“Satışda olan saxta siqaret və alkoqol Azərbaycanda istehsal edilir” –Komitə sədri "əlimizdə ciddi faktlar var" dedi

“Saxta siqaret və alkoqol artıq ölkəyə kənardan gətirilmir, bu məhsullar Azərbaycanın özündə, zirzəmilərdə istehsal edilir”.

Azpost.info bildirir ki, bu sözləri Haqqın.az-a müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qaçaqmal yolu ilə ölkəyə gətirilən saxta məhsullarla bağlı danışarkən bildirib: “Və biz bunu bilirik.  Əlimizdə ciddi faktlar var.  Azərbaycanda, zirzəmilərdə saxta alkoqol – viski, araq, konyak istehsal olunur…  Biz bununla mübarizəni davam etdiririk, bir neçə cinayətkar şəbəkəni zərərsizləşdirməyə müvəffəq olmuşuq”.

Komitə sədrinin sözlərinə görə, qaçaqmalçılıq fəaliyyətinin mövcudluğunu heç kim inkar etmir: “Biz hər il ölkəyə qaçaqmal yolu ilə və saxta məhsulların daxil olmasının qarşısını alırıq.  Bəzən tütün məmulatları ilə dolu yük maşınlarını saxlayırıq. Yeri gəlmişkən, ötən il ölkəyə qanunsuz yolla gətirilərkən müsadirə etdiyimiz bütün tütün məmulatlarını və dərman preparatlarını hərbçilərimizin ehtiyaclarının ödənməsi üçün Müdafiə nazirliyinə təhvil vermişik”.

S.Mehdiyev vurğulayıb ki, siqaret, alkoqol, dərman və qızıl məmulatlarının qaçaqmalçılığı ilə mübarizə bütün dünyada gedir: “Bizi daha çox dəniz yolu ilə qaçaqmalçılıq narahat edir.  Mütəmadi olaraq balıqçı gəmilərində Azərbaycana adı çəkilən malların qanunsuz gətirilməsinə cəhdlər olur.  Bu yaxınlarda DTX və Dövlət Sərhəd Xidməti ilə birlikdə Xəzərdə xüsusi əməliyyat keçirmişik, qaçaqmalçılıq kanallarını müəyyənləşdirmişik. Qaçaqmalçılar da dinc durmurlar, malların çatdırılmasının yeni yollarını və üsullarını axtarırlar.

Tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycana gətirilən mallar gömrük skanerlərinin köməyi ilə yoxlanılır.  Son nümunələrdən biri:  Yeni il ərəfəsində qanunsuz yolla ölkəyə gətirilməsinə cəhd olunan pirotexnika aşkarladıq.  Bəzən qanunsuz daşınmanın bənzərsiz hiyləgər nümunələri ilə rastlaşırıq.  Təsəvvür edin, qaçaqmalçılar avtomobilin hava süzgəcində 18 kq. qızıl gizlətməyə çalışıblar!”-deyə sədr vurğulayıb.

Onun sözlərinə görə, fiskal orqanlarının hamısı – gömrük komitəsi, vergi xidməti, həmçinin hüquq-mühafizə orqanları ticarətdə qaçaqmalçılıqla mübarizə aparır: “Qaçaqmalçılıqla mübarizədə Azərbaycan ən yaxşı göstəricilərdən birini nümayiş etdirir.  Ölkəyə gətirilən alkoqol məhsullarının və tütün məmulatlarının cəmisi 2%-i qaçaqmalçıların payına düşür.  Bu, cüzi rəqəmdir! Və sevindirici faktdır!”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir