Məşhur sovet və rusiyalı psixoterapevt Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
Onun ölümü barədə teleaparıcı Andrey Malaxov məlumat verib. Kaşpirovskinin direktoru isə TASS-a açıqlamasında ölüm səbəbinin ürək dayanması olduğunu bildirib.
Anatoli Kaşpirovski 1980-ci illərin sonlarında Sovet İttifaqında geniş şöhrət qazanmışdı. O, televiziya vasitəsilə keçirdiyi kütləvi psixoterapiya və hipnoz seansları ilə milyonlarla tamaşaçının diqqətini çəkmişdi.
Kaşpirovski efirlərdə insanlara müxtəlif xəstəliklərdən müalicə olunduqlarını təlqin edən seanslar keçirir, hətta su qablarının televizor qarşısında saxlanılmasını və həmin suyun “enerji ilə yüklənməsini” təbliğ edirdi.
Onun ən çox müzakirə olunan çıxışlarından biri isə cərrahi əməliyyatlar zamanı xəstələrə uzaqdan təlqin yolu ilə ağrının azaldılması ilə bağlı telekörpülər idi. Bu çıxışlar 1980-ci illərin sonlarında sovet televiziyasının ən çox yadda qalan hadisələrindən birinə çevrilmişdi.
Kaşpirovskinin fəaliyyəti eyni zamanda tibb ictimaiyyətində ciddi mübahisələr doğururdu. Onun metodları elmi əsaslarının olmaması, plasebo effekti və kütləvi psixoloji təsirin mümkün riskləri baxımından tənqid edilirdi. Sonradan onun iştirakı ilə keçirilən televiziya seanslarına məhdudiyyətlər qoyuldu.
Kaşpirovski 11 avqust 1939-cu ildə Ukrayna SSR-də anadan olub. 1962-ci ildə Vinnitsa Tibb İnstitutunu bitirib və uzun müddət psixoterapevt kimi çalışıb.
Onun adı xüsusilə Sovet İttifaqının son illərində yaranan ekstrasenslik, hipnoz və televiziya vasitəsilə “müalicə” fenomeni ilə bağlı yadda qalıb. Kaşpirovski həmin dövrdə stadionları dolduran çıxışlar keçirir və televiziya ekranları qarşısında milyonlarla insanı bir araya gətirirdi.