“STRATEJİ ZƏLZƏLƏ” YARADAN 44 GÜN

 Azərbaycan 44 günlük hərbi əməliyyatlarla Cənubi Qafqazın perspektivini dəyişdirdi və Bakını regionun əsas oyunçusuna çevirdi.

2020-ci ilin 27 sentyabrına qədər isə  Qarabağ münaqişəsi 30 illik ağır miras kimi Bakının ictimai-siyasi həyatının bütün məqamlarına hopmuşdu.

Dünyanın aparıcı mərkəzlərinin hər il hazırladığı təhlillərdə Cənubi Qafqazda böyük dövlətlərin maraqlarını təmin edəcək sülhün bağlanması və hazırkı status-kvonun saxlanması istənilirdi. Müharibədən əvvəl hər il dünyanın ən müxtəlif təhqiqat institutlarının hazırladığı belə təhlillərinin əsas motivi Azərbaycanı sülhə məcbur etmə, Ermənistanın hərbi teatrda qalib mövqeyinin qorunmasına və Bakını kompromislər girdabına salmaq niyyətini ifadə edirdi.

ATƏT-in Minsk Qrupunun bu illər ərzində fəaliyyəti isə bu təhlil “mətbəxlərində” hazırlanan “sülh respetlərini” danışıqlar stoluna daşımaq və faydasız müzakirələri təşkil etmək idi. Minsk Qrupu bu 30 ildə Qarabağ münaqişəsinin tarixini və siyasi kökünü, onun Azərbaycan dövlətçiliyinin formalaşmasında oynadığı sütün rolunu anlaya bilmədi.

Ermənistan isə bütün bu bəyanatların və “status müzakirələri”nin geopolitik xülyasında üzərək özünün “strateji əvəzedilməziyinə” əmin idi.

Prezident İlham Əliyevin ilk gündən Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe beynəlxalq güclərin ehtiyatlı və şübhəli baxışları ilə müşayiət olunurdu. Prezident açıq və qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünün heç bir halda pozulmasına yol verməyəcəyini bəyan edirdi. Onun son 17 ildə apardığı danışıqlarda ana xətti bu oldu.

27 sentyabrda cəbhədə açılan top atəşləri “sülh reseptləri”nin şirin arzusunda yatan bu düzəni darmadağın etdi. Azərbaycan Ordusunun bir-birinin arxasınca əldə etdiyi qələbələr son nəticədə 27 il işğal altında qalmış rayonların, Dağlıq Qarabağdakı ərazilərin və ən nəhayət Azərbaycanın mədəni yaddaşı sayılan Şuşanın azad olunması ilə nəticələndi. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibə dünya hərb tarixinə “21-ci əsrin müharibəsi” kimi düşdü, beynəlxalq beyin mərkəzlərinin araşdırma təhlillərinin prioritetinə çevrildi.

Azərbaycan müharibədə nələri əldə etdi?

Ən vacib məqam Azərbaycanın  30 il əvvəlki sərhədlərini bərpa etməsi oldu. SSRİ-nin qanlı mirası kimi bizə ötürülmüş Qarabağ münaqişəsinin başlanması ilə pozulan bu sərhədlər “genişlənən qara dəlik” kimi ölkənin 20 faizinin itirilməsinə səbəb olmuşdu. Kəlbəcər, Qubadlı, Laçın, Cəbrayıl, Zəngilanın işğalı ilə düşmən əlində qalan, Dağlıq Qarabağla Ermənistanın sərbəst əlaqəsini yaradan açıq sərhədimiz ölkənin inzibati xəritəsini tamamlamağa imkan vermirdi. 1991-ci ildə, SSRİ-nin ümumi “evində” oturan respublikamız müstəqilliyini yarımçıq sərhədlərlə bəyan etməyə məcbur olmuşdu.

İndi Laçında, Kəlbəcərdə, Qubadlıda qoyulan Azərbaycan dövlət sərhədinin postları ermənilər üçün “soyuq duş” effektinə çevrilməklə düşmənin xəyal dünyasını dağıdır.

