Şeyxülislamın sərt demarşı

Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini təbrik edən qonşu İranın köhnə və yeni siyasi rəhbərliyi bu baxımdan praqmatik yanaşma sərgiləmişdi.

Tehran ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etmiş və Qarabağdakı hərbi əməliyyatın işğal edilmiş torpaqların azad edilməsi kimi qiymətləndirmişdi.

Lakin İranla Azərbaycan arasında son günlər müşahidə olunan müəyyən gərginlik bu mövqe ilə bağlı müəyyən suallar yaratdı və haqlı olaraq cəmiyyətdə fəal müzakirələr açıldı.

İranın yük maşınlarının Gorus-Qafan yolu ilə Xankəndinə, oradan Ermənistana qanunsuz yük daşıması Tehranın bundan əvvəl nümayiş etdirdiyi rəsmi mövqe ilə ziddiyyət təşkil edir. Müharibədən sonra yaranmış yeni reallıqlar son 30 ildə bölgədə hökm sürmüş mənzərəni tam dəyişib: Azərbaycan dünənə qədər nəzarətsiz qalmış sərhədlərinə sahiblənib. Artıq dövlət sərhədlərimiz kənar ölkələr üçün giriş-çıxışa bağlıdır. Yalnız lazımi sazişlər və razılaşmalar bu məsələnin tənzimlənməsi üçün imkan yaradır. Tehranın qədim diplomatiyası da bunun fərqində olmaya bilməz.

Bakının zəruri addımları Tehran üçün ciddi siqnal oldu və regionda sabitliyin qorunmasında İranın məsuliyyətini bir daha onlara xatırlatdı.

Lakin İrandakı məscid xütbələrindən səslənən əcaib və gözlənilməz ittihamlar çox həssas icma sayılan dindarların təəccübünə səbəb oldu. Hamı sual etdi: Axı məsələnin siyasətçilərin və diplomatların həll etməli olduğu halda imam-cümələrin yersiz müdaxiləsi vəziyyəti daha da ağırlaşdırmırmı?

Ərdəbil imam-cüməsi Amulinin heç bir subutu olmayan və əcaib, əsassız bəyanatı son günlərin müzakirə mövzusuna çevrilmişdi. Qonşu ölkədə yaşayan soydaşlarımızın qarşısında bu taydakı qardaşlarının ünvanına səsləndirdiyi hədələr və böhtanları sadəcə “vətən təəssübü” saymaq olmazdı. Amulinin iki dövlət arasındakı dostluq və qonşuluq prinsiplərinin ruhuna zidd, uşaq cığallığına oxşayan bu açıqlamalarının Azərbaycandakı əks-sədası gözlənilən oldu.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin bəyanatı yerində verilmiş cavab sayıla bilər.

Amulinin nifrət və kin çalarları ilə zəngin olan mövqeyinin qarşılığında QMİ sədrinin sakit, lakin sərt tonu, ölkəsinin haqlı mövqeyinə qətiyyətli dəstəyi və sülhün qiymətini anlayan din xadimi olaraq xalqları buna çağıran açıqlaması cəmiyyət tərəfindən yüksək qarşılandı. Bu, həmçinin din xadimlərinin həssas vaxtlarda kimin necə mövqe nümayiş etdirməsi baxımından bir barometr oldu. “Şirin quyruğu” kimi yersiz və tamam militarist -millətçi bir tezisin qarşılığında Şeyxülislamın sülhün simvolu olan göyərçini nümunə çəkməsi təqdirə layiq idi. Şeyxin bu ifadəsi dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizdəki bütün inanclı adamların mövqeyini ifadə edərək vətənin vahidliyinə işarə sayıla bilər.

“Biz dindarlar şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi, sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq”-deyə Şeyx Amuliyə xitabən vurğuladı.

QMİ sədrinin müsəlman lideri kimi belə mövqe ilə çıxış etməsi siyasi elementləri də özündə ehtiva edirdi. Bəyanatında Amulini ittiham edən QMİ sədri onun çıxışının İran-Azərbaycan əlaqələrinə zərbə vurduğunu, dostluq və qardaşlıq barədə deyilənlərə xidmət etmədiyini xüsusi vurğuladı.

Bu bəyanatda Ərdəbilin adının xüsusi vurğulanması mühüm məqam idi. Şeyx Azərbaycan üçün dini-mədəni irsinin vacib məkanı sayılan bu şəhərdən dövlətimizə qarşı səslənən iftiranın hansı ağır nəticələr verə biləcəyini xatırlatdı. A.Paşazadə aydın şəkildə anlatdı ki, Amuli kimi şəxslərin iki qardaş xalqın həssas nöqtələri üzərində oynamaq cəhdi yalnız fəlakət indikatoru ola bilər.

Şeyxülislam bunu açıq ifadə etdi: “Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir”.

QMİ sədrinin bəyanatı prezident İlham Əliyevin qonşu ölkələrlə münasibətləri müəyyən edən siyasətinə tam dəstəyin ifadəsi olmaqla din-dövlət əməkdaşlığına, dövlətçiliyə sadiqliyin ifadəsidir. Bununla da bəzi dairələrin Azərbaycanda dini və məzhəb zəmnində hansısa xəyali “ayırmçılıq” arzularına sərt şapalaq vurdu. A.Paşazadə ölkə dindarlarının mövqeyini açıq ifadə etdi və İran dairələrinə ölkəmizə münasibətdə hörmət və ehtiramın göstərilməsini tələb etdi. Çünki Azərbaycan öz qonşuları ilə məhz belə davranır.

QMİ sədri məscid minbərlərindən qonşu ölkəyə ittihamlar səsləndirmək əvəzinə müsəlman torpaqlarında xain Ermənistanın viran qoyduğu, talan etdiyi torpaqlar barədə danışmağa, xaraba qoyulan məscidlərin fotolarını nümayiş etdirməyə, xütbələrdə din qardaşlarını Azərbaycanla həmrəyliyə çağırmağın zəruriliyini xatırlatdı.

Azərbaycan öz torpaqlarını azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarını bərpa edir. Ağayi Amuli və onun ətrafında olanlar da buna sevinməli və nifrət leksikonundan uzaq durmalıdır.

Siyasət manevrləri sevir, amma din üçün həqiqət mütləqdir. Bu gün həqiqət ondan ibarətdir ki, Azərbaycan öz əzəli qədim torpağı olan Qarabağı işğaldan azad edib. Bunun fərqində olmayanları, siyasət yapanları isə rüsvay olmaqdan başqa perspektiv gözləmir.

Müharibədən sonra bölgədə yaranan yeni geopolitik çağırışların fonunda Şeyxulislamın fəaliyyəti ictimai rəy üçün bir indikatora çevrilib. Bu müddət ərzində QMİ sədrinin İranla bağlı verdiyi bəyanatlar dövlətimizin siyasi mövqeyini ifadə edib. Bir neçə ay əvvəl Qarabağ müharibəsində dəstəyə görə, İranın ali dini lideri Xamenyiyə təşəkkür etməsi ətrafında qalxan rezonansın fonunda A.Paşazadənin ikinci bəyanatı da Şeyxin dövlət maraqların qorunmasına sadiqliyinin və belə məsələdə prinsipial ardıcıllığının nümayişi oldu. QMİ sədrinin son bəyanatı həmçinin ona qarşı bəzi dairələr tərəfindən aparılan kampaniyaya qarşı bir cavab da sayıla bilər.

“Analitik” Təhlil Mərkəzi

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FHN Heydər Əliyev sarayında yanğın barədə məlumatı təkzib etdi

Sonrakı məqalə

Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir