Tədqiqatçı-alim Şahin Yəhyayevin “Səfəvilərin hakimiyyəti dövrünün (1501–1736) fəqih, filosof, şair, yazıçı və xəttatları (Əqiqi Bəxşayişinin “Məfaxiri-Azərbaycan” əsəri əsasında)” adlı yeni kitabı işıq üzü görüb.
Əqiqi Bəxşayişinin “Məfaxiri-Azərbaycan” əsəri əsasında ərsəyə gətirilən kitabda Səfəvilər səltənəti dövründə Azərbaycan adlı tarixi-coğrafi ərazidə yaşayıb-yaratmış 120 fəqih, filosof, şair, yazıçı və xəttat haqqında dəyərli tarixi-fəlsəfi və ədəbi məlumatlar əksini tapıb.
Qeyd edək ki, kitabın müəllifi Şahin Yəhyayev 1981-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə üzrə bakalavr və magistr təhsili alıb. Müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində, həmçinin Qafqazşünaslıq, Tarix və Etnoqrafiya, eləcə də Şərqşünaslıq institutlarında elmi işçi və məsul vəzifələrdə çalışıb, ali məktəblərdə baş müəllim kimi pedaqoji fəaliyyət göstərib. Ş.Yəhyayev 15-dən çox elmi məqalənin və 10 tərcümə kitabının müəllifidir.