Sürücüləri yoxlamaq üçün piyada manekeni hazırlandı

Avtomobil təhlükəsizliyi sahəsində aparılan yeni tədqiqatlar sürücülərin davranışını daha dəqiq analiz etməyə imkan verəcək.

AzPost xəbər verir ki, Rusiyanın Nijni Novqorod Dövlət Texniki Universitetinin alimləri “canlı ayaqları” olan qeyri-adi piyada manekeni hazırlayıblar.
Məlumata görə, bu yenilik avtomobil istehsalçılarına sürücüyə yardım sistemlərini daha real şəraitdə sınaqdan keçirməyə kömək edəcək. Söhbət fövqəladə əyləcləmə, toqquşma xəbərdarlığı və digər müasir təhlükəsizlik texnologiyalarından gedir. Manekenin hərəkət etməsi avtomobil kameralarının onu statik obyekt kimi deyil, real insan kimi qəbul etməsinə şərait yaradır.

Alimlərin fikrincə, məhz bu xüsusiyyət testlərin etibarlılığını əhəmiyyətli dərəcədə artırır. Belə ki, avtomobilin elektron sistemləri hərəkətsiz əşyalara – hasar, ağac və ya dirəklərə deyil, real piyadaya necə reaksiya verirsə, bu manekenə də eyni şəkildə cavab verəcək.

İxtiranın əsas üstünlüklərindən biri manekenin ayaqlarının real piyada kimi hərəkət etməsidir. Servoötürücülər vasitəsilə mexanizm bir anın içində “qaçış” rejimindən “dayanma” vəziyyətinə keçə bilir. Bu isə qəfil qorxan piyadanın davranışını təqlid edir və avtomobil elektronikası üçün saniyənin hissələri qədər qısa vaxtda qərar vermə zərurəti yaradır.

Tərtibatçılar manekenin təhlükəsizliyini də nəzərə alıblar. Avtomobillə toqquşma zamanı maqnitlə bərkidilmiş ayaqlar asanlıqla qopur. Nəticədə bahalı mexanizm və daxili ötürücü sistem zədələnmir və yenidən istifadəyə hazır qalır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.