Sabiq Baş nazir Pənah Hüseyn:“AXC iqtidarı kadr məsələsində ciddi səhvlər buraxdı” (MÜSAHİBƏ)

Bu il Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 30 ili tamam oldu. AXC İdarə Heyətinin ilk üzvlərindən, sabiq baş nazir Pənah Hüseyn BBC News-ə müsahibəsində o günləri xatırlayıb.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

– 1980-ci illərin sonunda keçmiş SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da totalitar kommunist rejiminə qarşı hərəkat, inqilab dövrü başladı. Bu proses Azərbaycanda da milli müstəqillik uğrunda mübarizə ilə vüsət aldı. Həmin vaxt Dağlıq Qarabağ problemi də meydana çıxmışdı, Ermənistan bizə qarşı iddialarını ortaya qoymuşdu.

Bu üç proses üst-üstə düşdü və hərəkatın daha böyük miqyas qazanmasına səbəb oldu. 1980-ci illərdə meydana çıxan həmin proses hələ əsrin əvvəllərindən başlanan milli azadlıq hərəkatının bir mərhələsi idi. Bu hərəkatın təşkilati forma alması tələbatı yaranmışdı. 1988-ci ilin yayından bu məsələ ətrafında proses getməyə başladı.

O vaxt yaranan qeyri-formal qurumlar, ayrı-ayrı ziyalılarımız, gənclər, tələbələr təşkilatları bu işdə fəallaşdılar.

– Amma təşkilat düz bir il sonra yarandığını elan etdi.

– 1988-ci ildə bunu elan etmək mümkün olmadı. Həmin ilin dekabrında komendant saatı elan edildi, kütləvi həbslər həyata keçirildi. Nəhayət 1989-cu ildə kortəbii hərəkat Xalq Cəbhəsinin yaranması ilə nəticələndi.

Mən 1988-ci ilin əvvəllərində yaranmış “Varlıq” təşkilatının təsisçilərindən, onun proqramını, nizamnaməsini hazırlayan qrupun üzvlərindən idim, koordinator idim. Mənim xatırladığım odur ki, Baltikyanı respublikalarda xalq cəbhələrinin yaranması haqda məlumatlar yayılmışdı.

Səhv etmirəmsə, həmin respublikalardan birində aspirant olan Arif Acalov Estoniya Xalq Cəbhəsinin nizamnaməsini gətirmişdi. “Varlıq” da bu məsələyə girişdi. Bakıda o zaman yaranan qeyri-formal təşkilatlar vardı, “Gənc Bakı Alimlər Klubu” da onlardan idi. Yeri gəlmişkən, o dövrdə SSRİ-də alimlər klubları yaranmaqda idi.  Səhv etmirəmsə, onun ilki Çubays və Qaydayın daxil olduğu “Leninqradlı alimlər” klubu idi.

Bizdə də yaranmışdı, Zərdüşt Əlizadə, Tofiq Qasımov, Leyla Yunus, Sabit Bağırov, Hikmət Hacızadə və digərləri yaratmışdı. Onlar da Xalq Cəbhəsinin yaradılması prosesinə fəal qoşuldular. Bu iki qrup 1989-cu ilin əvvəllərində birləşdilər və Mərkəzi Təşəbbüs Qrupu yaradıldı. Bunun nəticəsi olaraq həmin ilin iyulunda AXC-nin təsis konfransı baş tutdu. Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən proseslər böyüdüyündən avqustdan etibarən yenidən tətillər, mitinqlər başladı. Proses artıq 1988-ci ildən fərqli olaraq konkret AXC tərəfindən idarə olunurdu.

– Təşkilatın qısa zamanda qeydə alınması necə mümkün oldu?

– AXC-nin qeydiyyata alınması ilk mitinqlərin başlıca tələblərindən idi. Təsis konfransında bununla bağlı respublika rəhbərliyinə müraciət də edilmişdi. Bu cür təşkilatların qeydə alınması da qanunvericilik baxımından qeyri-müəyyən idi.

Səhv etmirəmsə, 1932-34-cü illərə dair bir qanun vardı. O qanun əsasında bəzi ictimai təşkilatlar – Qırmızı Xaç, Orduya Yardım, Aviasiyaya Yardım, Üzgüçülər Cəmiyyəti və ya Yanğınsndürməyə Qarşı Mübarizə təşkilatı kimi qurumlar qeydə alınmışdı. Həmin qanun əsasında Xalq Cəbhəsi qeydə alındı.

