“Siyasətçilərimiz və QHT-lər Avropa rəsmilərinə bu mövzuda yaltaqlıq edirlər” –İLQAR MƏMMƏDOV

“Bu gün siyasi və sivil toplum təmsilçilərimiz özlərinin avrointeqrasiya sevgisi və həsrəti haqqında Avropa Birliyi rəsmilərinə danışanda sonuncular söhbətə marağı dərhal itirir. Çünki bu ya həmsöhbətin real siyasətdən uzaq düşdüyündən, ya da yaltaqlığından xəbər verir. Hər iki halda söhbət vaxt itkisidir”.
Azpost.info bildirir ki, bu sözləri REAL partiyasının sədri İlqar Məmmədov Meta-da yazıb.
Onun fikrincə,  20 il əvvəl avrointeqrasiya mövzusu düzgün olaraq ölkəmizdə gündəmə gətirilmişdi. İdeyanın potensialı qiymətləndirilməli idi. Amma sınaq çoxdan qurtarıb və gün kimi aydındır: yaxın onilliklərdə Avropa Birliyinə üzv olmayacağıq.
“Bunun bir neçə səbəbi var. Birinci səbəb Türkiyə ilə ittifaqımızın yeni zirvəyə qalxmasıdır. Fikirləşmək ki, Avropa Birliyinə daxil olub sonra tarixin hansısa nöqtəsində AB`nin Türkiyəyə qarşı mümkün addımlarında iştirak edəcəyik – ağılsızlığın başqa bir növüdür. Azərbaycan Türkiyəsiz Avropa Birliyinə üzv ola bilməz, Türkiyənin üzvlüyü isə ayrı çətinlikdə bir vəzifədir.
Digər səbəbi Gürcüstanın təcrübəsidir. Bu ölkənin hökuməti avrointeqrasiyanı strateji xətt kimi seçdi. 20 il bu yolu getdi, ciddi-ciddi islahatlar həyata keçirdi, amma üzvlüyə namizəd olmaq üçün hələ heç dəvət də ala bilmir. Niyə ala bilməsinin səbəbləri qarışıqdır – geosiyasətdən tutmuş cari siyasi-iqtisadi fikir ayrılıqlarına qədər. Amma fakt faktlığındadır.
Avrointeqrasiya bayrağı altında yürüyən başqa bir ölkəyə – Ukraynaya – az qala 20 il sonra namizədlik statusunu müharibənin vurhavurunda versələr də, ardınca hətta Fransa prezidenti dedi ki, ölkənin üzv olması hələ 20 il də apara bilər, bəlkə də çox.
Türkiyədə 60 il, Gürcüstan və Ukraynada isə 20 il ərzində Avropa Birliyinə üzvlük məramı ilə icra edilən siyasi-iqtisadi islahatların heç yarısını həyata keçirmədiyimizi də nəzərə alın”.
REAL sədrinin sözlərinə görə, başqa səbəblər arasında Avropa Birliyinin təhlükəsizlik strategiyasına Güney Qafqaz ölkələrinin ümumiyyətlə necə yerləşdiriləcəyinin açıq sual kimi qalması da var: “Bununla belə, nəzəri də olsa üzvlüyə doğru bizi apara biləcək bütün islahatları, o cümlədən qanunvericiliyin, iqtisadi və xarici siyasətin Avropa Birliyi ilə mümkün olduğu qədər ahəngləşdirilməsi yolunu getməliyik – insan haqlarına, iqtisadi tərəqqiyə və daimi sülhə xidmət edən qaydada. Amma gəlin Şərqin yaltaq şirindilliyindən əl çəkib bunun adını hələ “avrointeqrasiya” qoymayaq”.
Əvvəlki məqalə

Neft Fondu ötən ay 212 milyon dollar satıb

Sonrakı məqalə

“Müharibə əlili olmuş, sonradan sağalmış şəxslərə də birdəfəlik ödənişlər verilir”