Sahibinə qayıdan qiymətli “daşlar” –Qarabağda faydalı qazıntıların perspektivi

Vətən Müharibəsində Azərbaycanın parlaq qələbəsi ölkəmiz üçün zəngin faydalı qazıntılar olan iri yataqların işğaldan azad edilməsi ilə, onların dövlətimizin nəzarəti altına qaytarılması ilə nəticələndi.

Zəngin ehtiyatlara malik bu yataqlar son 30 illik işğal dövründə Ermənistan tərəfindən vəhşicəsinə istismar edilib və dağıdılmışdı.

Azərbaycan hökuməti hələ 1997-ci ilin 21 avqust tarixində “RV İnvestment Group Services LLS” (51 faizi Azərbaycan, 49 faizi ABŞ kapitalı) şirkətilə işğal altındakı Zəngilan və Kəlbəcər rayonları ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Vejnəli yataqlarını da əhatə edən qızıl hasilatı müqaviləsi imzalamışdı. O vaxtdan “RV İnvestment” “GPM Gold” şirkətini adıçəkilən ərazidə keçirdikləri hasilat fəaliyyətlərinin beynəlxalq hüquqi məsuliyyət yaradacağı barədə dəfələrlə xəbərdar etmiş, vəkillər vasitəsilə Ermənistan hökumətinə, ABŞ, Kanada, Böyük Britaniya qurumlarına, BMT-yə müraciət edərək işğal altındakı yataqda hasilatın dayandırılmasını tələb etmişdi.

Açıqlanmış hesabata görə, son 30 ildə işğal dövründə Qarabağdakı ehtiyatlar 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 milyon ton mis, 775 ton sink, 152 min ton kobalt, 2,25 milyon ton xrom, 4 ton civə təşkil edib.

ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, təkcə Cəbrayıl və Zəngilan rayonlarının karbohidrogen ehtiyatları 150 milyon ton neft və 258 milyard kubmetr təbii qaz təşkil edir.

Onlarla erməni və əcnəbi şirkətləri işğal olunmuş Kəlbəcər, Zəngilan, Laçın, Xocavənd və digər rayonlarda 60 faydalı qazıntı yataqlarında qeyri-qanuni əməliyyatlarda iştirak edib.

1993-cü ilədək Zəngilanda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları- 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3  üzlük daşı,  1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün  yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub.

Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd edilir ki, işğal dövründə istismar edilmiş 42 yatağın təftişi və monitorinqi keçirilib və dəymiş ziyan ilkin olaraq qiymətləndirilib.

“Həmin ərazilərdə mövcud olmuş 167 faydalı qazıntı yatağının kadastr işləri aparılıb, işğal dövründə istismar edilmiş 42 yatağın təftişi və monitorinqi keçirilib və dəymiş ziyan ilkin olaraq qiymətləndirilib. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları üzrə 49 qeyri-filiz və inşaat materialları yataqlarının təftişi başa çatdırılıb, Kəlbəcər rayonu ərazisində Tutqun qızıl təzahüründə geoloji axtarış işlərinə başlanılıb, Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı sahələri üzrə geoloji və geofiziki işlər aparılıb”-deyə rəsmi hesabtda vurğulanır.

Hazırda azad edilmiş ərazilərə qayıdış həm də bu yataqların yenidən ölkəmiz üçün istifadəsinə imkan verir. Bu gün ölkəmiz üçün mühüm olan hadisələrdən biri Qarabağın azad edilmiş ərazilərində mis,qızıl, digər faydalı yataqların işlənməsidir.

Real sosial-iqtisadi və siyasi dəyişikliklər bizi geoloji kəşfiyyat işlərinin strateji planı və prioritetlərində bir sıra ciddi düzəlişlər etməyə məcbur edib. Bura işğaldan azad edilmiş regionlarımızda zəngin faydalı qazıntı yataqları, yeraltı su ehtiyatlarının axtarışı daxildir. Əsas prioritet işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının kəşf edilməsi, monitorinqi, yenidən qiymətləndirilməsi və xalqımızın istifadəsinə verilməsi olacaq.

Kəlbəcər rayonu ərazisində kəşf olunan faydalı qazıntı yataqların istismarı ön plandadır.

Bu istiqamətdə Söyüdlü, Qızılbulaq və Vejnəli yataqlarının operatoru olan Anglo Asian Mining şirkəti öz işini fəallaşdırıb.

Şirkətin icraçı direktoru Rza Vəziri bəyan edib ki, onlar bu 3 müqavilənin potensialını tam olaraq qiymətləndirəcək. Erməni işğalı zamanı hər 3 müqavilə sahəsi qeyri-qanuni olaraq minalanıb. Hazırda yataqların bərpası və təmiri üçün böyük investisiyalar tələb edilir.

Əlvan və qiymətli metallar Kəlbəcərin “Ağduzdağ” yatağında, Qaşqaçay, Elbəydaşda çıxarılacaq. Bu yataqlar istismar üçün Türkiyənin Eti Bakır və Artvin Meden şirkətlərinə həvalə edilib.

Burada hər tona 6,72 qram qızıl əldə ediləcək. Ekspertlərin ilkin hesablamalarına görə, azad edilmiş ərazilərdə 132 ton həcmdə qiymətli metal ehtiyatı olan 5 böyük yataq var.

