“Sərhədi qoruya bilməsək milyonlarla insan Avropaya üz tutacaq” –

Polşanın baş naziri Putini ittiham edib
18 Noyabr 2021 - 13:44

Polşanın Baş naziri Mateuş Moravietsk milyonlarla miqrantın Avropaya axını barədə xəbərdarlıq edib.

Polşanın hökumət başçısı bu barədə “Bild”ə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Belarusla sərhəddə vəziyyət hazırda stabil olsa da təhdidedicidir.

M. Moravietsk bildirib ki, bu miqrantlar Belarus tərəfindən silah kimi istifadə olunur: “Onlar Almaniyaya, Niderlanda və Fransaya getmək istəyirlər. Biz öz sərhədlərimizdə bütün Avropanı müdafiə edirik”.

“Bir şey aydındır: əgər biz minlərlə qanunsuz miqrantı uzaqlaşdıra bilməsək, tezliklə yüz minlərlə, milyonlarla insan Avropaya üz tutacaq. Avropada sərhədlərimizi qətiyyətlə qorumasaq və müdafiə etməsək, Afrikadan və ya Yaxın Şərqdən yüz milyonlarla insan Avropaya, xüsusən də Almaniyaya getməyə çalışacaq. Almaniyada 80 milyondan çox insan yaşayır – daha 50 milyonun gəlməsinə icazə verərdinizmi? Düşünürəm ki, Almaniyada insanlar bundan məmnun olmayacaqlar, çünki onlar öz həyat standartlarını, mədəniyyətlərini saxlamaq istəyirlər”, – Moravietsk vurğulayıb.

NATO-nun və Avropanın problemə müdaxiləsi ilə bağlı sualı cavablandıran Polşanın Baş naziri deyib ki, bunu istisna etmək olmaz. “Lukaşenko və Putin açıq-aydın Qərbi narahat etmək və burada sabitliyi pozmaq strategiyasını yürüdür. Onların başqa nə planlaşdırdıqlarını bilmirik. O da mümkündür ki, sərhəddəki böhran yalnız Putinin Ukraynada hazırladığı yeni hərbi hücumlardan diqqəti yayındırmaq məqsədi daşıyır”, -deyə əlavə edib.

Baş nazir hazırda Belarusda 20 000 miqrantın olduğunu deyib və o, beynəlxalq təzyiqin iş yarayacağına ümid etdiyini bildirib. “Əgər miqrant axını dayanarsa, Aİ bu insanların öz ölklərinə geri dönməsinə də yardım edə bilər”, Baş nazir qeyd edib.(APA)