O zaman təşkilatın nizamnaməsində “respublikada ictimai nəzarət funksiyası” ifadəsi daxil edilmişdi. Həmin məqamın nizamnamədən çıxarılması tələb olundu. Ancaq həmin dövrdə keçirilən kütləvi aksiyaların təzyiqi altında Xalq Cəbhəsinin proqram və nizamnaməsini bu şəkildə qeydə almağa məcbur qaldılar.

Hesab edirəm ki, bu, müasir Azərbaycan tarixinin, siyasi sivilizasiyasının əsas çağırışlarından birinə cəmiyyətin cavabı idi, Azərbaycan cəmiyyətinin ən yüksək mədəniyyətlər səviyyəsində təşkilatlanma, fəaliyyət göstərmə potensialını ortaya qoydu.

 – Belə iddialar var ki, AXC-nin yaranması bir yandan zamanın sifarişiydisə, o biri yandan da hərəkatı idarə etməyə çalışan yuxarıların istəyi idi. Məsələn, Zərdüşt Əlizadənin sözlərinə görə, sonradan o zamankı respublika rəhbərliyi öz adamlarını təşkilata yerləşdirə bildi. Deyilənlərin əsası varmı?

– Əlbəttə, totalitar sovet rejimi, Kommunist Partiyası, hətta Kommunist Partiyası dağılandan sonra post-kommunist nomenklanturasının davamı olan strukturlar, şəxslər bu xalq hərəkatını heç olmasa ümumi hədəflərindən yayındırmağa çalışdılar.

Onlar keçmiş quruluşu, öz hakimiyyətlərini qorumağa cəhd göstərirdilər. Ancaq o dövrü izləsək prosesin obyektiv olaraq öz hədəflərinə doğru getdiyi qənaətinə gəlirik. O baxımdan keçmiş SSRİ-nin dövlət orqanlarının, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının kənara atıldığını görürük. Ayrı-ayrı detallar, şəxslər prosesin məzmununu müəyyən etmir, ortada konkret nəticə, yekun var.

Ona görə deyilənlərlə razılaşmıram. Xalq Cəbhəsi günü bu gündə Azərbaycanın müstəqil dövlət olmasında, hətta indiki avtoritar rejimin siyasi hökmranlığından asılı olmayaraq ideyalar baxımından, ölkənin milli, müstəqil dəyərlərinin əleyhinə addımlar atılmamasında öz dəstəyini göstərir.

 – Siz o zamankı hakimiyyətin müdaxilələrini hiss edirdinizmi?

– O cür böyük hadisələrin fonunda hansısa təhlükəsizlik orqanının, ya başqalarının fəaliyyətinin, ya da “içəri adam yerləşdirilməsi”nin qabardılması düzgün deyil. Daha çox AXC-nin yaradılmasının qarşısını almağa çalışırdılar. 1988-ci ilin noyabrında Sovet İttifaqı Kommunist Partiyasının qurultayında Qorbaçovun (SSRİ Mərkəzi Komitənin baş katibi -red.) “xalq cəbhələri artıq yenidənqurma ideyasına xidmət etmir, milliyyətçi, SSRİ-nin əsaslarını dağıdan, xarici təsirlər altında olan qurumlardır” fikrindən sonra Azərbaycanda da Xalq Cəbhəsinin yaradılması ciddi müqavimətlə üzləşdi.

Baltikyanı respublikaların özündə xalq cəbhələrinə qarşı alternativ qurumlar yaradılırdı. Azərbaycanda da Xalq Cəbhəsi ideyası əngəlləlrlə üzləşirdi. Məsələn, deyirdilər ki, El Cəmiyyəti və ya Qarabağ Komitəsi yaradın. Qarabağ Yardım Komitəsi yaradıldı və təklif olundu ki, gəlin ona rəhbərlik edin. Yəni Xalq Cəbhəsi adında təşkilatın yaradılmasının qarşısını MK rəhbəri Vəzirovdan başlamış bütün səviyyələrdə, bütün imkanlarla almağa çalışırdılar, yəni “başqa adla olsun, başqa proqram və məzmunda olsun” deyirdilər.

Amma AXC-nin yaradılmasının təşəbbüsçüləri, o cümlədən həmin dövrdə təşkilatın rəhbəri olmasa da Əbülfəz Elçibəy qəti mövqe qoydular. Təşkilatın yaradılması isə spontan oldu, təşəbbüs qrupunun iradəsi ilə reallaşdı.

