Şeyxulislam “sözün bitdiyi yerdən” yazdı –Allahşükür Paşazadə “Facebook”da Xocalı ilə bağlı hansı paylaşımları etdi?

Fevralın 26-sı Azərbaycan xalqının yaddaşında ən ağrılı və dəhşətli gün kimi qaldı.

28 il əvvəl, 1992-ci ilin qarlı-şaxtalı gecəsində sovet ordusunun 366-cı alayının köməyi ilə erməni hərbi dəstələri Xocalıya hucum edərək şəhəri yandırdılar, dinc sakinləri kütləvi şəkildə qətlə yetirdilər.

Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın videokadrları bütün dünyanı sarsıtdı. Humanizm prinsiplərinə sadiq olanlar, vicdanını itirməmiş siyasətçilər, ictimai xadimlər, tanınmış şəxslər bu qətliamı pislədilər və cinayətkarların cəzalandırılmasını bu günədək tələb edirlər.

28 ildir ki, Azərbaycan xalqı Xocalı soyqırımının səbəbkarlarını lənətləyir, faciə qurbanlarını hüznlə anır. Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə  bağlı Azərbaycan xalqına müraciətində deyilir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi”. Dövlət başçısı əmin olduğunu bildirib ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Bu baxımdan sözü dünyada keçən nufuzulu şəxslərimiz olduqları tədbirərdə, görüşlərdə, çıxış etdikləri xitabət kürsülərində beynəlxalq ictimaiyyəti xalqın iradəsini sarsıtmağa hesablanmış bu qətliama biganə qalmamağa səsləyir, qatillərə cəza tələb edirlər.

Artıq iki həftədən çoxdur ki, QMİ sədri Allahşükür Paşazadə sosial şəbəkədə hər kəsə örnək ola biləcək bir kampaniyaya başlayıb. Şeyxulislam özünün sosial şəbəkədəki rəsmi səhifəsində Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə paylaşımlar edir, faciə ilə bağlı tarixi fotoları təqdim edir. O, sonuncu dəfə bu ilin əvəlində 20 yanvar Bakı qırğını ilə bağlı belə addım atmışdı.

Xocalı haqqında #khocali#armenianterror #khocaligenoside həştəqiylə paylaşımlar edən QMİ sədri səhifəsində bu qətliamı Azərbaycan tarixinin “ən dəhşətli və faciəli səhifələrdən biri” adlandırıb.

1992-ci ildə yenicə müstəqillik qazanmış Azərbaycana SSRİ-dən siyasi hərcmərclik və Qarabağ müharibəsi miras qalmışdı. Həmin illərdə cəmiyyətin yekdilliyi üçün onun mənəvi dəstəyə böyük ehtiyacı yaranmışdı. Bu sırada Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti xüsusi önəm daşıyırdı. Azadlıq uğrunda mübarizədə xalqla bir yerdə olan QMİ ateist sovet rejiminin ciddi zərbə vurduğu inanc və min illik ənənələrin öz yerini tapması üçün əlindən gələni etməyə çalışırdı. QMİ ictimai-siyasi çəki alaraq ölkə üçün həlledici anlarda mövqeyini ortaya qoya bilmişdi. Allahşükür Paşazadə həmin illərdə bir neçə dəfə siyasi böhran girdabına düşmüş proseslərdə əsas fiqurlardan biri kimi çıxış etmişdi. Xüsusən 20 yanvar 1990-cı ildə qanlı Bakı qırğınına qarşı qorxmadan səsini ucaldan A.Paşazadə tarixə SSRİ rəhbərini lənətləyən ilk din xadimi kimi də düşmüşdü. Həmin çətin illərin bütün periodlarında QMİ xalqın etimad etdiyi ictimai faktor kimi proseslərin idarə olunmasında iştirak edib.

1992-ci ilin fevralında ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı siyasi böhran girdabında başını itirən Azərbaycan üçün dəhşətli zərbə oldu. Dinc insanların amansızcasına qətlindən sarsılan bütün rəsmi və digər təşkilatlarla bərabər QMİ həmin günlərdə verdiyi bəyanatında faciə təşkilatçılarını lənətləyərək buna görə Allah dərgahında məsuliyyətini xatırlatmışdı.

O illərdən bəri A.Paşazadənin rəhbərlik etdiyi QMİ-nin bütün fəaliyyətində Qarabağ və Xocalı soyqırımı qırmızı xətlə keçən bir məqamdır.

Hər il dünya birliynə ünvanladıqları müraciətdə Şeyxulislam və Azərbaycanın digər dini icmalarının rəhbərləri Xocalı soyqırımına görə məsuliyyəti olanları bir daha xatırladırlar.

“Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir. Ancaq bu vəhşiklikləri törədənlər hələ də hüquqi cəzasını almayıblar. Ermənistan heç bir beynəlxalq qurumun qərar və qətnamələrinə məhəl qoymur. Cəzasızlığından ilhamlanan Ermənistan daim atəşkəsi pozmağa cəhd edir, sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirir“- deyə Şeyxulislam Allahşükür Paşazadə yazıb.

Xocalı soyqırımı Azərbaycanın xain qonşuları tərəfindən üzləşdiyi ərazi iddialarının qanlı nəticələrindəndir. Qarabağ münaqişəsinin ilk günlərindən qarşı tərəfin din xadimlərinə müraciət edən QMİ sədri nə qədərki “qırmızı xətlər”in keçilmədiyi bir vaxtda erməni din xadimlərini xalqlar arasında bu davanı salan millətçilərin qarşısını almağa çağırmışdı. Xain düşmənin qanlı savaşı dinc adamlara qarşı aparmasından hiddətlənən QMİ bu 30 ildə daim sülhün əldə olunması üçün çalışıb. A.Paşazadə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün aparılan müharibədə həlak olanları “şəhid” adlandırmaqla müharibədə ədalətli tərəf olmağımızı, mənəvi güc tapmaq üçün kodu verə bilmişdi.

“Bu faciəni yaddan çıxara bilmərik. Həqiqət gec-tez öz yerini tutacaq. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır” –deyə verdiyi bəyanatda Şeyxülislam Allahşükür Paşazadə vurğulamışdı ki, ermənilərin Azərbaycan xalqına qarşı apardığı siyasət nəticəsində xeyli şəhid vermişik.

QMİ sədri ötənlərdə verdiyi müsahibələrində onu bu qətliamda ən çox sarsıdan qətlə yetirilmiş körpə uşağın fotosu olduğunu demişdi. “Bu fotonu heç vaxt unuda bilmirəm” –deyə Şeyxulislam vurğulamışdı.

“Bəşəriyyətə, insanlığa qarşı törədilmiş Xocalı soyqırımı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşüb. O müdhiş fevral gecəsi Ermənistan silahlı birləşmələri Sovet ordusundan qalmış 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinə basqın edərək dinc əhaliyə amansız divan tutdular” –deyə səhifəsində yazan A.Paşazadə Xocalıda qətlə yetirilmiş körpə uşağın fotosunu paylaşaraq “Sözün bitdiyi yer” yazıb.

QMİ sədri bütün bu illərdə sözün yox, qanın bitməsi üçün çalışıb. Nankor qonşuların bu davanı xrisitan-müsəlman davası kimi dünyaya təqdim etmə cəhdini dağıda bilmiş A.Paşazadə apardığı “ruhani diplomatiyası” ilə hər dəfə erməni katolikoslarını məyus edə bilib.

Şeyxulislam səhifəsində “son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər” yazaraq qeyd edib ki,  Xocalı faciəsi isə 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olub.

QMİ sədri Prezident İlham Əliyevin Xocalı ilə bağlı xalqa müraciətində yer almış fikirləri xatırladaraq qeyd edib ki, bu dəhşətli soyqırımı dünyanın gözü qarşısında baş verib, qəddarlığı və amansızlığı ilə fərqlənib. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət isə birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.

“Dağlıq Qarabağda baş verən hər kəsə bəllidir. Biz bunları yaddan çıxara bilmərik. Bu faciələrdə dinindən asılı olmayaraq, bu qənaət gəlirik ki, insanları öldürmək olmaz”.

Bütün dinlərdə günahsız insanları öldürmək böyük günah sayılır. 28 il əvvəl Ermənistan bütün müqəddəs kitablarda yer almış bu qadağanı pozaraq dinc adamların –qocaların, qadınların, uşaqların qətliamını həyata keçirdi. Bu gün Xocalı soyqırımı Holokost, Xatın, Serebrenitsa qətliamı kimi dünya ictimaiyyətini kədərə qərq edən soyqırım kimi xatırlanır, bu qırğını törədən hərbi canilər lənətlənir.

Azərbaycanın Xocalıya Ədalət istəyərək verdiyi sülh mesajları isə dünyaya kimin haqlı olduğunu bir daha xatırladır.

Ölkəmizin müxtəlif sahələrində fəaliyyət göstərən, adları dünya çapında tanınmış şəxslərin belə kampaniya aparması yaxşı olardı. Nədənsə bu yöndə diqqətçəkən fəaliyyət olmadı. Bu günkü internet əsrində belə təşəbbüslər Azərbyacan xalqının başına gətirilən faciələrin tanıdılmasında yaxşı imkanlar yaradır.

Emin Abbasov

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olunub

Sonrakı məqalə

MSK daha 14 seçki məntəqəsində qanun pozuntuları aşkarlayıb