Şeyxülislamın Xocalı ilə bağlı sosial mesajı

 Azərbaycanda Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunur. 1992-ci il fevralın 26-da erməni quldur dəstələri sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda dəhşətli qətliam törədərək 600 –dən çox dinc sakini qətlə yetirdilər.

Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu dəhşətli soyqırım Azərbaycanın xain qonşuları tərəfindən üzləşdiyi ərazi iddialarının qanlı nəticələrindəndir.

Azərbaycan bu illərdə qanlı cinayətin dünyada tanınması, cinayətkarların cəzalandırılması üçün ardıcıl iş aparıb. Ölkənin ictimai-siyasi qurumları da bu prosesdə fəal iş aparıblar. Xocalı faciəsinin qurbanlarını bütün dünyaya nümayiş etməklə Bakı saxta humanizmlə maskalanaraq beynəlxlaq dairələrdə “əzabkeş” obrazı yaratmağa çalışan erməni millətçilərinin iç üzünü nümayiş etdirir, bu fəlakətin qurbanlarına ədalət tələb edir.

Xocalı soyqırımı Azərbaycanın yeritdiyi xarici siyasətin hər bir aspektində əsas yeri tutur. Böyük beynəlxalq tədbirlərdən tutumuş ikitərəfli görüşlərədək hər bir məqamda Bakı bu fəlakətin səbəbkarlarını xatırladır, onların qanun qarşısında cavab verməsini tələb edir. İctimai-siyasi müstəvinin fəal iştirakçısı olan hər bir qurum Xocalı soyqrımının tanıdılmasını özünün mənəvi borcu sayır.

1992-ci ilin fevralında dinc insanların amansızcasına qətlindən sarsılan bütün rəsmi və digər təşkilatlarla bərabər Qafqaz Müsəlmanları İdarəsi həmin günlərdə verdiyi bəyanatında faciə təşkilatçılarını lənətləmişdi.

Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində Qarabağ və Xocalı soyqırımı qırmızı xətlə keçən bir məqamdır.

Qeyd edək ki, QMİ sədrinin fəaliyyətində Azərbaycanın ən ağır və kədərli günlərinin dünyada tanıdılması xüsusi yer tutur. İstər 1990-cı il 20 Yanvar Bakı qırğını, 1918-ci il 31 Mart soyqırımı, 1992-ci il Xocalı qətliamı ilə bağlı tutduğu mövqe dünyada yaxşı xatırlanır. A. Paşazadənin bu fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü siyasətin ayrılmaz tərkib hissəsinə çevrilib.

Hər il dünya birliynə ünvanladıqları müraciətdə Şeyxulislam və Azərbaycanın digər dini icmalarının rəhbərləri Xocalı soyqırımına görə məsuliyyəti olanları cəzalandırılmasına çağırır.

Şeyxülislam Allahşükür Paşazadə hər il olduğu kimi bu il də sosial şəbəkədə Xocalı ilə bağlı başlatdığı kampaniyada bu soyqırımın acı tarixini bir daha xatırladıb. Şeyxulislam rəsmi səhifəsində Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə paylaşımlar edir, faciə ilə bağlı tarixi fotoları təqdim edir.

Xocalı haqqında #khocali, #armenianterror #khocaligenoside həştəqiylə paylaşımlar edən QMİ sədri səhifəsində bu qətliamı Azərbaycan tarixinin “ən dəhşətli və faciəli səhifələrdən biri” adlandırıb.

Xocalı soyqırımının nəticələrini öz gözlərimlə görmüşəm. O şəhərin faciəsi, orada vəhşicəsinə qətlə yetirilmiş uşaqların soyuqdan don vurmuş cəsədləri ömür boyu yaddaşımdan silinməz”-deyə QMİ sədri açıqlamalarında vurğulayıb.

Şeyxülislam XX əsrin faciəsi olan Xocalı soyqırımını aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi adlandırıb. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırım aktlarını pisləyir: “Azərbaycan xalqı bu konvensiyaları rəhbər tutaraq Ermənistan Respublikasına qarşı Beynəlxalq Haaqa məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu bəşəri cinayəti törətmişlər, öz layiqli cəzalarını almalıdırlar. Robert Köçəryan, Serjik Sarkisyan, eləcə də Seyran Ohanyan və digər Xocalı qatilləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”- Şeyxülislamın dünyaya ünvanladığı müraciətdə deyilir.

Qarabağ münaqişəsinin ilk günlərindən qarşı tərəfin din xadimlərinə müraciət edən QMİ sədri nə qədərki “qırmızı xətlər”keçilməyib, erməni din xadimlərini xalqlar arasında bu davanı salan millətçilərin qarşısını almağa çağırmışdı. QMİ bu 30 ildə daim sülhün əldə olunması üçün çalışıb.