 – AXC yaradılanda başlıca hədəf nə idi? Ərazi bütövlüyünün qorunması, demokratikləşmə, ya müstəqillik?

– O vaxt AXC-nin Təşəbbüs Mərkəzində hazırlanmış nizamnamədə aparıcı ideyalar demokratikləşmə, kommunist totalitar rejimin dağıdılması, siyasi plüralizimin, çoxpartiyalı sistemin yaradılması, Azərbaycanın iqtisadi suverenliyi, vətəndaşların siyasi və iqtisadi təşəbbüslərinin təmin edilməsi idi. Amma nizamnamə və məramnaməni oxuduqda keçmiş kommunist rejiminin dağıdılmasını hədəf seçən ideyalar daha öndə idi. O dövrdə müstəqillik ideyası da, Qarabağ məsələsi də gündəmdə idi.

Ona görə Xalq Cəbhəsinin təsis konfransında sadaladığm məsələlər ətrafında proqram, məramnamə xarakterli qətnamə qəbul edildi. Konfrans çox tələsik keçirilirdi. Azərbaycan Respublikasının dövlət suverenliyi məsələsi haqda qətnamə əvvəlki məramnamə layihəsində əksini tapmasa da, faktiki proqramın tərkib hissəsi kimi qəbul edildi. Qarabağ haqda qətnamə də qəbul olundu. Xalq Cəbhəsinin təsis konfransında qəbul edilmiş məramnamə, proqram deyəndə qətnamələrlə hamısı bir yerdə götürülürdü.

Bu məsələlər əvvəldən gündəmdə idi. “Varlıq” və “Gənc Alimlər Klubu”nun nizamanmə layihələri hələ payızdan müzakirə edilməyə başlamışdı. “Varlıq” tərəfdən mən, digər tərəfdən Hikmət Hacızadə işi aparırdıq. Amma bu layihələri tam razılaşdırmaq mümkün olmamışdı. Bununla belə, hər iki tərəfin layihəsi qəbul edildi. Ümumi məramnamə mətnini təsdiqləmək mümkün olmadı. İndi təhrif edilmiş məlumatlar verilir ki, guya sənəddə yalnız indiki SSRİ-də ümumi yenidənqurma ideologiyasını dəstəkləyən müddəalar əks olunmuşdu.

Bu, yanlışdır. Doğrudur, yenidənqurmanın gətirdiyi bir çox dəyərlər, demokratik prinsiplər, vətəndaş azadlığı, fərdin hüquqları, hüquqi dövlət, vətəndaş cəmiyyəti və s. Xalq Cəbhəsinin məramnaməsində, nizamnaməsində əksini tapmışdı. Bunlar keçmiş SSRİ üçün yeni anlayışlar idi. Qətnamələr şəklində bunları qərarlaşdırdıq. Vaxt yox idi, AXC artıq elan edilməli idi, amma dövlət suverenliyi haqda qətnaməni də qəbul etdik. Həmin qətnaməni Elçibəyin rəhbərliyi altında mən hazırlamışdım, “Varlıq” qrupunun ideyalarına uyğun gəlirdi.

Qətnamədə suveren dövlətə aid 8 prinsip sadalanırdı və deyilirdi ki, bunlar olmadığından Azərbaycan müstəqil deyil. Ona görə Xalq Cəbhəsinin müstəqillik uğrunda mübarizə aparacağı bildirilirdi. Konfransda siyasi məruzəni Əbülfəz bəy etdi və müzakirə zamanı dövlət suverenliyi məsələsinin sənədlərdə daha aydın yazılması tələb olundu. Həmin konfransın protokolu əlyazma şəklində mövcuddur.

Zərdüşt Əlizadə deyir ki, guya dövlət suverenliyi məsələsi gündəmdə olmayıb, ancaq bu doğru deyil. Təşəbbüs Mərkəzi “Varlığ”ın və “Bakı Gənc Alimlər Klubu”nun təqdim etdiyi ideyaların sintezini hazırladı. Biz o zaman optimal model tapdıq. Bəzən ziddiyyətli görünsə də, bəzi ideyaların süni şəkildə birləşdirilməsi amorf təsir bağışlasa da, o dövr üçün mükəmməl variant idi.

