Səkidə park edilən avtomobil piyadaları yolun ortasına çıxmağa məcbur edir.
Nizami rayonu, Qara Qarayev prospektində səkiyə park edilmiş avtomobil piyadaların həyatını təhlükəyə atır. AzPost xəbər verir ki, sözügedən ərazidə 77-LH-359 dövlət nömrə nişanlı avtomobil səkidə qanunsuz şəkildə saxlanılıb. Nəticədə piyadalar yolun hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalırlar.
Bu cür halların artması və nəzarətsiz qalması piyadaların təhlükəsizliyinə ciddi risk yaradır. Fotoda da göründüyü kimi, insanlar avtomobilə görə səkidən istifadə edə bilmir və yol kənarında, hərəkətdə olan nəqliyyat vasitələrinin arasında yeriməyə məcbur olurlar.
Qanunvericiliyə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə, piyadaların hərəkətinə maneə yaradan və səkidə park edən sürücülər cərimələnə, eyni zamanda, bu kimi hallar avtomobilin cərimə meydançasına aparılması ilə də nəticələnə bilər.
Məsul qurumlar bu cür qayda pozuntularına qarşı nəzarəti gücləndirməli və ictimai təhlükəsizliyə təhdid yaradan hallara qarşı ciddi tədbirlər görməlidirlər.