info xəbər verir ki, bunu “The Washington Post” Pentaqonun internetə sızan məxfi sənədlərinə istinadən yazıb.

ABŞ kəşfiyyatının bu ilin mart ayının əvvəlində açıqladığı hesabatda deyilir ki, Rusiya iqtisadi elitasının heç də bütün üzvləri Kremlin Ukrayna ilə bağlı kursu ilə razı deyil və onların bir çoxu sanksiyalara məruz qalıb.

Bununla belə, onlar çətin ki, Rusiya prezidenti Vladimir Putinə dəstəkdən imtina etsinlər. ABŞ kəşfiyyatına görə, onlar Kremlin Ukraynadakı məqsədlərini müdafiə edəcək və Moskvaya sanksiyalardan yan keçməyə kömək edəcəklər.

Eyni zamanda, Kreml getdikcə daha yüksək korporativ vergilərə, Milli Rifah Fonduna, artan idxala və bizneslərin iqtisadi təzyiqləri azaltmaq üçün yeni şərtlərə uyğunlaşma qabiliyyətinə arxalanır. Lakin sanksiyalar məmurları və hətta xüsusi xidmət orqanlarının nümayəndələrini getdikcə daha çox narahat edir.

Belə ki, ələ keçirilən məlumatlara istinadla ABŞ kəşfiyyatı bildirir ki, Beynəlxalq İnvestisiya Bankı, Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankı və Avrasiya İnvestisiya Bankına məhdudiyyətlər qoyulduqdan sonra maliyyə naziri Anton Siluanov Baş nazir Mixail Mişustindən təşkilatlara dəstək göstərməyi xahiş edib.

Başqa bir məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin rəsmiləri Rusiya banklarında xarici valyutanın olmamasından narahat olublar. Onlar həmçinin hökuməti ikinci dərəcəli sanksiyaların qarşısını almaq üçün Çin tərəfdaşları ilə sövdələşmələri gizli saxlamağa çağırıblar.

ABŞ kəşfiyyatının məlumatına görə, “Vagner”in yaradıcısı Yevgeni Priqojinin əməkdaşları da Çin şirkətləri ilə işlərin dayandırılmasından narahat olublar.

“The Washington Post”a müsahibə verən ekspertlər deyirlər ki, sanksiyaların məqsədi təkcə Rusiya iqtisadiyyatına zərər vermək deyil, həm də Rusiyanı cilovlamaq, Ukraynada müharibəyə görə cəzalandırmaq və siqnal göndərməkdir. Onların sözlərinə görə, ABŞ kəşfiyyatının qiymətləndirməsi Moskvanın döyüş qabiliyyətinə təsir edən digər amilləri, məsələn, sursatların tükənməsi və ya yeni əsgərlərin cəlb edilməsini nəzərə almır.

Azpost.info

Əvvəlki məqalə

Aprelin 30-da 48 mindən çox şagird imtahan verəcək

Sonrakı məqalə

Prezident İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul edib –