Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda vəziyyətin yaxşılaşmasına töhfə verib.
Azpost.info-nun məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
“Cənubi Qafqazda vəziyyət yaxşılaşma tendensiyası nümayiş etdirir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda faktiki sülhün bərqərar olması öz nəticələrini verir”, – deyə Şoyqu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin XIV illik görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, nəqliyyat kommunikasiyalarının açılması da böyük əhəmiyyət daşıyır. Şoyqu qeyd edib ki, bununla bağlı razılaşmalar hələ işçi qrupu çərçivəsində əldə olunub.
Bununla yanaşı, o vurğulayıb ki, bütün logistika layihələri iqtisadi cəhətdən əsaslandırılmalı və özünü doğrultmalıdır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Gürcüstandakı vəziyyətə də toxunub. O iddia edib ki, Gürcüstan hakimiyyəti 2024-cü ildə Qərbyönlü müxalifətin təşəbbüs göstərdiyi dövlət çevrilişinin qarşısını faktiki olaraq alıb və ölkənin milli maraqlarının müdafiəsinə yönəlmiş siyasət yürütməyə başlayıb.
“Bir daha vurğulayıram ki, regional problemlər kənar dövlətlərin müdaxiləsi olmadan siyasi-diplomatik vasitələrlə həll edilməlidir”, – deyə Şoyqu əlavə edib.