Öz növbəsində AzerGold şirkəti də 2025-ci ilə qədərki dövrdə Qarabağ zonasında – Oruclu, Başlıbel, Xanlanlı, Əsrikdə qızıl yataqlarında geoloji –axtarış işlərinə başladağını açıqlayıb.

Bu ərazilər ilk növbədə minalardan təmizlənməlidir.

Vətən Müharibəsi nəticəsində azad edilmiş daha bir yataq Kəlbəcərin cənub-şərq hissəsində yerləşən “Ağduzdağ” yatağıdır. Bu yataq 100 qızıl –kvars, kvars-karbonat hissəcikləridən ibarətdir. “Ağduzdağ” yatağı iki kateqoriyaya- tam qızıl və 35-40 faiz gümüş təşkil “elektrum”a bölünür.

Murovdağda yerləşən “Elbaydaş” və “Qaşqaçay” mis-polmetal yataqları bu baxımdan qiymətli yataqlardır.

Kəlbəcər rayonunun Ermənistanla sərhədində yerləşən və hazırda fəaliyyətini dayandırmış Söyüdlü (Zod) qızıl yatağı 1976-cı ildən istismar olunub və Ermənistan tərəfindən işğal edilənədək burada 27 tondan artıq qızıl hasil olunmuşdu.

Kəlbəcər rayonunda olan filiz və qeyri-filiz faydalı qazıntı yataqları araşdırılıb və öyrənilib. Kəlbəcərdə ehtiyatları hesablanan və ehtiyatlar komissiyasının balansına daxil olunmuş 34, Laçında 40, Zəngilanda 11, Qubadlıda 11, Cəbrayılda 26, Füzulidə 6, Ağdamda 15 faydalı qazıntı yatağı var.

Zəngilan rayonunun “Vejnəli” yatağında da ilkin kəşfiyyat və qiymətləndirmə işlərinə başlanılıb. Bu mərhələnin növbəti 6 ay ərzində tamamlanması gözlənilir. Daha sonra “Vejnəli” qızıl yatağında hasilata başlamaq mümkün olacaq. “Vejnəli” ehtiyatının həcminə görə seçilən yataqlardandır. Yataq həm də mis və digər təbii ehtiyatların istehsalına imkan verəcək.

“Vejnəli” yatağının əhəmiyyəti barədə danışan deputat Vüqar Bayramov bildirib ki, “Vejnəli” yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondur: “Bu qiymətləndirmə işğaldan əvvəl, yəni keçmiş SSRİ dövründə aparılıb. Müasir texnologiya ilə həmin yataqlardan daha çox qızıl hasil edilməsi mümkündür. Lakin 27 illik işğal müddəti yataqların işğalçı ölkə tərəfindən istismar olunmasına, eləcə də erməni əsilli iş adamları tərəfindən təbii sərvətlərin mənimsənilməsinə gətirib çıxarıb.

Şərqi Zəngəzur iqtisadi rayonunda qızıl istehsalının bərpa edilməsi və genişləndirilməsi Azərbaycanda yeni emal sənayesinin formalaşmasına imkan verəcək. Çünki həmin yataqda hasil ediləcək qızılın bir qismi emal olunacaq və daxili bazara çıxarılacaq. Bu həm də valyuta ehtiyatlarımızın artmasına təsir göstərəcək. Bazara yerli istehsal qızıl məmulatlarının çıxarılacağı gözlənilir. Bu da yaxın zamanlarda reallaşacaq. O baxımdan Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycandan qızıla olan tələbatın ödənilməsində xüsusi paya malik olacaq”.

Qeyd edək ki, Zəngilan rayonu ərazisində yerləşən və tərkibində qızıl olan bu yataq kvars-qızıl-sulfid tərkibli geoloji-sənaye tipli quyulara aiddir. Yataqda 25 qızıl tərkibli kvars quyusu zonası tədqiq edilib, 14, 15, 16, 19, 21 və 24 zonaları üçün C + C2 kateqoriyaları üzrə ehtiyatlar hesablanıb.

“Vejnəli” yatağı 1959-1962-ci illərdə kəşf edilib, geoloji kəşfiyyat işləri 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə həyata keçirilib.

Yataq 1984-cü ildə Resurslar üzrə Komissiya tərəfindən qeydiyyata alınıb və Azərbaycan Respublikasının Dövlət mineral resurslar balansına daxil edilib. Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183 000 ton, qızıl 2169 ton, C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4347 ton. C1 kateqoriyasına aid gümüş – 0,19 ton; C2 kateqoriyasına aid gümüş – 9,9 ton. C1 kateqoriyasına aid mis – 9,2 min ton, C2 kateqoriyasına aid mis – 2800 tondur.

Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaq.

Azad edimiş ərazilər Qarabağın faydalı qazıntılarla zəngin olan böyük yataqlarına nəzarəti bərpa etmək imkanı verib.

V.ABBAS

Yazı  MEDİA-nın maliyyə dəstəyi ilə” işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.

 

Əvvəlki məqalə

“Müharibənin nə vaxt və necə bitəcəyini heç kim bilmir” –

Sonrakı məqalə

Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb