Skandinavların ev istiliyi sirri−35 dərəcədə belə necə üşümürlər?

İsveç, Norveç və Finlandiya kimi Skandinaviya ölkələri sərt qış iqlimi ilə tanınır. Bu regionlarda temperaturun −30, hətta −35 dərəcəyə enməsi adi hal sayılsa da, yerli əhali evlərində maksimum rahatlıq yaşayır. Mütəxəssislər bildirirlər ki, skandinavların üşüməməsinin səbəbi güclü radiatorlar deyil, ağıllı tikinti yanaşması və enerjiyə qənaət fəlsəfəsidir.

AzPost xəbər verir ki, Skandinaviya ölkələrində istilik evin bütün elementlərinə inteqrasiya olunmuş sistem kimi qurulur. Burada əsas prinsip “istini saxlamaq”dır, onu sonsuz enerji hesabına yaratmaq yox.

Çoxqatlı pəncərələr və düzgün işıq balansı
Skandinav evlərində pəncərələrə xüsusi diqqət yetirilir. Əksər hallarda üçqat, bəzən isə dördqat şüşə paketlərdən istifadə olunur. Şüşələr arasındakı boşluq istilik itkisinin qarşısını alan inert qazlarla doldurulur. Maraqlıdır ki, ağır pərdələrdən demək olar ki, istifadə edilmir – bunun əvəzinə istiliyi geri əks etdirən şəffaf termoörtüklər seçilir.

İstilik itirməyən havalandırma
Skandinaviyada pəncərə açaraq havalandırma nadir hallarda edilir. Bunun əvəzinə rekupersiya sistemi tətbiq olunur. Bu mexanizm çıxan isti havanın enerjisini daxil olan təmiz havaya ötürür. Nəticədə otaq havalanır, amma temperatur aşağı düşmür.

“Hüqqe” fəlsəfəsi və lokal istilik
Skandinavlar bütün evi yüksək temperaturda saxlamağa çalışmırlar. Onlar lokal istilik prinsipinə üstünlük verirlər. Yun örtüklər, qalın xalçalar, təbii tekstil və hətta çoxsaylı şamlar otaqda həm komfortlu atmosfer yaradır, həm də temperaturu bir neçə dərəcə yüksəldir.

İstilik nasosları – soyuqdan istilik istehsalı
Regionda istilik nasosları geniş yayılıb. Bu qurğular havadan, torpaqdan və ya sudan istilik enerjisi əldə edir. Bir kilovat elektrik enerjisi hesabına bir neçə kilovat istilik hasil olunur ki, bu da ənənəvi qızdırıcılardan qat-qat səmərəlidir.

Effektiv izolyasiya materialları
Skandinaviya evlərinin divarları, döşəmələri və dam örtükləri yüksək keyfiyyətli izolyasiya materialları ilə qorunur. Mineral yun və penopolistirol həm istilik, həm də səs izolyasiyası baxımından effektiv hesab olunur. Bütün boşluqlar diqqətlə doldurulur ki, istilik itkisi minimuma ensin.

İsti döşəmə – rahatlığın açarı
Skandinavların evdə ayaqyalın gəzməsinin səbəbi isti döşəmə sistemləridir. Ayaqlar isti olduqda, otağın ümumi temperaturu daha aşağı saxlanıla bilər. Bu üsul həm komfortu artırır, həm də istilik xərclərini azaldır.

Sərt tikinti normaları və dövlət dəstəyi
Skandinaviya ölkələrində enerji effektivliyi ilə bağlı ciddi tikinti standartları mövcuddur. Yeni və köhnə evlərin modernləşdirilməsi üçün dövlət tərəfindən subsidiya və qrantlar təqdim olunur. Bu da əhalini enerjiyə qənaətli texnologiyalara təşviq edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.