Salvan Momika yenə “Quran” yandıracağını bəyan edib

Stokholmda məscidin yanında “Quran”ın surətini yandıran Salvan Momika İsveç KİV-lərinə oxşar aksiyanı növbəti 10 gün ərzində keçirmək barədə niyyətini bəyan edib.

AZƏRTAC xəbər verir ki, etiraz aksiyasının keçirilməsi üçün İsveç polisindən icazə alan 37 yaşlı iraqlı miqrant Salvan Momika polisin müşayiətilə “Quran”ın səhifələrini cırıb, sonra həmin səhifələrlə ayaqqabısını silib, daha sonra kitabın bir neçə səhifəsini İsveç paytaxtının ən böyük məscidinin qarşısında yandırıb.

Qurban bayramının başlanması və Səudiyyə Ərəbistanının Məkkə şəhərinə illik ziyarətin başa çatması ilə üst-üstə düşən bu aksiya müsəlman dünyasının bir çox ölkəsində və onun hüdudlarından kənarda qəzəb doğurub.

Momika “Expressen” qəzetinə müsahibəsində əməlinin reaksiya verəcəyini və ünvanına hədələr alacağını bildiyini vurğulayıb. Bununla belə o, yaxın həftələrdə oxşar aksiyalar keçirməyi planlaşdırdığını bildirib. “Mən Stokholmda, İraq səfirliyi qarşısında yaxın 10 gün ərzində İraq bayrağını və “Quran”ı yandıracağam”, – deyə o, bəyan edib.

Qeyd edək ki, İsveç polisi söz azadlığının müdafiəsinə zəmanət verən İsveç qanunvericiliyinə uyğun olaraq, aksiyanın keçirilməsinə icazə verib. Lakin nəticədə hüquq-mühafizə orqanları Salvan Momikaya münasibətdə “etnik qrup əleyhinə təbliğat” maddəsi ilə təhqiqata başlandığını bəyan edib.

Əvvəlki məqalə

“İrana qarşı tutduğumuz mövqedə heç nə dəyişməyib” –

Sonrakı məqalə

Astarada dənizdə boğulmaqda olan üç nəfər xilas edilib –