Sabah Bakıda 16, bölgələrdə isə 18 dərəcə isti olacaq –

HAVA
06 Fevral 2021 - 12:42

Azərbaycanda fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6°, gündüz 12-16° isti, Bakıda gecə 4-6°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, fevralın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Fevralın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında çiskinli, yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 6-11° isti olacağı ehtimal edilir.

Sinoptiklərin xəbərdarlığına görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəzlənəcəyi, saniyədə 15-18, arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.

Xəbərdarlığa əsasən, fevralın 7-dən 8-i səhərədək qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyə olacağı, bəzi yerlərdə arabir 23-25 metrədək güclənəcəyi proqnozlaşdırılır.