 -Pənah bəy, Xalq Cəbhəsinə sədr seçilərkən saxtakarlıqlara yol verildiyi iddia olunur. Belə addımlar mümkün idimi?

– Bunu kim deyir, səhv edir. Bir az kobud səslənməsin, həmin konfransın 194 səslə nümayəndəsi vardı. Konfransın protokolunun əlyazması həm “Varlığ”ın, həm də “Bakı Gənc Alimlər Klubu”nun nümayəndəsində qalır. İki xətlə yazılıb. Saxtalaşdırma mümkün deyildi. 194 nəfərdən 11-i Yusif Səmədoğluna səs vermişdi. Mərhum Səmədoğlu özü də daxil olmaqla qalan bütün nümayəndələr Əbülfəz Elçibəyə səs vermişdilər.

Əbülfəz Elçibəyin sədr seçilməməsi o dövrdə mümkün deyildi. Onun sədrliyini İsa Qəmbər təklif etmişdi, Etibar Məmmədov, Nemət Pənahlı, Rəhim Qazıyev, mən özüm təklif etmişdim. Zərdüşt Əlizadə tərəfindən Yusif müəllimin iradəsi əleyhinə namizədliyi irəli sürüldü. Yusif müəllim 11 səs aldı. Burda subyektiv mülahizələrə yer yoxdur, ortada dəlillər var, konfransın protokolu qalır. Heç kim indiyədək o məsəəni mübahisələndirməyib. Elçibəy milli hərəkatın birmənalı, şəriksiz lideri idi.

AXC-yə qoşulan şəxslərin mütləq əksəriyyəti tərəfindən qəbul olunurdu. Xalq Cəbhəsi də meydana onun lider olduğu təşkilat kimi çıxırdı. Onun sədr, sonra prezident seçilməsi tamamilə həmin dövrün siyasi reallığının nəticəsi idi. Kiminsə sonradan bu haqda danışması özü saxtakarlıqdan, böhtandan başqa bir şey deyil.

Mən bu iddialarla çıxış edən hər bir kəslə diskusiyaya hazıram. Elçibəy sədr seçilməsəydi, Xalq Cəbhəsi də o şəkildə olmazdı, tariximiz də o şəkildə yazılmazdı. O özündə həm demokratik, həm də milli ideyaları birləşdirən siyasətçi oldu. Onun sədr olması tarixi şans idi.

 -Söz Elçibəydən düşmüşkən, hadisələr 1990-cı ilin yanvarına kimi sürətlə inkişaf etsə də, yanvar hadisələri əyləc rolunu oynadı sanki. Burda təşkilatın, onun sədrinin, liderlərinin səhvi vardımı?

– Şübhəsiz ki, burda həm təşkilatın, həm də onun qərar qəbul edən rəhbərliyinin məsuliyyəti vardı. Ayrı-ayrı şəxslərin, qrupların subyektiv yanlışlıqlarının rolu da təkzibedilməzdi. Amma köhnə sistem ciddi şəkildə müqavimət göstərirdi, bu müqavimət tək Kommunist Partiyasının regional, əyalət təşkilatının müqaviməti deyildi, bu, bütünlükdə mərkəzin, SSRİ-nin, onun əsasında duran strukturların, ideologiyanın, sosial psixologiyanın, təhlükəsizlik orqanlarının müqaviməti idi.

Ona görə 1990-cı ildə baş verənlərin də əsas məsuliyyəti həmin qurumların, onları təmsil edən şəxslərin üzərinə düşürdü. Bu vəziyyətdə AXC rəhbərliyinə daxil olan şəxslərin yanlışlıqları, hətta bəlkə cinayətləri araşdırılmalıdır. 1989-cu ilin sonunda Xalq Cəbhəsi hərəkat olaraq, təşkilat olaraq özünün zirvəsini yaşayırdı, eyni zamanda təşkilat rəhbərliyində siyasi böhran mövcud idi. Burda da rəhbərliyə daxil olanların, ayrı-ayrı şəxslərin qruplararası mübarizəsi, liderlik uğrunda davası öz rolunu oynayırdı.

Amma həmin prosesləri təhlil etsək görərik ki, bunlar mərkəzin, keçmiş sistemin müqavimətinin, AXC-nin daxilindəki təbəddülatların nəticəsi idi. Təsadüfi deyil ki, köhnə sistem yeni hərəkata qarşı tanklardan, güllələrdən başqa bir şey qoya bilmədi.