Şuşanın azad edilməsi müharibənin tarixində hamı üçün ən gözlənilməz hadisə oldu. Şuşa bu illər ərzində Azərbaycanın mənəvi həyatında, dünyagörüşündə və münaqişəyə baxışında məhək daşı idi. 1992-ci ilin mayında şəhərin itirilməsi azərbaycanlılarda şok yaratmışdı. Bu işğal xalqın ürəyinə dəyən “mənəvi güllə” idi. Azərbaycan mədəniyyətinin unikal nümayəndələrinin doğulduğu, tariximizin ən parlaq qəhrəmanlıq səhifələrində yer almış Şuşanın düşmən əlində qalması əzab yükünə, mənəvi deformasiyaya çevrilmişdi.

Vətən müharibəsi Azərbaycan vətəndaşlarının vahidiyinin indikatoruna çevrildi. Tarixdə çox nadir rast gəlinən belə birlik dünyanı da heyrətə saldı. Qərbin bəzi dairələrinin 44 günlük müharibədə siyasi qüvvələrin hakimiyyətlə münasibətlərində böhran yaranacağına olan inamı da alt-üst oldu.

Müharibə cəmiyyəti 27 ildən bəri sarmış məğlubiyət sindromunu darmadağın etdi. Bu illərdə TV-lərdən boylanan məzlum insanların ürəyi parça-parça edən görüntüləri, başını itirmiş siyasilərin bağırtıları, məğlubiyyətin dəhşətini duyan, pərakəndə halda kameraya qışqıran, söyən hərbiçilərin, Xocalıda körpə cənazələrinə ağlayanların kadrları məğlubiyyətin qüssəli portretinə çevrilmişdi.

44 günlük müharibə Azərbaycan cəmiyyətini silkələyib ayıltdı. Prezident İlham Əliyevin xalqa müraciətinə göz yaşları ilə baxan xalq hər qələbə xəbərindən sonra öz qüdrətinin şahidinə çevrilirdi. Məğlubiyyət ağrısı yerini qalibiyyət havasına verdi.

Qələbə dövlət üçün çox vacib element olan vətəndaş əminliyini möhkəmləndirdi. Azərbaycan xalqının bütün təbəqələrinin bir nöqtəyə vurması vətənin sabahı üçün görüləcək işlər üçün unikal şans yaradıb.

Qarabağda qalibiyyətli müharibə ölkəmizin beynəlxaq münasibətlərdə yerini möhkəmlətdi, yeni faktorlarını ortaya qoydu. Şərti diqtə edən tərəfə çevrilən Bakı artıq hərbi qarşıdurma kimi mövcudluğunu itirmiş münaqişənin həlli üçün yeni siyasi çağırışlara hazır olan, onun gündəliyini müəyyən edən, formalaşdıran bir dövlətə çevrilib.

Azərbaycanın Müzəffər Ordusu bu müharibənin favoriti olmaqla əsgəri şücaətləri ilə parlaq tarix yazdı. Əsgərimizə güvən, Ali Baş Komandan İlham Əliyevə etimad, orduya inam ölkəmizin siyasi üfüqlərində yeni səhifələr açır.

Müharibə Azərbaycanın dünyada dostlarını da ortaya qoydu və Ermənistan dövlətinin 100 illik siyasi ideyasını darmadağın etdi, “miatsum” məsləkini havaya sovurdu.

Azərbaycan Ermənistanı məğlub etdikdən sonra illərlə Dağlıq Qarabağ münaqişəsinin arxasında gizlənən geopolitik güclərin pərdəsi yırtıldı. Ölkəmizə çox ciddi təhdid yaradan və geostrateji bazarlığa imkan verən müharibə təhlükəsi  daha yoxdur. 44 günlük müharibə ilə Azərbaycanda 1992-cildən 2020-ci ilə qədər mövcud olmuş siyasi-ictimai-mənəvi platforma öz mövcudluğunu itirdi.

Bu 44 günlük müharibənin aparıcı lideri olan prezident İlham Əliyev zəfər möhürünü vuran ali baş komandan kimi tarixə düşdü. Ali baş komandan bununla da pərakəndə halda olan Qarabağ elinin dirilişi, Azərbaycanın tarixi-siyasi -mədəni yaddaşının bərpası və cəmiyyətin gözləntisində olduğu yeni prioritetlər üçün unikal imkan yaratdı.

Bunu həyata keçirmək üçün qarşıda böyük işlər durur…

X. SƏFƏROĞLU

Yazı MEDİA Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə süni qiymət artımı üzərində monitorinq gücləndiriləcək

Sonrakı məqalə

MN:Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub