Smartfonla peşəkar fotolar çəkməyin sadə yolları

Bu gün smartfon kameraları ilə keyfiyyətli və peşəkar səviyyəyə yaxın fotolar çəkmək artıq hər kəs üçün əlçatandır. Bunun üçün bahalı avadanlıqdan daha çox işıqdan düzgün istifadəni, kompozisiya qaydalarını və telefonun imkanlarını bilmək kifayətdir. AzPost xarici sayta istinadla xəbər verir ki, uğurlu kadrların əsas sirri meqapiksel sayında deyil, işıq, rakurs və texniki ayarların düzgün seçilməsindədir.

Mütəxəssislər bildirirlər ki, çəkiliş zamanı işıq əsas rol oynayır. Ən ideal işıq pəncərə yaxınlığında və ya buludlu havada əldə edilən yumşaq təbii işıq hesab olunur. Günün ortasında olan sərt günəş şüaları dərin kölgələr yaratdığı üçün tövsiyə edilmir. Əgər işığa qarşı çəkiliş aparılırsa, HDR rejimindən istifadə etmək və ya ekranda qaranlıq hissəyə toxunaraq ekspozisiyanı tənzimləmək məsləhətdir.

Kompozisiya baxımından “üçdəbir qaydası” xüsusi əhəmiyyət daşıyır. Telefonun kamera ayarlarında tor xəttini aktiv edərək əsas obyektləri xəttlərin üzərində və ya kəsişmə nöqtələrində yerləşdirmək fotoya daha canlı və dinamik görünüş verir. Kadrı tam mərkəzdən çəkmək əvəzinə bu üsuldan istifadə etmək tövsiyə olunur.

Şəkilin keyfiyyəti üçün obyektivin təmizliyi də vacib amildir. Çəkilişdən əvvəl linzanın yumşaq parça ilə silinməsi bulanıqlığın qarşısını alır. Xüsusilə gecə çəkilişlərində telefonun sabit saxlanılması üçün mini-ştativdən və ya möhkəm səthdən istifadə etmək lazımdır.

Əgər smartfonda əl rejimi mövcuddursa, ISO, ekspozisiya müddəti və ağ balansı kimi parametrləri öyrənmək faydalıdır. Yaxşı işıqda ISO-nun aşağı saxlanılması şəkillərdə dənəliliyin qarşısını alır. Hərəkətli obyektlər üçün qısa, gecə çəkilişləri üçün isə uzun ekspozisiya seçilməsi tövsiyə edilir.

Bundan əlavə, RAW formatında çəkiliş sonradan şəkillərin keyfiyyətini itirmədən redaktə olunmasına imkan yaradır. Post-emal mərhələsində kontrastın bir qədər artırılması, kölgə və işıqların balanslaşdırılması kifayət edir. Mütəxəssislər filtrlərdən həddindən artıq istifadə etməməyi məsləhət görürlər.

Sonda qeyd olunur ki, ən yaxşı kamera daim yanınızda olan kameradır. Fərqli bucaqlardan çəkiliş aparmaq, maraqlı fonlar və əkslər tapmaq fotoları daha cəlbedici edir. Əsas olan avtomatik rejimə yox, öz baxışınıza güvənməkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.