 -Sizcə, Əbülfəz Elçibəy hadisələrin inkişafını önləyə, ya tam nəzarəti əlinə ala bilərdimi?

– Fakt budur ki, o proseslərin, onun nəticəsi olaraq 20 yanvar hadisələrinin Xalq Cəbhəsinin strategiyasının, taktikasının müəyyənləşməsində çox ciddi rolu oldu. Artıq 1990-cı ildən sonra nə Azərbaycan əvvəlki Azərbaycan idi, nə də SSRİ. Xalq Cəbhəsinin sosial bazası fərqli xəttə, kursa üstünlük verdi, bunda da həmin hadisələrin təsiri vardı. Təşkilat artıq yeni mərhələyə daxil oldu.

 -AXC bu hadisələrdən iki il sonra hakimiyyətə gəldi, bu gün də həmin hakimiyyətin yaxşı işləri yada salınır, eyni zamanda qüsurları, çatışmazlıqları da tənqid edilir. Siz özünüz həmin hakimiyyətin fəaliyyətini necə dəyərləndirirsiniz?

– 1993-cü il çevrilişindən sonra Heydər Əliyevin və ümumən 26 illik YAP hakimiyyəti dövründə bir sıra koordinal məsələlər ətrafında – məzmun və formasında müəyyən deformasiyalara baxmayaraq, Azərbaycanın belə deyək, magistral inkişafı məsələlərində, yəni müstəqillik məsələsidir, rus qoşunlarının Azərbaycana qaytarılmamasıdır, Azərbaycanın Orta Asiyaya çevrilməməsidir, bütün bunlar Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinin nəticəsidir.

Hətta AXC hakimiyyətə gəlməsəydi, bu gün ermənilərlə təmas xəttinin harda kəsişəcəyi məlum deyildi, Qarabağ münaqişəsində daha ciddi itkilərlə üzləşə bilərdik. Xalq Cəbhəsi bugünkü Azərbaycanın ən azı bu səviyyədə də olsa varlığını müəyyən etdi. Proses 1993-cü ilin iyunu ilə qurtarmır, əksinə davam edir. İndiki hakimiyyət bu gün də əsas siyasi alternativi kimi 1992-93-cü illərdəki Xalq Cəbhəsi hakimiyyəti dövrünü misal gətirir.

 -Sizcə, yanlışlar olmamışdımı? Məsələn kadr məsələsində?

– Konkret kadr məsələsində ciddi yanlışlıqlara yol verilmişdi. Hesab edirəm ki, dərhal inqilabi yolla bütün kadrlar dəyişdirilməli idi, dərhal seçki keçirilməli idi, dərhal ölkənin siyasi elitası dəyişdirilməli idi. Qüsurlu cəhət bu oldu ki, biz o dövrdəki ultrademokratik təsəvvürlərlə, müəyyən hüquqi legitimlik kompleksləri ilə, açıqcası, köhnə sistemin inqilabi yolla aradan qaldırılması istiqamətində qətiyyətli addımlar, tələb olunan inqilabi addımları atmadıq və ona görə də bu hakimiyyətin ömrü bir il çəkdi.

Əgər dərhal seçki keçirilsəydi, keçmiş kommunist rejimindən qalmış şəxslər dərhal idarəçilikdən uzaqlaşdırılsaydı, yeni hakimiyyətə, yeni sistemə qarşı çıxanlar dərhal zərərsizləşdirilsəydi şübhəsiz ki, hakimiyyətin ömrü bir il olmayacaqdı.

 -Müstəqillik istisna olmaqla, AXC qarşısına qoyduğu hədəfləri reallaşdıra bilmədi. Sizcə, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çox yol gedilməlidir?

– AXC-nin yaradıcılarından olan Hikmət Hacızadənin bir kitabı var: “Demokratiyaya doğru uzun yol”. Azadlıqlar, müstəqillik və demokratiya uğrunda mübarizə daim təkmilləşən, daim inkişafda olan, daim mübarizə tələb edən bir işdir.

Konkret zaman kəsiyində isə artıq Azərbaycan cəmiyyəti yeni bir sistemin, indikindən tamam fərqli bir sistemin, AXC-nin məramnaməsində bəyan olunmuş hüquqi dövlət, vətəndaş cəmiyyəti, insan hüquq və azadlıqlarının prinsiplərinin pəncərəsi ola biləcək bir quruluş üçün tam yetişib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çavuşoğlu:

Sonrakı məqalə

İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü: