Şeyxülislam niyə Nobel mükafatına namizəd oldu?

Bu il Azərbaycandan Nobel Sülh Mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə göstərilib.

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin məlumatında bildirilir ki, Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi  təsdiqlənib.

QMİ-nin yaydığı bəyanatda deyilir ki, Şeyxülislam Allahşükür Paşazadə 40 illik fəaliyyəti ilə bunu haqq edir: “Şeyxülislamın beynəlxalq müstəvidə dinlərarası əməkdaşlıq yönündə fəaliyyəti, beynəlxalq nüfuzu, sülhməramlı, humanitar təşəbbüsləri, tolerant, multikultural dəyərlərin qlobal miqyasda təbliği böyük bəşəri önəm daşıyır”.

Ölkədə əsas xəbər trendinə çevrilmiş bu məlumat tanınmış şəxslərin də dəstəyini alıb. Düşmən Ermənistan yenə də ənənəvi xislətini göstərərək bu təqdimata qarşı şər və böhtan kampaniyasına başlayıb. Adamı ağrıdan isə bu “xor”a daxildən olan bəzi qüvvələrin də qoşulmasıdır.

Bu, səbəbsiz deyil.

QMİ sədrinin namizədliyi bu günkü dünyanın əsas probleminə çevrilmiş mədəniyyətlərarası qarşıdurmaların fonunda mühüm əhəmiyyət daşıyır. Dünya və tərəqqipərvər bəşəriyyət neçə illərdir ki, dini və etnik motivli münaqişələrə, qanlı hadisələrə şahidlik edir. Asiyada, Afrikada, Yaxın Şərqdə insanların dərisinə, rənginə, dini baxışlarına, etnik mənsubiyyətinə görə qətlə yetirilməsi “yeni dünya düzəni” adı verilən geopolitik “maraq ovu”nın indikatoruna çevrilib.

Bütün dövlətlər insanlarda total qorxu yaratmağa və dövlət siyasətini demontaj edilməsinə hesablanan bu terror demarşına qarşı çıxış edirlər. Dini motivli nifrət şüarlarına söykənən siyasətin hədəfi insanları etiqadına görə üz-üzə qoymaq, sabit cəmiyyətləri parçalamaq, “təmiz din” pərdəsi altında geopolitik maraqlarını zorla sırımaqdır.

Azərbaycan ilk gündən dünyanı başına almış bu qanlı və zorakılıq püskürən siyasətin regional təhlükəsizlik üçün fəsadlarını görür. Prezident İlham Əliyevin bəyan etdiyi tolerantlıq və birgəyaşam prinsipləri rəngindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların dinc və təhlükəsiz yaşamağını ehtiva edir.

Azərbaycan bunun gözəl nümunəsini ortaya qoyub. “Bakı prosesi” adlandırılan bu siyasət son 10 ildə tolerantlıq prinsiplərinin əyani nümayişi üçün gözəl fürsət olub. Bu işdə QMİ sədri Allahşükür Paşazadənin də ciddi rolu danılmazdır.

Regionda böyük nufuzu olan Şeyxülislamın bu məsələdə tutduğu mövqe ardıcıllığı ilə fərqlənir. A.Paşazadə din xadimi olaraq 30 il əvvəl əvvəl yazdığı “Qafqazda islam” kitabında dinlərarası münasibətlərin elmi əsasını qoyub. Şeyxülislamın birgəyaşam münasibətlərinin yaradılması üçün dünyaya təklif etdiyi prinsiplər elmi müstəvidə ciddi rezonans verib. Bu əsərinə görə, QMİ sədri tarix elmləri doktoru dərəcəsini alıb.

“Darül-əhd” adlanan, müxtəlif dini və etnik cəmiyyətlərlə münasibəti zorakı yox, qarşılıqlı etimadla qurmağı təklif edən Şeyxülislamın bu prinsipi çağdaş zamanımızda dünyanı qana çalxalayan və fərqli toplumları üz-üzə qoyan avanturist siyasətə qarşı ən təsirli vasitə saymaq olar.

Azərbaycan QMİ sədrinin Nobel mükafatına namizədliyini verməklə eyni zamanda yürütdüyü tolerantlıq siyasətinin dünya çapında nümayişi üçün vacib platforma əldə edir.

Bu günkü dünyada din xadimləri irqi, dini və etnik ixtilafların qarşısını almaq üçün mühüm vasitəçilərdən hesab olunurlar. Dünya siyasətinin vacib elementinə çevrilmiş bu məqam nufuzlu, yenilikçi və çağdaş trendlərə cavab verən din xadimlərinin fəaliyyətini tələb edir. A.Paşazadə bu illər ərzində ölkədə və regionda sülhün bərqərar olmasında öz töhfələrini verib.

Hələ sovet dövründə regional münaqişələrin həlli prosesində fəal iştirak edən A.Paşazadə Əfqanıstandakı silahlı birləşmələrlə aparılan sülh danışıqlarında iştirak edib, hərbi əsirlərin azad edilməsi üçün danışıqlar aparıb.

Sonrakı dövrlərdə QMİ sədri qan axıdılmasının dayandırlmasını tələb edən ictimai xadim kimi də özünü göstərdi. 1990-cı ilin 20 yanvarında sovet ordusunun Bakıya qanlı hucumuna kəskin etiraz edən Şeyxülislam sovet tarixində SSRİ rəhbərini açıq mətnlə lənətləyən ilk din xadimi olub. Dinc əhalinin gülləbaran edilməsinə etiraz edən QMİ sədri sovet siyasi rəhbərliyinin fitnəkar planının pozulmasında mühüm rol oynadı.

Elə təkcə Qarabağ münaqişəsinin dini motivli olmadığını bəyan etmək və bunu Rusiya, Ermənistan din xadimlərinin birgə etirafı ilə bərkitmək faktı regionda münaqişənin xarakterini dəyişdirən qlobal addımdır. Eyni zamanda  dünyada və regionda, Qafqazda baş verən böhranlarda, müharibələrdə A.Paşazadənin çəkinmədən məzlumların haqqını müdafiə edən bəyanatları, körüklənən odu söndürmək üçün vasitəçilik missiyaları bu sırada əhəmiyyətli yerini tutur.

90-cı illərdə Şimali Qafqazda başlanmış hərbi böhran zamanı A.Paşazadə Moskvaya ünvanlanan bəyanatında dinc insanların öldürülməsinin yolverilməz olduğunu bəyan etdi. Çeçenistanda aparılan müharibə zamanı Rusiya prezidenti Yeltsinə ünvanladığı sərt müraciətində çeçen xalqına qarşı soyqırıma son qoyulmasını tələb edərək dünyanın diqqətini Qafqazda baş verənlərə çəkə bildi.

Pandemiya zamanı QMİ sədrinin çətinlik çəkən İran xalqına qarşı sanksiyaların müvəqqəti dayandırılması barədə ABŞ Prezidenti Donald Trampa müraciəti bu sülhpərvər missiyanın daha bir nümunəsi oldu.

Eyni zamanda Yaxın Şərqi, İranı, İraqı, Hindistanı, Türkiyəni əhatə edən Aşura mərasimlərində bədənə xəsarət yetirmə adətini qanvermə aksiyasına çevirməklə islam dünyası üçün yeni baxışın əsasını yaratdı.

Bir ucu İrandan başlanan və Pakistana, Hindistana, Rusiyaya, Avropaya qədər olan geniş arealda tolerant sülh elçisi kimi fəaliyyət göstərmək  və etimad qazanmaq sadə məsələ sayıla bilməz.

Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının elan etdiyi İslam dünyasının beş tanınımış dini xadimi sırasında Şeyxülislam Allahşükür Paşazadə də yer alıb.

Nobel mükafatı namizədlərinin sırasında olmaq Azərbaycanın sülhpərvər siyasətinin etirafı, ölkəmizin dünyanın bu yöndə mübarizə aparan dövlətləri ilə bir sırada yer almasıdır. Azərbaycan bununla mürəkkəb və çoxvektorlu regionda sülhün və təhlükəsizliyin qorunması üçün öz töhfəsini verəcək din xadiminin də olduğunu bəyan edir. Bu jest yaddaqalandır.

Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri Qafqaz Müsəlmanları İdarəsinin rəbəri Hacı Allahşükür Paşazadənin Nobel Sülh mükafatına namizəd göstərilməsini yüksək qiymətləndirirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti, akademik İsa Həbibbəlinin sözlərinə görə,  Şeyx dövlət və din münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi sahəsində böyük təcrübəyə malikdir. İ.Həbibbəyli qeyd edib ki, Allahşükür Paşazadə Qafqazda və dünyada sülhün, təhlükəsizliyin bərqərar olunması üçün geniş iş aparır. “Mən onu sülh çağırışçısı kimi görürəm. O, bütün dini, elmi, ictimai fəaliyyəti, beynəlxalq aləmdə tutduğu mövqe ilə belə mükafatı almağa layiqdir”.

Milli Məclisin deputatı, Nobel araşdırmaçısı Etibar Əliyevin fikrincə, Şeyxin Nobel Sülh Mükafatına namizədliyi labüddür: “Şeyx müsəlman aləmində və dünyada tanınmış şəxsdir. Xeyli din xadimləri münaqişələrin yatırdılması, sülhün əldə olunması və bəşəriyyətə fayda gətirən humanist addımları ilə bu mükafata layiq görülüblər”.

ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, Şeyxülislamın dinlərarası münasibətlərə, dialoqa çox böyük töhfəsi olub, dünyada və regionda nüfuzlu şəxsiyyətdir.

Tanınmış politoloq Qabil Hüseynli qeyd edib ki, Allahşükür Paşazadə Qafqazın müsəlman xalqları arasında birliyin yaradılması, eləcə də islamın pravoslov, katolik və digər dinlərlə əlaqələrinin tolerant və multikultural formada formalaşmasında çox böyük əmək sərf edib.

Nobel Sülh Mükafatının indiyə qədər 124 laureatı olub. Bunlardan 100-ü fiziki şəxs, 24-ü isə təşkilatdır.

Nobel Sülh Mükafatının növbəti namizədləri arasında  adları beynəlxalq müstəvidə məşhur olan dövlət xadimləri, ictimai liderlər var. Onların sırasında fəaliyyətində çağdaş dünyanın sülh çağırışlarını inamla daşıyan, dünyanın dini liderləri sırasında öz yerini tutmuş, Azərbaycan dövlətini ləyaqətlə təmsil edən namizədin olması da əlamətdar hadisə sayılmalıdır.

Emin ABBASOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsveçrə – Azərbaycan oyununun yeri və vaxtı dəqiqləşib

Sonrakı məqalə

Türkiyəli aktyor koronavirusdan vəfat edib