Sosial şəbəkədə din xadimlərimizi gözdənsalma prosesini kim aparır?

16 Aprel 2020 - 20:20

Sosial şəbəkələr bu gün dünyada təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də ən müxtəlif maraqların, mövqelərin təbliği üçün bir platformaya çevrilib.

Sosial media ənənəvi KİV-dən fərqli olaraq informasiya yayımında korporativ maraqların təbliği üçün böyük fürsətlər də yaradıb.  Bu gün sosial şəbəkələrdə feyk xəbərlərin, yalan məlumatların və şaiyələrin yayılması dünyanı narahat edən problemə çevrilib. Beynəlxalq müşahidəçilərin fikrincə, sosial media özünün müsbət tərəfləri ilə yanaşı təxribatçıların, terrorçuların fəal yararlandığı bir müstəvi olmaqla dövlətlərdə sabitliyin pozulmasında, dini radikallığın artmasında, etnik zəmində münaqişə toxumlarının əkilməsində öz rolunu oynayır.

Azərbaycanda da belə cəhdlər zaman-zaman özünü büruzə verir. Sosial platforma üzərində milli və ya dini zəmində bilərkdən yazılmış hər hansı status bir sıra hallarda böyük virtual müabahisələrə yön verir, burada fikir bildirənlərin sərt söz savaşları ilə müşaiyət olunur. Nəticədə ölkənin ictimai, din adamları ən müxtəlif şəkildə aşağılanır, süni şəkildə müxtəlif məzhəb mübahisələri, ideoloji təfriqələrə rəvaç verilir.

Azərbaycanda cəmiyyətin sabit durumu bu günkü böhranlı dönəmlərdə ən prioritet amildir. Cəmiyyəti parçalayacaq ən müxtəlif cəhdlərin içində xalqın etimad göstərdiyi, dindar kəsimin rəğbət bəslədiyi dini rəhbərlərə qarşı böhtan və gözdənsalma kampaniyaları  xüsusi yer tutur. Bu baxımdan Azərbaycanda dini və məzhəb qarşıdurmaları salmaq istəyən qüvvələrin Qafqaz Müsəlmanları İdarəsinə, onun sədri Allahşükür Paşazadəyə qarşı olan böhtan kampaniyasının niyyəti məlumdur. Azərbaycan neçə illərdir ki, müharibə şəraitindədir. Qarabağ uğrunda savaşda xalqı birləşdirməyin mühüm detallarından biri məhz din faktorudur. Şeyxülislam müharibənin ən qaynar vaxtında ön cəbhədə olması, ən müxtəlif mötəbər tribunalardan torpaqlarımızın işğaldan azad olunmasını tələb etməsi, vətən uğrunda müqəddəs müharibəyə hazır olmağa çağırış etməsi birmənalı qarşılanmır. Beynəlxalq dairələrdə Azərbaycanı “güzəştlərə” vadar etmək məqsədi qoyanlar üçün ən böyük əngəllərdən biri bu məsələdə cəmiyyətin inanclı kəsiminin mövqeyidir. Şeyxülislam bu mövqeyi dövlətlə birgə nümayiş etdirməsi Qarabağ münaqişəsi ilə bağlı guya cəmiyyətdə “sülh paketi haqqında” müzakirələrin açılmasına imkan vermir. Belə dəstək Qarabağ məsələsində milli həmrəylik nümayişinə çevrilir.

