Sumqayıtda 1988-ci ildə təxribatı kim təşkil etmişdi?

 Sumqayıt hadisələrindən 36 il ötür.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub.

Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnmə cəzasına məhkum edilsə də, şahid ifadələri əsl günahkarın əslində erməni Eduard Qriqoryan olduğunu sübut edir.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas edib.

Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ DTK-nın o vaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib. SSRİ DTK-nın himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni millətindən olan 26 nəfərin qətlini məhz bu dəstələr həyata keçirib.

Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra – fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq həlak olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

Öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını zorlayıb. Lakin erməni təşkilatları bu cür cinayətlər törətmiş E. Qriqoryanı ağır cəzadan qurtara bilib. E. Qriqoryana 12 illik həbs cəzası verilib, lakin o, bir neçə ildən sonra azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub.

Bundan başqa, iğtişaşlara görə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, 94 nəfər barəsində isə cinayət işi açılıb.

Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Onlar Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval ruhiyyəsi yaratmağa çalışırlar.

“Sumqayıt hadisələri” ilə bağlı SSRİ Baş Prokurluğunda cinayət işi açılsa da istintaq birtərəfli və qərəzli aparılıb və nəticədə bu qanlı hadisələrin əsl təşkilatçıları və icraçıları cəzadan yaxa qurtara biliblər.

Şəhərdə baş vermiş hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədova güllələnmə cəzası verilib. Amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edib. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanılıb.

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib.

Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü  inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.

Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib.

Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Hökm 17 ay sonra icra olunub.

Azərbaycan XİN-nin bəyanatında bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında ölkəmizə qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır.

“Ermənistan XİN-ə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi.

Həmçinin qeyd edək ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir”.

XİN bildirib ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb: “Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən Eduard Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.

27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb.

Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib”-deyə XİN-nin bəyanatında vurğulanır.

Sumqayıtdakı təxribatın SSRİ-nin siyasi dairələrində hazırlandığını sovet rəhbərləri sonralar verdikləri açıqlamalarında etiraf ediblər.

1988-1991-cı illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, ideoloji məsələlər üzrə katib  Aleksandr Yakovlev 1992-2005-ci illərdə KİV-lərə verdiyi müsahibələrin toplandığı “Seçilmiş müsahibələr” kitabındakı intervüsündə deyib ki, 1988-ci il Sumqayıt hadisələrini SSRİ, Azərbaycan və Ermənistan Dövlət Təhlükəsizlik Komitələri təşkil etmişdi.

Kitab 2009-cu ildə nəşr olunub.

A.Yakovlev SSRİ-də 1985-ci ildə elan edilmiş Yenidənqurma siyasi xəttinin ideoloji lideri sayılırdı.

A.Yakovlev bu kitabındakı müsahibəsində Sumqayıt hadisələrinin DTK tərəfindən təşkil olunduğunu təsdiqləyib: “Mən o zaman buna əmin idim, indi də buna tam inanıram. Təəssüf ki, Qorbaçovu bunun kortəbii kütləvi iğtişaş deyil, təşkil olunmuş iğtişaş olduğuna inandıra bilmədim. Bu, Qorbaçovu “dişə vurmaq”, “zərb-dəsti”ni yoxlamaq üçün törədilmiş təxribat idi. O zaman mən hadisənin araşdırılması üçün müstəqil komissiyanın və məhkəmənin yaradılmasına israr elədim. Bu məhkəməyə Rusiya, Azərbaycan və Ermənistan DTK-nın buraxılmamasını tələb edirdim”.

Sabiq sovet dövlət xadiminin sözlərinə görə, SSRİ-də həmişi Kommunist partiyası və DTK-nın “ikihakimiyyətliliyi” olub: “Odur ki, hesab edirəm ki, bu baş verən hadisəni həmin cəza orqanları təşkil etmişdilər. Onlar hamıdan əvvəl başa düşdülər ki, hakimiyyət əllərindən çıxır. Anladılar ki, onlar olduqları yerə göndəriləcəklər – dövlət təhlükəsizliyinin qorunmasına”.

Tanınmış jurnalist, 1988-ci ilin fevralındakı Sumqayıt hadisələrinin tədqiqatçısı, “Sumqayıtın sədası” filminin müəllifi Eyruz Məmmədov 36 il əvvəl baş vermiş təxribatla bağlı maraqlı açıqlama verib. E.Məmmədov Dağlıq Qarabağ separatizminin ABŞ-da varlı erməni diasporu tərəfindən maliyyələşdirldiyini bildirib.

Onun sözlərinə görə, bədnam yazıçı Zori Balayan məhz bu məqsəd üçün seçilib: “1982-ci ildə Amerikanın Kaliforniya ştatında yaşayan erməni oliqarxları Dağlıq Qarabağı Azərbaycanın tərkibindən alınıb, Ermənistana qatılmasını Ermənistan rəhbərliyindən tələb etdilər. Həmin vaxt Kaliforniya ştatının qubernatoru əslən erməni olan Dağbeçyan idi. Onlar torpaq iddiasi ilə çıxış etməzdən əvvəl ideoloji silaha əl atmağı qərara aldılar. Böyük təbliğat mexanizmi işə salındı. Bunun üçün xaricdə yaşayan erməni lobbisi Rusiya və Ukraynadan savayı, digər respublikaların birgə illik büdcəsindən xeyli artıq vəsait ayırdılar. Ermənistanda öz qatı millətçiliyi ilə tanınan, türklərə, azərbaycanlılara nifrət edən, sovetlər birliyində ” Литературная газета”-nın Ermənistandakı xüsusi muxbiri olan Zori Balayanın üstündə dayandılar və onu Amerikaya dəvət etdilər”.

