Şeyxülislam Vatikanda Apostol Kitabxanasını ziyarət edib

Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Müqəddəs Taxt-Taca səfəri çərçivəsində Vatikan Apostol Kitabxanasını ziyarət edib.
Nümayəndə heyətinə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Bakı və Azərbaycan yepiskopu Aleksiy, Alban-udi xristian icmasının sədri Robert Mobili və Bakı Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski də daxildir.
Vatikan Apostol Kitabxanasının prefekti don Mauro Mantovani qonaqları qarşılayaraq kitabxananın tarixi və fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, əsası 1475-ci ildə qoyulan Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və nüfuzlu elmi və mədəniyyət mərkəzlərindən biridir. Burada əsrlər boyu toplanmış milyonlarla kitab və on minlərlə əlyazma qorunur. Qeyd olunub ki, kitabxananın fondlarında Azərbaycana aid təxminən 60 nadir əlyazma da saxlanılır.
Səfər zamanı nümayəndə heyəti Vatikan bağlarını da ziyarət edib və Azərbaycanın Vatikana hədiyyəsi olan nar ağacı ilə tanış olub. Bu ağac 2025-ci il oktyabrın 17-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikan Qubernatorluğunun rəhbəri rahibə Raffaella Petrini tərəfindən Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğun və qarşılıqlı hörmətin rəmzi olaraq əkilib.
Səfər çərçivəsində Romada Azərbaycanın təşəbbüsü ilə iftar mərasiminin keçirilməsi də nəzərdə tutulur. Tədbirdə şeyxülislam Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin, eləcə də müsəlman, xristian və yəhudi dini icmalarının nümayəndələri iştirak edəcəklər.
Dünyada artan gərginlik və qarşıdurmalar fonunda keçirilən bu görüş və tədbirlər dinlər və mədəniyyətlər arasında dialoqun, qarşılıqlı anlayışın və sülhün təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.