Şeyxülislam katolikos Qareginə hansı xəbərdarlığı etdi?

Erməni katolikosu Qareginin Qarabağa özbaşına səfəri 44 günlük müharibədən sonra regionda çox həssas olan vəziyyəti gərginləşdirən bir məqam oldu.

Müharibədən sonra ilk dəfə Qarabağa gələn katolikos din xadiminin missiyası sayılan humanizm və uca yaradanın tələb etdiyi sülh mesajını verməkdənsə “odun üstünə yağ tökməyə” üstünlük verdi.

“Erməni Apostol Kilsəsi Qarabağ xalqının mübarizəsini dəstəkləyir”-deyə bəyanat verən baş keşiş üstəlik separatçı qrupun silahlı tör-töküntüsü qarşısında militarist bəyanat verməkdən də utanmayıb. Qaregin “Arsax dövlətinin saxlanması və möhkəmlənməsi” üçün bu “ordunu” “dövlətçiliyin yeganə mühafizəçisi” adlandırıb.

ABŞ-a səfərindən sonra katolikos Qareginin Qarabağda peyda olması özlüyündə maraqlı məqamdır. Azərbaycan və Ermənistanın hazırda vasitəçi səyləri ilə sülh danışıqlarının prioritetlərini axtardığı bir zamanda erməni kilsəsinin bu addımı təxribatdan savayı bir şey deyil.

Münaqişənin yaranmasında “töhfələri” danılmaz olan Apostol kilsəsi son 100 ildə iki xalqın düşmən olmasında mühüm rol oynayıb. Əslində Tanrının sözlərini deməli olan kilsə Azərbaycan xalqına nifrətin təbliğində iştirak edib və bu düşmənçiliyin körüklənməsində biabırçı rol oynayıb.

Bütün bunların fonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin son bəyanatı erməni keşişinə sərt cavab sayıla bilər. QMİ-sədrinin bu bəyanatı eyni zamanda siyasi mesaj daşımaqla bu illər ərzində din xadimlərinin sülhə çağırışlarının hansı tərəfdən əngəlləndiyini nümayiş etdirdi.

Erməni katolikosu II Qareginin Xankəndiyə səfər etməsi və bu zaman onun tərəfindən revanşist bəyanatların səsləndirilməsi böyük təəssüf doğurur”-deyə bəyanatında vurğulayan Şeyxülislam katolikosun militarist ritorikasını və davranışını pisləyib.

“Dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, müqəddəs amallar olan barış və əmin-amanlığa xidmət etməlidir”-deyən Şeyx eyni zamanda Qareginin bu addımı ilə bölgəmizdə hadisələri xoşagəlməz istiqamətə yönləndirilməsi ilə bağlı xəbərdarlıq edib və belə cəhdlərin yolverilməz olduğunu vurğulayıb.

Qarabağ münaqişəsinin başlandığı 30 il ərzində QMİ daim xalqlar arasında ədavətin əleyhinə çıxış edib və avanturist siyasətçilərin girovuna çevrilmiş erməni xalqını bu tələyə düşməməyə çağırıb.

İlk günlər münaqişəyə dini çalar verməyə cəhd edən erməni kilsəsi “əzab çəkən məzlum xristianların müdafiəsi” üçün dünyaya müraciəti Azərbaycan üçün ciddi sınaq oldu. Ateist SSRİ-nin qapalı çevrəsində olan Azərbaycanın xariclə məhdud əlaqələri Ermənistanın dini savaş çağırışlarına qarşı yeni platformanın qurulmasını tələb edirdi.

Bu rolu Qafqaz Müsəlmanları İdarəsi öz üzərinə götürdü. Dünyanın nufuzlu din xadimlərinə davamlı müraciətində Şeyxülislam Allahşükür Paşazadə Qarabağ münaqişəsinin dini deyil, ərazi savaşı olduğunu bəyan etdi.

Azərbaycan və Ermənistan dini liderlərinin 1993-cü ildə baş tutan  görüşündə katalikos 1-ci Vazgen  Qarabağ münaqişəsinin dini motiv daşımadığını bəyan etdi.

Aparılan ardıcıl işin sayəsində Ermənistanın bu cəhdi iflasa uğradı, dünya Qarabağ münaqişəsini xristian-müsəlman savaşı kimi qəbul etmədi. İki xalqı düşmən edən erməni kilsəsinin bu savaşı dini zəmində elan etməyə cürəti çatmadı.

Elə o zamandan QMİ-nin bu nailyyəti danışıqların aparıcı prioritetinə çevrildi.

Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə 1990- 2000-cillərdə aparılan görüşlər zamanı QMİ sədri münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc həllinin mümkünlüyünü bildirib.

26 aprel 2010-cu ildə İlk dəfə olaraq Allahşükür Paşazadə tərəfindən Azərbaycana dəvət edilən katalikos Qaregin Bakıda keçirlən dini liderlərin Ümumdünya sammitində çıxşı zamanı etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə altına saldığını etiraf etmək məcburiyyətində qaldı. Öz çıxışında katolikos Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səylərin davam etdiriləcəyini bəyan edib.

