Sponsoru Navalnıya ildə 1 milyon dollar verirmiş- AÇIQLAMA

Həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnının əsas sponsoru, iş adamı Boris Zimin siyasətçinin rəhbəri olduğu Korrupsiya ilə Mübarizə Fonduna və digər strukturlara ayırdığı maliyyəni azaltmağı planlaşdırır.

Azpost.info xəbər verir ki, Zimin bu barədə YouTube kanalına müsahibəsində bildirib.

Biznesmen fonda yarandığı ilk gündən maddi dəstək verdiyini bildirib. O, ilk vaxtlar təşkilata ayda 300 min rubl köçürüb, lakin zaman keçdikcə məbləğ artıb.

Ziminin sözlərinə görə, hazırda o, Navalnının strukturlarına ildə 1 milyon dollar köçürür. “Lakin bu məbləğ tədricən azalacaq”, – sahibkar bildirib. Eyni zamanda o, Navalnını Rusiyanın ən şəffaf siyasətçisi adlandırıb.

Aleksey Navalnı hələ həbs olunmazdan əvvəl Zimin tərəfindən verilən maliyyəni ən böyük gəlir mənbəyi adlandırmışdı. Eyni zamanda müxalifətçinin strukturları Ziminə hüquqi xidmət göstərirdi.

“O, mənimlə qanuni müqavilə bağlayır. Mən həqiqətən bir az iş görürəm, lakin bu, tamhüquqlu müştəri-sifarişçi münasibəti deyil. Bu, tamamən sponsorluq da deyil. Onun bu xidmətlərə o qədər də ehtiyacı yoxdur, sadəcə bizə dəstək olmaq istəyir”, – Navalnı müsahibələrinin birində bildirmişdi.

Bundan başqa, Zimin Navalnının “Noviçok”la zəhərləndikdən sonra Berlinə aparıldığı tibbi reysin, həmçinin  Almaniyanın “Charite” klinikasında müalicəsinin xərclərini ödəyib. Navalnının sözlərinə görə, uçuşun qiyməti 75 min, müalicənin qiyməti isə təxminən 60-70 min avro olub.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov ABŞ Prezidentinin müşaviri Sallivanla görüşdü

Sonrakı məqalə

ABŞ Dövlət Departamenti Kremlə dron hücumunu şərh edib