Şeyxülislam verdiyi müsahibələrində onu bu qətliamda ən çox sarsıdan qətlə yetirilmiş körpə uşağın fotosu olduğunu demişdi. “Bu fotonu heç vaxt unuda bilmirəm” –deyə Şeyxulislam vurğulamışdı.

Aparılan siyasət nəticəsində Xocalı soyqırımı bir çox beynəlxlaq təşkilatların gündəliyinə salınmış və bir sıra dövlətlər bunu hərbi cinayəti soyqırım aktı kimi tanıyıblar. Hazırda Xocalı Soyqırımı dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyədə qətliam kimi tanıyıb. Faciəni qətliam kimi tanıyan ölkələrin sırasına Pakistan, Meksika, Kolumbiya,  Çexiya, Bosniya-Hersoqovina, Peru, Honduras, İordaniya, Cibuti daxildir.

57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı Soyqırımını ilk olaraq tanıyıb.

İslam Əməkdaşlıq Təşkilatı müstəqil Azərbaycanın qurulduğu ilk illərdən  Qarabağ münaqişəsinə, Xocalı soyqrımına, Azərbyacanın ərazi bütövlüyünün bərpasına böyük dəstək verib.

Hələ SSRİ-nin mövcud olduğu bir zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadənin təşəbbüsü ilə bu quruma daxil olan ölkəmiz bununla da müsəlman dünyasının böyük dəstəyini ala bilmişdi.

İƏT Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn subyekti kimi qəbul olunduğu ilk beynəlxalq təşkilatdır. Həmin dövrdə Azərbaycanın İƏT-ə üzv qəbul olunması erməni təcavüzünə məruz qalmış ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma oldu.

Xatırlamaq yerinə düşər ki, Azərbaycan İƏT-ə daxil olduqdan cəmi 3 ay sonra Xocalı dəhşətini yaşamışdı. A.Paşazadənin İƏT-ə üzvlüyə mane olmağa cəhd göstərənlərin bütün səyinə rəğmən üzvlük sənədinə qol çəkməklə Azərbaycan öz problemini dünyaya çıxarmaq üçün böyük bir məkan əldə etdi.

Hər il  Şeyxulislam bu qətliamla bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayır, Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırır.

Mahiyyəti etibarilə, Xocalı faciəsini Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni olduğunu bəyan edən A.Paşazadə Xocalıda məqsədyönlü soyqırımı  erməni vəhşiliklərinin kulminasiya nöqtəsi adlandırıb.

Bütün dinlərdə günahsız insanları öldürmək böyük günah sayılır. 30 il əvvəl Ermənistan bütün müqəddəs kitablarda yer almış bu qadağanı pozaraq dinc adamların –qocaların, qadınların, uşaqların qətliamını həyata keçirdi. Bu gün Xocalı soyqırımı Holokost, Xatın, Serebrenitsa qətliamı kimi dünya ictimaiyyətini kədərə qərq edən soyqırım kimi xatırlanır, bu qırğını törədən hərbi canilər lənətlənir.

Azərbaycanın Xocalıya Ədalət istəyərək verdiyi sülh mesajları isə dünyaya kimin haqlı olduğunu bir daha xatırladır.

Müzəffər Azərbaycan Ordusunun düşməndən azad etdiyi Qarabağ torpaqlarında soyqırımın səbəbkarları bu il də lənətlənəcək. Azad olunmuş Şuşa, Ağdam məscidində Xocalı qurbanlarının ruhuna dualar oxunacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Aprel döyüşlərində, Vətən müharibəsində qazandığı Zəfər şəhidlərimizin qanının yerdə qalmamasını təmin etdi.

Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə Azərbaycan xalqına müraciətində Xocalı soyqırımının qurbanlarını xatırladaraq onların qisasının alındığını bəyan etmişdi: “Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmayıb”-deyə dövlət başçısı “intiqamımızı döyüş meydanında aldıq! Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq”-deyə açıqlamışdı.

Azərbaycan ordusu 44 gün ərzində apardığı müharibədə tarix yazdı, torpaqları işğaldan azad etdi, mənfur düşməndən günahsız insanların intiqamını aldı, qalibiyyət bayrağını Şuşaya taxdı.

Bu gün Azərbaycan bayrağı Xocalı rayonunun azad edilmiş kəndlərində vüqarla dalğalanır.

Bu il Xocalı qurbanlarını ziyarət etməyə gedən xalq o günahsız adamların narahat ruhları qarşısında bu qüssəli tarixin hesabını verə biləcək.

Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır.

Bu yaddaşı daşıyan xalq bu gün yenidən qüvvəsini cəmləşdirərək azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələri və ziyarətgahlarına yeni həyat verir.

A.ABBASOV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Latviya Rusiya vətəndaşlarına viza verməyəcək –

Sonrakı məqalə

“Düşmənin planı tank kolonları ilə Kiyevə hücum etməkdir” –