Digər tərəfdən də süni məzhəb münaqişələrinin körkülənməsinə QMİ-nin ciddi müqaviməti  və onun vəhdət mesajları dini-etnik “kart”la oynamaq istəyənlərin arzularını ürəyində qoyur.   Əvəzində gözdənsalma kampaniyaları, böhtan maşını işə düşür. Sosial şəbəkələrdə milli-dini zəmində müxtəlif təhqirlər səsləndirilir. İctimai xadimlərin, dini liderlərin lağ-lağı obyektinə çevrilməsi üçün istifadə olunur.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağının fikrincə, Qarabağ məsələsində dini amil ən vacib məsələlərdən biridir. Onun sözlərinə görə, inanclı insanların hamısı Qarabağın azad olunmasına hazır olan şəxslərdir: “QAT-ın inanclı insanlarla sıx əlaqəsi var. Hər yerdə deyirik: Azərbaycanda bütün ideoloji xətlər birgə Qarabağın azadlığı üçün çalışmalıdır.  O cümlədən hesab edirəm ki,  dinə, din xadimlərinə  qarşı atılan hər bir addım Qarabağın azadlığına qarşı atılan düşmən təxribatıdır”.

QAT sədri vurğulayıb ki, sosial şəbəkə üzərindən QMİ sədrinə qarşı böhtan kampaniyası aparanlar yalançı “dini təəsübkeşlik” altında gizlənirlər: “Allahşükür Paşazadə Azərbaycanın dini rəhbəridir. Ona hörmətlə yanaşılmalıdır. Kimlərsə ona böhtan atır, qərəzli münasibət bəsləyirsə bu qətiyyən yolverilməzdir.  Buna imkan vermək olmaz. Cəmiyyətin ictimai qınağı olmalıdır”.

Akif Nağının fikrincə, parçalanma salan belə “yalançı dini təəssübkeşləri” cəmiyyəti bölür və sabitliyə təhdid yaradırlar: “Azərbaycanda məzhəb davası salanların da niyyəti puçdur. Bizdə bütün məzhəblər bir yerdədir. Diqqətli olmalıyıq. Hər hansı bir təfriqələrə, böhtanlara, ixilaflara yol vermək olmaz”.

QAT sədrinin sözlərinə görə, bu yöndə aparılan proses xaricdən maraqlı qüvvələr tərəfindən idarə olunur: “Ölkə daxilində Qarabağa görə cəmiyyəti parçalamaqda maraqlı olan elə bir qüvvə yoxdur. Qarabağ məsələsində hamı vahid mövqeydən çıxış edir. Pozucu qüvvələr xaricdədir. Oradan idarə edənlərin ölkədə bəzi dəmtutanları var. Bu kampaniya xaricdən idarə olunur və xalqın düşmənlərinin maraqlarına xidmət edir”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da hesab edir ki, milli-dini zəmində münaqişə cəhdləri ölkədə qarşıdurma yaratmaq üçünüdür: “Belə cəhdlər hər zaman olub, davam edir. Xaricdən, daxildən ölkədə bir qarışıqlıq yaratmaq istəyirlər. Bu, təsadüfi deyil: Azərbaycan dünyanın böyük siyasətinin mərkəzlərindən, gepoltik maraqların yürüdlümə məkanlarından biridir”. 

KXCP sədrinin fikrincə, dini rəhbərlərə qarşı hucumlarla, məzhəblərarası təfriqə salmaq cəhdləri nəticə verməyəcək: ”Məzhəb məsələsində heç kim heç nəyə nail ola bilməyəcək.  100 il əvvəl də nail olmayıblar, indi də olmayacaqlar. Azərbaycanda  əsrin əvvələrində müsəlman soyqırımları ona görə törədilirdi ki, məhz sünni-şiə qarşıdurması baş tutmurdu, Pyotrun vəsiyyəti alınmırdı. Buna əl atırdılar. Bizim düşmənimiz nə qədər böyük olsa da ağılmız da olmalıdır”.

M.Mirəlioğlunun sözlərinə görə, QMİ sədri Allahşükür Paşazadəyə və digər ictimai xadimlərə qarşı aparılan gözdənsalma diqqəti problemlərdən yayındırmaq üçündür:

“Bu məsələdə Azərbaycan daxilində kimə qarşı kampaniya aparılırsa, ümumi problemdən diqqəti yayındırmaq üçündür. Bu gün düşmən axtarmaq yox, vahid düşmənə qarşı birləşmək lazımdır”.