Sammit çərçivəsində katalikos Qaregin, şeyxülislam Allahşükür Paşazadə və Rusiya Patriarxı Kirill arasında keçirilən üçtərəfli görüşün yekun bəyanatında katolikos problemin sülh yolu ilə həllinin vacibliyini qeyd edir və bu istiqamətdə öz səylərini davam etdirəcəyini vəd edirdi.

Azərbaycanın apardığı ciddi siyasi fəaliyyət nəticəsində 2000-ci ilin birinci onillyində erməni kilsəsi beynəlxalq platformada münaqişə ilə mövqelərini itirməyə başladı.

2014-cü ilin avqustunda katolikos 2-ci Qaregin Şeyxulislama göndərdiyi məktubunda “Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur”- yazmağa məcbur olmuşdu.

Dini liderlərin 2017-ci ilin sentyabrında Moskvada baş tutmuş son görüşündə Şeyxulilslam Qareginə bildirdi ki, “dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”.

Bütün bunların fonunda Apostol Kilsəsinin Bakıda 2019-ci ildə keçirilmiş dünya dini liderlərinin 2-ci sammitinə qatılmaması riyakar xislətinin bir daha nümayişi oldu.

Ermənistan belə mötəbər toplantıdan kənarda qalmaqla dünya dini liderlərinin sülh mesajı verən birgə cəbhəsindən ayrı düşdü. Region dövləti olaraq daima sülhdən dəm vuran Ermənistanın bu cərgədə olmaması dünya üçün bir daha aydın oldu.

Münaqişənin həlli üçün humanitar mesajları daşıyan “ruhani diplomatiyası” bu illər ərzində Azərbaycanın mövqelərinin güclənməsi ilə müşayiət olunurdu. Rusiya Patriarxının vasitəçiliyi ilə aparılan üçtərəfli görüşlərin hər birində Şeyxülislam dinc yaşayışın vacibliyini vurğulayıb. QMİ sədri iştirak etdiyi bütün mötəbər konfranslarda Qarabağın Azərbaycan torpağı olmasını bəyan edərək separatçı qüvvələrə hər hansı dəstəyin böyük fəlakətlər gətirəcəyini bildirib.

44 günlik müharibənin əvvəlində və sonunda Şeyxülislamın etdiyi müraciətlərə beynəlxalq reaksiya, nufuzlu dini rəhbərlərin Azərbaycana göndərdikləri qələbə təbrikləri görülən işin nəticəsi idi.

Vətən müharibəsindən sonra erməni kilsəsinin xisləti bir daha aydın oldu. Məğlubiyyətin bütün dəhşətini duyan kilsə sülhün avanqardı olmaq əvəzinə “köhnə bayatılara” üz tutdu. Bu dəfə Azərbaycanın guya kilsələri dağıtması, mədəni abidələrin təhlükəsindən dəm vuran Qaregin Bakının təkzibedilməz arqumentləri qarşısında çarəsiz duruma düşdü. QMİ sədri və Azərbaycanda digər dini icmaların rəhbərlərinin işğaldan azad edilmiş Ağdamda verdikləri bəyanatlarında Ermənistanın yalanı faş edildi və bunun tam əksi ortaya qoyuldu: Məlum oldu ki, 28 illik işğal nəticəsində Ermənistan Qarabağda bütün məscidləri, kilsələri dağıdıb, müqəddəs abidələri darmadağın edib, qəbristanlıqları şumlayıb, insan sümüklərini yerindən çıxarıb. Bütün dünya vandalizmin miqyasını göstərən bu kadrlardan şoka düşmüşdü.

Müharibədən sonra Qarabağda sülhə töhfə vermək, xalqların dinc yanaşı yaşamasını təbliğ etmək əvəzinə katolikosun nifrət ritorikası ilə Qarabağda peyda olması göstərir ki, erməni keşişləri üçün uca Allahın ilahi kəlmələrindən doğan mərhəmət və ədalət yox, dünya hərisliyi və şeytani nifrət öndədir. Belə mövqe isə Apostol kilsəsinə nufuz gətirə bilməz. Katolikosun Xankəndində  intiqam hisslərini aşılaması təkcə məğlubiyyətin acı göstərici saymaq olmaz. Bu, erməni kilsəsinin revanşist siyasi dairələrin əlinə oynayan növbəti siyasi avantura cəhdidir.

Azərbaycan Qarabağda dinc həyatın bərpasına, öz vətəndaşları üçün bütün maddi və ruhani rahatlığı təmin etməyi üzərinə götürüb. İndi bölgədə siyasi şərtləri Bakı diqtə edir və öz tarixi torpağına belə həyasız səfərlərin qarşısını almaq üçün bütün imkanlara malikdir. Şeyxülislamın Qareginin Xankəndinə pis niyyətli səfəri ilə bağlı bəyanatı Azərbaycanın bu möveqinin daha bir nümayişi oldu.

Aydın Əliyev

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

ATƏT-in sədri minalarla bağlı xəritələrin Azərbaycana verilməsini alqışlayıb