E.Məmmədov daha bir fakta aydınlıq gətirib: “Sumqayıtda baş verən hadisələrdə əli qana batmış Eduard Qriqoryan Stavropol vilayətinin Budyonovskk şəhərində olan həbsxanada yatırdı. Biz Sumqayıt jurnalistləri “Sumqayıtın əks-sədası” sənədli filmini çəkmək üçün kalonda onunla görüşəsi olduq. Onu da deyim ki, Qriqoryana qəti-qəti tapşırmışdılar, həbsxanada verilən yeməkdən imtina etsin. Hər ayın 1-də Qriqoryana Kaliforniya ştatından böyük bir bağlama göndərilirdi. Onun 70-80 faizi keyfiyyətli yeməkdən, qalanları isə məişət əşyalarından ibarət idi. Almaniyadan isə ona xüsusi dərman preparatları göndərilirdi. Qriqoryanın vərəmə meyli vardı”.

Jurnalist bildirib ki, Sumqayıtda baş verən hadisələrdə 32 nəfər adam qətlə yetirilib. Onlardan 26 nəfəri erməni, 6 nəfəri isə azərbaycanlı idi: “Qətlə yetirilən ermənilərin siyahını Qriqoryana Ermənistanın eks-prezidenti Serj Sərkisyan 1988-ci ilin fevral ayında Stepanakertdə vermişdi. Öldürülən ermənilər separatçıların gizli “Krunk” cəmiyyətinə üzvülük haqqını verməkdən imtina edənlər idi. Məlumatların hamısının sənədləri var”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib ki, hələ 1983-cü ilin aprelində qondarma “Soyqırımı Günü” keçirən erməni ekstremistləri Zəngibasarda (indiki Masis rayonu) qırğın törətdilər, toy zamanı Qafarovlar ailəsinə hücum etdilər, 4 nəfər öldürdülər, onlarla azərbaycanlını yaraladılar. Ancaq çoxsaylı şikayət və müraciətlərə baxmayaraq, yerli milis və administrasiya bu şikayətlərə heç bir şəkildə reaksiya vermədi. Hətta Sovetlər İttifaqının mərkəzi orqanlarına müraciət olunandan sonra belə cinayət işi açılmadı.

1987-ci ilin oktyabrında, Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən azad edilməsindən sonra isə azərbaycanlıların bütün Ermənistan ərazilərindən kütləvi şəkildə qovulmasına başlanıldı.

1988-ci il 22 fevral tarixində Əsgəran rayonunda iki azərbaycanlı gənc ermənilər tərəfindən qətlə yetirildi. Bu hadisə Azərbaycanda geniş ictimai rezonans doğurmuşdu.

Ermənistandan çox sayda azərbaycanlı əhalinin sıxışdırılması getdikcə artmaqda idi. 1988-ci ilin noyabrında Ermənistanın Quqark rayonunda (indiki Loris vilayəti) qorxunc hadisələr baş verdi. Erməni silahlıları Vartanlı kəndinə hücum etdilər. Orada 13 azərbaycanlı diri-diri yandırıldı, 70-dən çox insan qətlə yetirildi. Azərbaycanlılara qarşı vəhşiliklər Gümrüdə də baş verirdi. Amasiya rayonunun 21 minlik əhalisinin 18 minini azərbaycanlılar təşkil edirdi, onlar da etnik təmizləmə nəticəsində öz torpaqlarından qovuldular.

Bülbüloğlu deyib ki, 1988-ci ilin yanvarında Ermənistandan olan minlərlə azərbaycanlı qaçqın Bakıya axın etməyə başladılar:“Ümumilikdə, təkcə Ermənistan ərazisindən 200 mindən çox azərbaycanlı qovuldu.  Səfir nəzərə çatdırıb ki, gərgin vəziyyətin yarandığı Sumqayıtda hadisələr əvvəllər üç dəfə məhkum olunmuş etnik erməni olan Eduard Qriqoryan tərəfindən təşkil olunub: “O, soyğunlarda, təcavüzlərdə fəal iştirak etmiş, şəxsən 6 ermənini qətlə yetirmişdi. İstintaq zamanı onun günahı tam sübuta yetirilib və o, mühakimə olunaraq həbs cəzası alıb. Sumqayıtdakı iğtişaşlarda onun iki qardaşı da  iştirak edib.

Ermənistanda və Dağlıq Qarabağda 1988-ci ilin fevralında başlanmış separatçı hərəkat bütün SSRİ-də açıq kütləvi nümayişlərin ilk siqnalı oldu. SSRİ Konstitusiysına zidd olaraq ərazi iddialarına qalxan Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq özünə birləşdirilməsini tələb edirdi. Qarabağda etnik zəmində ilk toqquşmalar Ermənistanda yaşayan azərbaycanlıların yaşadıqları dədə-baba torpaqlarından kütləvi köçməsi ilə nəticələndi. Bu milli ədavət ən müxtəlif qrupları SSRİ-də hakimiyyət uğrunda aparılan mübarizənin bir elementinə çevirdi.

1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr dünyada Azərbaycanı nufuzdan salmaq və Qarabağı ələ keçirmək üçün psixoloji və hüquqi arqumentlər yaratmaq üçün idi.

Aydın ABBASOV

Yazı MEDİA-nın dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.