1991-ci ilin dekabrında SSRİ -nin ləğv edilməsi ciddi qanun pozuntuları ilə baş verib.
AzPost bildirir ki, bu sözləri Rusiyanın keçmiş Baş naziri Sergey Stepaşin “Arqumetı i faktı” qəzetinə verdiyi müsahibəsində deyib.
“SSRİ-nin dağılmasını nəzərdə tutan Belovejsk Sazişlərini imzalamağa Yeltsinə, Kravçuka və Şuşkeviçə heç kim səlahiyyət verməmişdi. Hüquqi baxımdan bu, dəyərsiz bir sənəddir”, – deyə Stepaşin bildirib.
O, RSFSR Ali Sovetinin müqavilələri təsdiqlədiyini və bununla da onları qanuni olması barədə deyilənlərə aydınlıq gətirib: “Konstitusiyaya görə, SSRİ-də ən yüksək səlahiyyətli orqan Xalq Deputatları Qurultayı idi. Belovej Sazişlərini Ali Sovet deyil, o təsdiqləməli idi. Lakin bu baş vermədi”, – deyə Stepaşin xatırladıb.
Eyni zamanda, keçmiş baş nazir etiraf edib ki, Sovet İttifaqının bərpası üçün heç bir hüquqi əsas yoxdur. “Qatar artıq gedib. İttifaqı əvvəlki formasına qaytarmaq mümkün deyil. Üstəlik, onun yerinə MDB artıq yaradılıb”, – deyə Stepaşin yekunlaşdırıb.
SSRİ-nin dağılması haqqında müqavilə RSFSR, Ukrayna və Belarus liderləri tərəfindən 8 dekabr 1991-ci ildə Viskulidə (Belovejskaya Puşça) imzalanıb. 25 dekabr axşamı Sovet Prezidenti Mixail Qorbaçov televiziya ilə xalqa müraciətində istefa verdiyini elan edib. Bundan sonra Moskva Kremlinin üzərində Sovet bayrağı endirilib.