Şəhid Əlikram Şahbazlının ailəsinə fərdi ev veriləcək –

Prezidentin aylıq təqaüdü təyin olunacaq (RƏSMİ)
07 Dekabr 2020 - 20:45

“Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şahbazlı Əlikram Novruz oğlunun ailəsinin sosial dəstək tədbirləri ilə əhatə edilməsi üçün müvafiq işlərə başlanıb”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, nazirliyin əməkdaşları Şabran rayon Bor-bor kəndində yaşayan ailə ilə görüşərək, yaşayış vəziyyəti ilə tanış olublar.

Beş nəfərdən (şəhidin atası Şahbazov Novruz, anası Hümbətova İmarət və üç bacısı) ibarət ailənin gələcəkdə fərdi evlə təmin olunması üçün qeydiyyata alınacaq. Hazırda ailəyə ünvanlı sosial yardım ödənilir. Həmçinin şəhid ailəsi kimi ailəyə Prezidentin aylıq təqaüdü, ailə üzvlərinə aylıq müavinət təyin olunacaq. Şəhidin atasının istəyi ilə ona özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə iribuynuzlu heyvandarlıq təsərrüfatı yaradılacaq. Şəhidin anasının isə elə öz kəndlərində işlə təmin olunması nəzərdə tutulur. Şəhidin bir bacısı tələbə, digər iki bacısı isə məktəblidirlər. Ailənin yaşayış vəziyyəti diqqətdə saxlanacaq”, – deyə F. Talıbov vurğulayıb.