Çin Dövlət Şurasının keçmiş baş naziri və Çin sədri Si Cinpinin potensial rəqibi Li Keçyan gözlənilmədən 68 yaşında vəfat edib.
Azpost.info xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yazıb.
Agentliyin məlumatına görə, Li Keçyan Şanxayda tətildə olarkən infarkt keçirib. Həkimlər onu xilas etməyə çalışsalar da, o, oktyabrın 27-də gecə vəfat edib.
Li Keçyan 2013-cü ilin martından Çin Dövlət Şurasına rəhbərlik edib və 2018-ci ildə yenidən seçildikdən sonra bu ilin mart ayına kimi vəzifəsini icra edib. Onu ötən ilin payızında hakim partiyanın Siyasi Bürosunun Daimi Komitəsinə təyin edilmiş Li Qan əvəzləyib. Sonuncunun namizədliyi Çin lideri Si Cinpin tərəfindən irəli sürülüb.
Li Keçyan Kommunist Partiyasında ikinci ən nüfuzlu şəxs idi. O, hökumətin başında özünün əsas vəzifəsi kimi sosial-iqtisadi məsələlərin həllini, ölkənin şəhər və kənd əhalisinin gəlir fərqinin azaldılmasını, həmçinin işsizliyə qarşı mübarizəni göstərmişdi.
Azpost.info