16 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Muğan bölgəsində kooperativ təsərrüfatının yaradılmasına dəstək” layihəsi çərçivəsində Saatlı rayonunun Kamallı kəndində maarifləndirici seminar keçirilib.
Seminarda 18 nəfər kiçik pay torpaq sahibi iştirak edib. Tədbiri layihə rəhbəri Vidadi Quliyev açaraq layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Layihənin eksperti A.Adilov və DAİM-in aqronomu V.Baxşəliyev bildiriblər ki, əsas məqsəd daha çox torpaq əkmək deyil, mövcud torpaq sahələrindən yüksək məhsuldarlıq əldə etməkdir.
Qeyd olundu ki, bunun üçün torpağın düzgün becərilməsi, aqrokimyəvi analizlərin aparılması, iqlimə uyğun toxum seçimi, düzgün suvarma və məhsulun bazara çıxarılması vacibdir.
Vurğulandı ki, kiçik pay torpaq sahiblərinin bu işləri təkbaşına görməsi çətin olduğundan onların kooperativ və kəndli-fermer təsərrüfatlarında birləşməsi mühüm əhəmiyyət daşıyır.
Seminarda 2026–2030-cu illər üçün Dövlət Proqramı barədə məlumat verildi. Bildirildi ki, ən azı 5 hektar sahədə yaradılacaq kooperativ təsərrüfatları istehsal xərclərini azaldacaq, məhsuldarlığı artıracaq və məhsulun bazara çıxış imkanlarını genişləndirəcək.
İştirakçılar torpaq paylarının müxtəlif ərazilərdə yerləşməsinin vahid kooperativ təsərrüfatının yaradılmasını çətinləşdirdiyini bildiriblər. Onlar torpaq paylarının könüllü razılıq əsasında dəyişdirilməsi (konsolidasiya) mexanizminin yaradılmasını təklif edərək, bunun iri kooperativ təsərrüfatlarının formalaşmasına, məhsuldarlığın və kənd əhalisinin gəlirlərinin artmasına töhfə verəcəyini qeyd ediblər.
Sonda iştirakçılar layihəyə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürlərini bildiriblər.







